Məhkəmə qərarları › İş №2(011)-956/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-956/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-956/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X15 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X5 tərəfindən daşınmaz əmlakın alqısatqısına dair 07 avqust 2020-ci il tarixində bağlanmış AN-1№0861331 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2, mənzil 85-ə sahiblik və istifadə hüququnun təmin olunması, cavabdehlər - İddiaçı, X6 və X8 həmin mənzildən sahiblik və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 05.04.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı, X6 və X8 ünvan 2, mənzil 85-dən istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ilkin iddiaçının arqumentləri əsassız olmaqla həqiqəti əks etdirmir, belə ki, ünvan 1 ünvanında yerləşən 85 nömrəli mənzil mülkiyyət hüququ ilə ona məxsusdur, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli 17.08.2020-ci il tarixli çıxarış verilmişdir, cavabdeh İddiaçı Daşınmaz Əmlakın AN-İ ******* nömrəli 07.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə görə, 07.10.2020-ci il tarixədək ünvan 1 ünvanında yerləşən 85 nömrəli mənzili onun faktiki sahibliyinə verməli, həmin mənzildə qeydiyyatda olan X6 və formal qeydiyyatda olan X8 qeydiyyatdan çıxarılmasını təmin etməli idi, müqaviləyə uyğun olaraq, satıcı alıcıya başqa şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürür, lakin buna baxmayaraq, bu günə kimi cavabdehlər mənzili təhvil vermək və qeydiyyatda olan şəxsləri çıxarmaq barədə öhdəliklərini yerinə yetirməmiş, mülkiyyətçisi olduğu əmlaka istifadə və sahiblik hüququnun həyata keçirilməsinə mane olmuşdur, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq mənzildən sahiblik və istifadə hüquqlarını pozmaqda davam edirlər. Sonda Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili R.M.Hümbətov Cavabdeh izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ilkin iddiaçının arqumentləri tamamilə əsassızdır, ünvan 2 ünvanında yerləşən 85 saylı, ümumi sahəsi 75,15 kv.m., yaşayış sahəsi 48,05 kv/m., yardımçı sahəsi 27,1 kv/m. olan 4 otaqlı mənzil 17.08.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir, X.E.Abdullayev evin keçmiş mülkiyyətçisidir, oğlu İ.İddiaçı və ailəsi isə evin sakinləridir. Mənzili alarkən satıcı, özünün və həmin mənzildə qeydiyyatda olan digər şəxslərin müqavilədə qeyd olunmuş tarixədək qeydiyyatdan çıxaraq mübahisəli mənzilin boşaldılmasına dair öhdəlik götürsə də, hələ də öhdəliklərini icra etməyərək sözügedən evdən pasport qeydiyyatından çıxmamışdır, Cavabdeh xüsusi mülkiyyətində olan mənzili boşaltmalarını və qeydiyyatdan çıxmalarını tələb etsə də, onlar bu tələbə məhəl qoymamışlar, bu səbəbdən Cavabdeh mülkiyyət hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir, ona məxsus mənzildən istifadə və sahiblik, həmçinin barəsində sərəncam vermək hüququ ciddi şəkildə məhdudlaşmışdır. Sonda R.M.Hümbətov ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlin iddia tələbi üzrə iddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri və ya bunun mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 05.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X.E.Abdullayev ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, Cavabdeh ilə arasında razılıq əldə olunmasını istəyir, ona satışdan əldə etdiyi məbləği, yəni 100 min manatın geri qaytarılmasına razıdır, bu pul onlar tərəfindən digər ehtiyaclar üçün xərclənsə də, qısa müddət ərzində onu toplaya bilər, çünki satılası avtomobili vardır, qalan 10 min manat məbləğin də indi yox, yaxın 2 həftə ərzində ödənilməsini təklif edir, hazırda 100 min manat nağd şəkildə yoxdur, kart hesabında olduğundan iclas yaxın vaxta təxirə salınarsa, o, bütün məbləği ödəyər və qarşılıqlı razılıq əldə olunar. Sonda X.E.Abdullayev izahatında qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X.E.Abdullayev, Cavabdeh və onun nümayəndəsi və vəkili R.M.Hümbətov 05.04.2020-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, barışıq sazişi əldə etmək üçün məhkəmənin 14 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs olan Bakı şəhəri, 52 saylı Notariat Ofisinin Notariusu X17 Rayon Məhkəməsinə 17.12.2020-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq, əqdin ləğv edilməsi üçün hüquqi əsasın olmadığını, iddiaçı X.E.Abdullayevin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını və iş yükünün çoxluğu ilə əlaqədar keçiriləcək iclaslara onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X.E.Abdullayev və Cavabdeh arasında bağlanmış, 07.08.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 2, 85 saylı mənzilini alıcı Cavabdeh mülkiyyətinə verir, Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən mənzili alıcının faktiki sahibliyinə verməyi, həmin müqavilənin 13-cü maddəsinə əsasən, satıcı 07.10.2020-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 3721745№-li arayışdan görünür ki, X6, X11, X7 və X9 ünvan 2, 85 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli 17.08.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2, 85 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh oğluna məxsusdur. İş materiallarında olan 07.08.2020-ci il tarixli, satıcı X.E.Abdullayev və alıcı Cavabdeh tərəfindən Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X2 ünvanlanmış ərizənin surətindən görünür ki, tərəflər ünvan 2, 85 saylı mənzilin satılması, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsi və bununla əlaqədar bank xərclərinin ödənilməsinin “alıcı”nın üzərinə qoyulması barədə razılığa gəlmişlər. İş materiallarında olan “elektron notariat” X1 07.08.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, X11 ünvan 2, 85 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan, X11 tərəfindən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, R.S.Əliyev qeydiyyatda olduğu Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 23a, 85 saylı mənzilin istənilən vaxt özgəninkiləşdirilməsinə, satılmasına, ipotekaya (girov) qoyulmasına, bağışlanmasına və ya dəyişdirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, 85 saylı mənzilin qeydiyyatı 12.07.2013-cü il tarixində tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmiləşdirilmişdir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 282 nömrəli reyestr kitabının 27048 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş, BB seriyalı, 458102 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, ünvan 2, 85 saylı mənzil Cavabdeh tərəfindən sığortalanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, iş üzrə tərəf olan İlham Abdullayev həmin mənzildə qeydiyyatdadır və hazırda da orada yaşayır, Ramin Əliyev mənzilə qeydiyyatı olsa da orada yaşamır və qeydiyyat formal xarakterlidir, İddiaçı mənzilin əvvəlki mülkiyyətçisidir, qeyd edilənlər işin mübahisəsiz halları kimi müəyyən olunur, mübahisəli mənzilin alqısatqısı etibarnamə əsasında İddiaçı adından onun oğlu İlham Abdullayev tərəfindən həyata keçirilmişdir. Bununla belə, mübahisəli mənzilin alqı-satqısı barədə müqavilənin etibarsızlığına əsas verən hallar, həmçinin İddiaçı, İ.Abdullayev və R.Əliyevin həmin mənzilə istifadə hüququnun itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddia tələbinə münasibətdə hesab edir ki, bu tələbin əsaslandırıldığı hallar iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən mübahisələndirilən əqdin etibarsızlığına əsas verən, o cümlədən əqdin bağlanılmasına məcburetmə halları, yaxud vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına əsas verən, həmçinin müqavilənin forma tələbləri ilə bağlı tərəflər arasında başqa razılaşmanın olması halları barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə ilkin iddia tələbi üzrə həmçinin qeyd edir ki, mülki qanunvericiliyə əsasən, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər, maraqlı şəxs tərəfindən əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə, Cavabdeh qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, mübahisəli mənzil Cavabdeh adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından və həmin mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi rədd olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmalı, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 10 manat İddiaçı alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı, X3 və X8 ünvan 2, 85 saylı mənzilə istifadə hüququna xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 10 (on) manat İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar