Məhkəmə qərarları › İş №2(011)-958/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-958/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-958/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 beş faizlə 63.000 manat məbləğində borc almışdır. Əvəzində isə cavabdeh iddiaçıdan evini girov qoymağını tələb etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixində 50 saylı Notariat kontorunda alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilini Cavabdeh1 satmışdır. Tərəflər razılığa gəlmişdir ki, evin pulunu ödədikdən sonra alğı-satqı müqaviləsi ləvğ ediləcəkdir. İddiaçı cavabdehə 71.300 manat məbləğində vəsait ödəmişdir. Həmin vəsaitin 21,300 manatı əsas borca, 50,000 manatı isə faizə hesablanmışdır. Buna baxmayaraq cavabdeh İddiaçı evdən çıxarılması üçün məhkəməyə vermişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili X2 iddiaçının məhkəmə iclasında gəlmədiyinə baxmayaraq işin mahiyyəti üzrə baxılmasını tələb etdi. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat kontorunda AN-seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilən müqavilə aşağıda göstərilən şərtlərlə bağlanılmışdır: - Satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,17 kv/m yaşayış sahəsi 47,32 kv/m olan mənzilin tam hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verir; - Alıcı Cavabdeh1 satıcı İddiaçı satılan hissəni 63000 manat qiymətinə aldı; - Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir; - Müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan. Sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mübahisəli alğı-satqı müqaviləsindən göründüyü kimi, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar