Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9453/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “internet paketinə 18 manat aylıq ödəniş ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə -qarşı Citynet internet paketinə 18 manat aylıq ödəniş ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2024-cü il tarixli abunəçinin qeydiyyat forması (müqavilə) bağlanaraq aylıq 18 manatlıq tarif paketindən istifadə etmişdir. Cavabdeh bağlanan müqavilə şərtlərini kobud şəkildə pozaraq 18 manat tarif paketə aylıq 25 manat etmişdir. Aylıq və paketə dəyişiklik edilən kimi dərhal dəfələrlə cavabdehə ərizə yazıb müraciət etmişdir. Bir neçə məktubu geri qayıtmağına baxmayaraq, xx.xx.2024-cü il tarixdə Citynetə müraciət etməyinə baxmayaraq, hələ də cavabdehdən rəsmi bir cavab verilməmişdir. İddiaçı bildirir ki, cavabdehə müraciət edərək bildirmişdir abonentlə bağlanan müqavilə şərtlərini kobud pozduğundan və onun şəhid övladı olmasını nəzərə alaraq tarif aylıq ödənişini əvvəlki ödənişlə əvəz olunmasını xahiş edərək, qeyd etmişdir ki, müqavilənin maddə 4.3.4 bağlanan müqavilə iki tərəfdə razılıq əsasında bağlanılan və hər hansı bir dəyişiklik olduqda mütləq şəkildə abonent edilən dəyişiklik barədə dərhal məktub və ya elektron poçt vasitəsi ilə xəbərdar olunmadan müqavilədə qeyd olunan maddə 1.2 və 3.1 və 4.3.4-cü maddələri və şəhid övladlığını nəzərə alaraq cavabdehə müraciət etmək və rəsmi müraciəti həllini tapmadığı üçün iddiaçı məcbur qalaraq Azərbaycan Respublikasının Konstitusiyasının 7 və 12-ci maddələrini rəhbər tutaraq məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehlə xx.xx.2024-cü il tarixli abunəçinin qeydiyyat forması (müqavilə) bağlanaraq aylıq 18 manatlıq tarif paketindən istifadə etmiş, cavabdeh bağlanan müqavilə şərtlərini kobud şəkildə pozaraq 18 manat tarif paketə aylıq 25 manat etmişdir. Aylıq və paketə dəyişiklik edilən kimi dərhal dəfələrlə cavabdehə ərizə yazıb müraciət etmiş, lakin ona rəsmi heç bir cavab verilməmişdir, qeyd etdikləri internetin sürətinin və keyfiyyətinin artırılması optik internet xidmətlərinin sürətinin 2 dəfə artırılaraq 100 Mbps-ə çatdırılması qeyri-realdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli abunə müqaviləsinə əsasən cavabdehə internet xidmətlərinin göstərilməsi təmin edilmiş, iddiaçı isə aylıq 18 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Respublikada internetin sürətinin və keyfiyyətinin artırılması məqsədilə tərəflərindən optik internet xidmətlərinin sürəti 2 dəfə artırılaraq 100 Mbps-ə çatdırılmış və xidmətin qiyməti 25 manat müəyyən olunmuşdur. Bu barədə Azərbaycan Respublikası ərazisində əldə oluna bilən kütləvi informasiya vasitələrində və Cavabdeh MMC-nin www.citynet.az rəsmi internet səhifəsində elan yerləşdirilərək xx.xx.2024-cü il tarixindən etibarən tətbiq olunmaqla yenilənmiş internet xidmətinin tarifi barədə məlumat verilmişdir. Abunə müqaviləsinin şərtlərinə əsasən, operator tərəfindən kütləvi informasiya vasitələrində və www.citynet.az rəsmi internet səhifəsində məlumat yerləşdirildiyi tarixindən 5 təqvim günü ərzində abunəçi tərəfindən müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş təqdim edilmədiyi təqdirdə müvafiq dəyişikliklər qəbul edilmiş hesab edilir. İddiaçı tərəfindən bu cür bildiriş daxil olmadığı üçün aylıq 25 manatlıq tarif tətbiq edilməyə başlanılmışdır. Göründüyü kimi iddiaçıya tarif dəyişikliyi barədə rəsmi internet səhifədə məlumat verilmiş, lakin iddiaçı buna heç bir yazılı etiraz bildirmədiyi və müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş təqdim edilmədiyi üçün aylıq 25 manatlıq tarif tətbiq edilməyə başlanılmışdır. İddiaçının bu cür yazılı bildiriş verməməsi, 25 manatlıq tarifin tətbiq edilməsinə razı olmasına əsasdır. Bütün bunların nəzərə alınaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı "aylıq internet paketinin 18 manat müəyyən edilməsi" barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********3 nömrəli abunəçinin qeydiyyat formasına əlavə olunmuş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsinin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Cavabdeh MMC abunəçiyə müqavilədə razılaşdırılmış xidmətlərin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Qeyd olunan müqavilənin 11.3-cü bəndindən görünür ki, bu müqaviləyə hər hansı dəyişiklik etmək məqsədi ilə Cavabdeh dəyişikliklərin mahiyyətini əks etdirən məlumatı Azərbaycan Respublikası ərazisində əldə oluna bilən kütləvi informasiya vasitəsi ilə yayımlıya və ya www.citynet.az ünvanlı rəsmi internet səhifəsində yerləşdirə və ya belə dəyişikliklər barədə abunəçiyə yazılı bildiriş və ya digər üsullar ( SMS, faks, elektron poçt və digər üsullar) vasitəsi ilə məlumat verə bilər, müqaviləyə dəyişikliklər edilməsi barədə məlumatın kütləvi informasiya vasitəsi ilə yayımlanması və ya www.citynet.az ünvanlı rəsmi internet səhifəsində yerləşdirilməsi və ya abunəçiyə birbaşa məlumat verilməsi tarixindən etibarən 5 (beş) təqvim günü ərzində abunəçi tərəfindən Cavabdeh-ə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş təqdim olunmadığı təqdirdə, dəyişikliklər abunəçi tərəfindən qəbul edilmiş hesab edilir və Cavabdeh tərəfindən tətbiq edilir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “CityNet”-ə 25 manat ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən “CityNet”-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, onun adına olan internet paketini müqavilə bağladığı 18 manatlıq intenet paketinə bərpa edilməsini xahiş etmiş, əks halda tərəfindən məhkəmə müraciət olunacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş www.citynet.az ünvanlı rəsmi internet səhifəsindən əldə olunmuş xx.xx.2024-cü il tarixli elandan görünür ki, Cavabdeh MMC –nin müştərilərinə bildirilmişdir ki, Fiber optik intenetdən yararlanan abunəçilərin internet surəti 100 Mb/s- ə qədər artırılacaq, fiziki şəxslər üçün internet paketinin qiyməti 25 azn, “İnternet+TV” paketinin qiyməti 31 azn, “İnternet + TV+ Telefon” xidmətinin qiyməti isə 33 azn təşkil edəcək, hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30 azn, 150 Mb/s internet paketinin qiyməti 36 azn, 250 Mb/s internet paketinin qiyməti 44 azn olacaq. Tariflər xx.xx.2024-cü il tarixdən etibarlıdır, dəyişikliklər sosialyönümlü və güzəştli paketlərə şamil edilmir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun4.2-ci maddəsinə əsasən, Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur. Həmin Qanunun 29-cu maddəsinə əsasən, internet telekommunikasiya xidməti beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir. Həmin Qanunun 31.7-ci maddəsinə əsasən, operatorlar, provayderlər tərəfindən təmin edilən universal telekommunikasiya xidmətləri üzrə tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında bağlanan müqavilə əsasında tənzimlənir. Həmin Qanunun 32.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək operatorların hüququdur. Həmin Qanunun 34.2.4-cü maddəsinə əsasən, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixli, **********3 nömrəli abunəçinin qeydiyyat formasına əlavə olunmuş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış abunə müqaviləsindən görünür ki, Cavabdeh MMC abunəçiyə müqavilədə razılaşdırılmış xidmətlərin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndindən görünür ki, bu müqaviləyə hər hansı dəyişiklik etmək məqsədi ilə Cavabdeh dəyişikliklərin mahiyyətini əks etdirən məlumatı Azərbaycan Respublikası ərazisində əldə oluna bilən kütləvi informasiya vasitəsi ilə yayımlıya və ya www.citynet.az ünvanlı rəsmi internet səhifəsində yerləşdirə və ya belə dəyişikliklər barədə abunəçiyə yazılı bildiriş və ya digər üsullar (SMS, faks, elektron poçt və digər üsullar) vasitəsi ilə məlumat verə bilər, müqaviləyə dəyişikliklər edilməsi barədə məlumatın kütləvi informasiya vasitəsi ilə yayımlanması və ya www.citynet.az ünvanlı rəsmi internet səhifəsində yerləşdirilməsi və ya abunəçiyə birbaşa məlumat verilməsi tarixindən etibarən 5 (beş) təqvim günü ərzində abunəçi tərəfindən Cavabdeh ə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş təqdim olunmadığı təqdirdə, dəyişikliklər abunəçi tərəfindən qəbul edilmiş hesab edilir və Cavabdeh tərəfindən tətbiq edilir. Belə ki, www.citynet.az ünvanlı rəsmi internet səhifəsindən əldə olunmuş xx.xx.2024cü il tarixli elandan görünür ki, tariflərin dəyişməsi ilə bağlı məlumat yerləşdirilmiş, lakin iddiaçı tərəfindən 5 (beş) təqvim günü ərzində Cavabdeh MMC-yə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş təqdim olunmadığından, dəyişikliklər abunəçi tərəfindən qəbul edilmiş hesab edilərək, cavabdeh tərəfindən tətbiq edilmişdir. Həmçinin xx.xx.2024cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “CityNet”-ə 25 manat ödəniş olunmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.4-cü maddəsinə əsasən, operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçinin vəzifəsidir. Odur ki, sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “Citynet internet paketinə 18 manat aylıq ödəniş ödənilməsi” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-9453/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9453/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver