Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-929/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdehin vəkili və nümayəndələri X1 və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “ADY Express MMC-yə qarşı “əmrin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin İnzibati işlər və təchizat şəbəsinə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndinə görə əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığ ilə” bəndində qeyd olunan səbəbə görə 3 il müddətinə, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanmışdır.
2. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə sonradan əmək haqqı ilə bağlı üç dəfə dəyişiklik edilmiş, birinci dəyişiklik xx.xx.2022-ci il, ikinci dəyişiklik xx.xx.2023-cü il, üçüncü dəyişikilik isə xx.xx.2023-cü il tarixlərdə sistemə yerləşdirilmişdir. Həmçinin, əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi barədə iddiaçının əmək müqaviləsi bildirişlərində əmək müqaviləsinin müddətli olması qeyd edilmişdir.
3. Cavabdeh tərəfindən aralarında bağlanmış əmək müqaviləsinə əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə, “e-sosal.az” (Vahid Sosial Reyestr) internet saytında elektron kabineti vasitəsilə iddiaçıya xx.xx.2024-cü il tarixdə (saat 17:32:16) xəbərdarlıq göndərilmişdir. Eyni zamanda, eyni məzmunlu xəbərdarlıq iddiaşıya poçt vasitəsi ilə “EMS AZEREXPRESSPOST” poçt kuryeri vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmiş və həmin xəbərdarlıq da xx.xx.2024-cü il tarixdə iddaçıya təqdim edilmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli, 24-AEXP/K-053 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq xitam verilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətli olmasına dair bəndinin etibarsız hesab edilməsi, əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 24-AEXP/K-053 saylı əmrin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və işə bərpa lunduğu günədək məcburi iş biraxma müddəti üçün orta ənək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia çı idda ərizəsində qeyd etmişdir ki, o, 22 sentyabr 2021-cı il tarixdən Cavabdeh MMC-də “İnzibati işlər və təchizat şöbəsinin rəisi” vəzifəsinə təyin olunmaqla işə başlamışdır. Əmək müqaviləsi müddətli olmaqla bir il müddətinə bağlanmışdır. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə dəyişiklik edilərək əmək haqqı artırılmış, bundan sonra müvafiq olaraq əmək müqaviləsinin müddəti bitdikdə əmək müqaviləsinə dəyişiklik edilərək daha bir il müddətinə - 22 sentyabr 2023-cü il tarixinədək uzadılmış, həmin dəyişiklik üzrə müddət bitdikdə isə yenidən əmək müqaviləsinin həmin bəndinə dəyişiklik edilərək əmək müqaviləsinin müddəti daha bir il müddətinə uzadılaraq müqavilənin bitmə müddəti 22 sentyabr 2024-cü il tarixinə müəyyən edilmişdir. Hər il müqavilənin bitmə tarixi yaxınlaşarkən onun əmək müqaviləsi müddətimin bitməsi ona xatırladılaraq işdən çıxarılacağı bildirilir, yekunda növbəti bir il üçün müddət uzadılırdı. Son dəfə sentyabr ayının əvvəllərində onun şəxsinə heç bir aidiyyəti olmayan və işçi-işəgötürən münasibətlərinə sığmayan bəzi münasibətlər zəminində xoşagəlməz söz-söhbətlər yarandı. Həmin xoşagəlməz münasibətlərin iştirakçısı olan şəxslərin münasibətlərini ayırd etmə səylərinin nəticəsi olaraq "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ona işdən getməli olduğu bildirildi. İşdə hər hansı bir nöqsanının olmadığı, əmək funksiyalarını lazımi qaydada yerinə yetirdiyini bildirərək səbəbi ilə maraqlandıqda, ona sadəcə əmək müqaviləsi müddətinin bitmiş olduğu, onunla işləmək niyyətində olmadıqları, heç bir xüsusi səbəbin olmadığı bildirldi. Belə olan halda hüquqlarını məhkəmə qaydasında müdafiə edəcəyini bildirmişdir. Bundan ümumilikdə narahat olsalar da, vəziyyət dəyişmədi. Əmək nüqaviləsini müddəti bitdikdə Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 68-ci naddəsinin 2-ci hissəsini “2b” bəndinə əsasən, əmək müqaviləsinə xitam veriməsi aqqında 24-AEXP/K-053 nömrəli xx.xx.2024-cü il taruxli əmr verildi. Əmək müqaviləsinin müddətli olaraq bağlanması cavabdeh təşkilatda qayda şəklində olmuşdur və bütün əməkdaşların əmək müqavilələri müddətli formada bağlanmışdır. Bu formada əmək müqaviləsinə imza etməyi işə götürülməyi üçün şərt kimi qoyulmuşdur və bu işə götürülməyi üçün yolum olmadığından əmək müqaviləsini müddətli olaraq bağlanmasına imza etmək məcburiyyətində olmuşdur. Beləliklə, onun əmək funksiyalarının müddətsiz olduğunun qabaqcadan bəlli olduğu halda müddətli əmək müqaviləsi bağlanması əmək qanunvericiliyinin tələblərini artıq pozmuşdur. Üstəlik, müqavilənin müddətli bağlanması səbəbinin göstərilməli olduğuna dair şərtə də əmək edilməmişdir. Onun həmin müqaqviləni imzalamağı tərəflərin qarşılıqlı razılığı kimi qiymətləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plemunumum Qərarında göstərildiyi kimi, işçi olaraq müqavilədə daha zəif tərəf olduğundan işəgötürən istifadə edərək, bu formada müqavilənin bağlanmasını işə götürülmə üçün şərt olaraq qoymuşdur. Bu səbəbdən həmin şərti qəbul etmək məcburiyyətində olmuşdur ki, bu da tərəflərin hüquq bərabərliyi tələbinə sığmır. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu şərt yalnız ona deyil, bütün əməkdaşların işə qəbulunda tətbiq edilən şərt olmuşdur və məhkəmə araşdırması ilə bunun müəyyən edilməsi mümkündür. Belə olduğu halda onunla bağlanmış olan əmək müqaviləsinin müddətli olamsına dair hissəsi istinad etdiyi normalara əsasən, qanuni sayılmamalıdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 24-AEXP/K-053 nömrəli əmr ləğv edilməli, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bəndinin tələbləri qanunvericiliyə ziddir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazə yazılı şkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
9. Cavabdehin vəkili və nümayəndələri iddia ərizsinə etiraz edərək rədd edilməsini xahiş etdilər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
10. Maddə 3, hissə 5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə
11. Maddə 42, hissə 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
12. Maddə 43, hissə 1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
13. Maddə 45, hissə 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
14. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
15. Maddə 45, hissə 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
16. Maddə 45, f bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
17. Maddə 46, hissə 5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər.
18. Maddə 68, hissə 2.b. Əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər.
19. Maddə 73, hissə 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
20. Maddə 73, hissə 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Şərti olaraq iddiaçının iddia tələbini iki hissəyə ayırmaq olar: birinci, cavabehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətli olmasına dair hissəinin etibarsız hesab edilməsi və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi; ikinci, xx.xx.2023-cü il tarixli, 24-AEXP/K-053 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş biraxma müddəti üçün orta əmək haqqının tutulması.
27. İddia tələbinin birinci hissəsində qeyd edilən tələbi ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, onunla əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndiinin şərtlərini cavabdeh pozmuş, yəni tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. Əmək müqaviləsi bağlanarkən müqavilənin müddətli bağlanacağı yeganə işə götürülmə forması kimi təqdim edildiyindən başqa çıxış yolu olmadan həmin şərti yazılı imzalamaqla qəbul etmiş olması tərəflərin hüquq bərabəliyi prinsipinə əməl edilməsi şərtinə uyğun deyil.
28. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsində əmək müqaviləsinin müddəti ilə bağlı iki qayda mövcuddur: əmək müqaviləsinin müddətsiz – müddət göstərilmədən və müddətli - əmək müqaviləsində kinkret müddət göstərilməklə bağlanması. Həmçinin, Əmək Məcəlləsində əmək müqaviləsinin müddətsiz və müddətli bağlanmasının şərtləri də göstərilmişdir. Müddətsiz əmək müqaviləsinin bağlanmasının iki halı nəzərdə tutulmuşdur: müddətin göstərilməməsi və müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi. Müddətli əmək müqaviləsinin bağlanmasının da ƏM-də iki halı nzərdə tutulmuşdur. Bu hallardan birincisi ümumi xarakter daşımaqla, əmək funksiyasının yerinə yetirilməsi şərtlərindən asılı olaraq işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallarla əlaqələndirilir. İkinci halın şərtləri isə daha konkret olaraq ƏM-nin 47-ci maddəsində sadalanmışdır onlardan da biri hazırda iddiaçının birinci tələbinin təmini üçün əsas dəlilini təşkil edən 47-ci maddənin f) bəndiidir.
29. Göründüyü kimi, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanmasını qadağan edən hüquqi əsas əmək funksiyasının yerinə yetirilməsi şərtlərindən asılı olaraq işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallarla əlaqələndirilmişdir. Bu hüquqi əsasdan istisna isə Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində nəzərdə tutulmuşdur. Lakin həmin maddə ilə əmək müqaviləsinin bağlanması zaman iki mühüm şərtə əməl etmək tələb edilir. Bunladan biri müddətli əmək müqaviləsinin bağlanması üçün tərəflərin qarşılıqlı razılığının olmasıdır. Bu hüquq əsas həm ƏM-nin 45-ci maddəsinin birinci hissəinin ikinci cümləsində (müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır), həm də 47-ci maddənin f) bəndində göstərilmişdir. ƏM-nin 45-ci maddəsinin məzmununa diqqət yetirdikdə isə aydın olur ki, həmin norma özündə iki hüquqi addımı ehtiva edir: əvvəlcə tərəflər müddətli əmək müqaviləsinin bağlanması, daha sonra isə onun müddəti barədə razılığa gəlirlər.
30. Müddətli əmək müqaviləsinin bağlanması üçün ikinci şərt isə tərəflərin qarşılıqlı razılığı ilə bərabər həm də, onun bağlanması zamanı tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsinin gözlənilməsini nəzərdə tutur. Müddətəli əmək müqaviləsi bağlanan zaman tərəflərin hüquq bərabərliyinin təmin edilməsi meyarlarının nədən ibarət olması Əmək Məcəlləsində gödtərilmmişdir. Ümumi anlamda hüquq bərabərliyi əmək müqaviləsinin bağlanması zamanı tərəflərin bərabər hüquqi vəziyyətdə hərəkət etmələrinə imkan verən eyni şəraitin (hüquqi vəziyyətin) təmin olmasını nəzərdə tutur. Lakin nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bağlanılması prosesində hər iki tərəfin əmək münasibətləri ilə bağlı bir-birlərinə müəyyən ehtiyacları olsa da, işəgötürənlə işçinin hüquqi vəziyyətləri heç də hər zaman eyni vəziyyətdə olmur. Bu hal özünü onda göstərir ki, bəzi hallarda işəgötürən daha çox işçi seçimi imkanına malik olduğu halda, işçinin belə bri seçimi müraciət etdiyi işəgötürəndən başqa olmur. Bu hallarda müddətli əmək müqaviləsinin “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə bağlanmsı” şərti pozulur və işəgötürən daha güclü - diktə edən, işçi isə tabe olan - zəif tərəfə çevrilmiş olur. Lakin bu əlamətlərin az da olsa, detalları tərəflərin əmək münasibətlərində, eləcə də işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində biruzə verə bilər.
31. AR Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Plenum Qərarında qeyd etmişdir ki, ...əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
32. Konkret mübahisəyə gəldikdə, iş materralarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2.3-cü hissəində qeyd edilmişdir ki, bu əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığ ilə (AR Əmək Məcəlləsi)” hissəində qeyd olunan səbəb görə xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi, cavabdeh əmək mqaviləsinin müddətli bağlnması ilə bağlı şərti birbaşa əmək müqaviləsində göstərməklə iddiaçını bu barədə xəbərdar etmiş, iddiaçı da həmin şərtlə razılaşmaqla əmək müqaviləsini imzalamışdır. Məhkəmə qeyd edir ki, ümumi mənada iddiaçının yerinə yetirdiyi işin xarakteri onunla müddətli əmək müqaviləsinin bağlanmasını qadağan etsə də, 2.3-cü hissəin mübahisəli əmək müqaviləsinə daxil edilməsi və iddiaçının da həmin şərtlə razılaşaraq müqaviləni imzalaması göstərilən qadağanı istisna edir.
33. Müddətli əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə bağlanması məsələsinə gəldikdə, iddiaçı iddia ərizəsində qeyd edir ki, müqavilənin müddətli bağlanacağı yeganə işə götürülmə forması kimi ona tədim edildiyində başqa çıxış yolu olmadan həmin şərti yazılı imzalamaqla qəbul etmiş olması tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsi şərtiə uyğun deyil. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, əgər hesab edilsə ki, əmək müqaviləsi bağlanan anda başqa iş olmaması səbibi ilə onun müddətli əmək müqaviləsini bağlamaqdan imtina etməsi seçimi olmamışdır, lakin sonradan iddiaçı cavabdeh Cəmiyyətdə 3 il müddətinə işləmiş, buna baxmayaraq onunla müddətsiz əmək müqaviləsinin bağlanması barədə cavabdehə təklifini bildirməmiş, yaxud bildirmişsə də bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, bu müddət ərzində yəqin ki, iddiaçının imkanı olmuşdur ki, özünə başqa iş tapsın və belə çeçim imkanı əldə edərək əmək müqaviləsinin 2.3-cü hissəinin dəyişdirilməsi ilə cavabdehə müraciət etsin. İşlədiyi müddət ərzində cavabdehə belə bir təklif verməməsi isə iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasına razı olduğunu deməyə bir daha əsas vermiş olur. Məhkəmə qeyd edir ki, 2.3-cü hissəin tərəflər arasında bağlanmış əmək müqaləsinə daxil edilməsi həmin müqavilənin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə bağlanmasının göstəricisi kimi kimi qəbul edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli olmasına hissəin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil.
34. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməklə bağlanması öhdəliyinin cavabdehin üzrərinə qoyulması əmək münasibətli zamanı müqavilə azadlığ prinsipinə ziddir. ƏM-nin 2-ci maddəsinin 3-cü hissəində əmək münasibətlərin tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilməsini nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəinə görə əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Habelə, ƏM-nin 9-cu maddəsi işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, 11-ci maddəsi isə işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq hüquqları kimi nəzərdə tutulmuşdur.
35. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 24-AEXP/K-053 saylı əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş biraxma müddəti üçün orta əmək haqqının tutulması hissəsində də iddia təmin edilə bilməz. ƏMnin 73-cü maddəsinin 1-ci hissəsində müddətli əmək müqaviləsinin müddəti xitam verilməsinin yalnız bir əsası nəzərdə tutulmuşdur ki, o da müqavilədə göstərilən müddətin bitməsidir. Qanun müddəli əmək müqaviləsinin davam etdirilməsi hüququnu tərəflərə aid etmişdir. ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsindən görünür ki, əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri əmək müqaviləsinə xitam vermək istəyirsə bu barədə digər tərəfi yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Göründüyü kimi, müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı qanun iki vacib şərtin olmasını tələ edir: 1) müqavilənin davam etdirilməməsi barədə xəbərdarlığın müddətin sonuna azı bir həftə qalmış edilməsi; 2) xəbərdarlığın digər tərəfə yazılı formada və göstərilən vasitələrlə çatdırılması.
36. İş materialları ilə müəyyən edilir ki, cavabdeh müddətin bitməsinə (əmək müqaviləsinin son müddəti xx.xx.2024-cü il olmuşdur) 10 gün qalmış, yəni xx.xx.2024-cü il, saat 17:26:20-də onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə xəbərdarlıq iddiaçının “e-sosal.az” (Vahid Sosial Reyestr) internet saytında yaradılmış elektron kabinetində qeydə alınmış və həmin xəbərdarlıq xx.xx.2024cü il, saat 17:32:16-da isə iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi üçün qanunla müəyyən edilmiş tələblər cavabdeh tərəfindən gözlənilmişdir.
37. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiası iddia əsassız olduğindan təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı