Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9420/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Guseinov Gasan xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuşdur. 1998-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2021-ci ildə Rusiya Federasiyasından birdəfəlik yaşamaq üçün Bakı şəhərinə qayıtmışdır. Hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 21, mənzil 9-da mülkiyyətində olan mənzildə ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı və uşaqları Azərbaycan Respublikası vətəndaşıdırlar. Uzun illərdir ki, Azərbaycanda ailəsi ilə birlikdə yaşamağı nəzərə alınaraq onun Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2, ərizəyə etiraz təqdim edərək edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Rspublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə, Azərbaycan Respubikasında daimi yaşaması faktının müəyyən edilməsi zamanı məhkəmə qeyd olunan halların müəyyən edilməsinə eyni icraatda baxmalıdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyin müəyyən etdiyi normalara cavab vermir. Belə ki, şəxs vətəndaşsızlıq halında olmamış və xx.xx.2025-ci il tarixədək aktiv Rusiya Federasiyası pasportuna malikdir, eyni zamanda sərhədkeçmə sənədindən görünür ki, o, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə giriş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarı: 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. 12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 75 ******* nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, xx.xx.1962-ci ildə Azərbaycan SSR-də anadan olmuş X3 Federasiyasının vətəndaşıdır. İş materiallarında olan MYİ seriyalı 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün İcazə Vəsiqəsindən görünür ki, Rusiya Federasiyası vətəndaşı olan Guseinov Gasana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi xx.xx.2021-ci ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsini yalnız Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına köməklik göstərilməsi məqsədi ilə əsaslandırmış, ərizədə həmin faktın ərizəçiyə digər hər hansı məqsəd üçün lazım olduğu qeyd edilməmişdir. Lakin, Guseinov Gasanın xüsusi icraat qaydasında ərizəsinə nəinki, onun doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməmiş, əksinə iş materialları ilə müəyyən edilmişdir ki, X4 Federasiyasının vətəndaşıdır. Ərizəçi özü də ərizəsində heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının deyil, yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının təsdiq edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Guseinov Gasanın xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
Ərizəçi Guseinov Gasanın xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən “MilliÖn elektron ödəmə” sistemi vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ərizəçi Guseynov Gasana qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Leyla Şövkətli-Mənsimli