Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-96/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbi və iddiaçı tərəfin dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 72900 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçı müdafiə etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.. İddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədən cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Qeyd edilən dövrdə onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan məbləğin müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış 115831,63 manat məbləğində borcun qalıq qalması müəyyən edilmişdir. Dövriyyə vərəqəsindən görünür ki, borclunun bu günə kimi yekun borcu ödənilməmişdir. İddiaçı "xxxx" MMC tərəfindən dəfələrlə cavabdeh A.Niyazo şifahi və rəsmi pretenziya qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan borc qalığın ödənilməsi tələn olunmasına baxmayaraq, Cavabdeh bu günə kimi heç bir ödənişi həyata keçirtməmişdir. Cavabdehin iddiaya dair etirazı: Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, malları anbardan alıb, şəbəkələrə çatdırmışdır, pul görməmişdir. Pulu özləri hesab faktura ilə köçürdüblər. İşin halları: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində Əmək müqaviləsi bağlanılmış və Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfdə ödəməyi öhdəsinə götürürlər. İddiaçı MMC tərəfindən təqdim edilmiş sürücü-ekspeditorun Vəzifə təlimatında əsasən: - sürücü-ekspeditor tapşırılan rutlar üzrə məhsulların satışını təmin edir, rutdan kənar zərurət yarandığı halda bölgə menecerinə xəbər etməlidir; - təyin edilmiş satış planının icrasına görə öhdəlik alır və cavabdehlik daşıyır; - satış qaimələrini maksimunm 2 gün ərzində operatorlara təhvil verir; - satışla, ödənişlə, digər məsələlərlə bağlı yaranan problemləri dərhal bölgə müdirlərinə bildirməlidir; - rüblük debitor borcları üzləşdirilməsi aparmalı və təsdiq etməlidir; - satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə hesabatları hazırlayıb mütəmadi bölgə müdirlərinə təqdim etməlidir; - cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada cəmiyyət qarşısında məsuliyyət daşıyır; - sürücü-ekspeditorun təqsiri üzündən cəmiyyətə və ya rəhbərliyinə vurulmuş hər hansı maddi və ya mənəvi ziyan onun tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyi və cəmiyyətin normativ sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir və o, müəyyən olunmuş qaydada şirkət qarşısında məsuliyyət daşıyır; - şirkətdən satış üçün aldığı məhsulun ödənişinə görə tam maddi məsuliyyət daşıyır. Tərəflər arasında xx.xx.2020-ci il tarixində Tam maddi məsuliyyət haqqında Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən: - “işçi” “şirkətə” vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır; - işçinin təqsirinə görə ona həvalə edilmiş vəzifələr yerinə yetirilməzsə, şirkətə vurulmuş zərərin miqdarı və onun əvəzinin ödənilməsi qüvvədə olan qanunvericiliyə əsasən həyata keçirilir; - işçinin günahı üzündən şirkətə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun tam məbləğdə ödənilməsi işçi tərəfindən həyata keçirilir. 31 mart 2021-ci il tarixində Cavabdeh və cəmiyyəti təmsil edən şəxslər tərəfindən imzalanmış qarşılıqlı üzləşmə aktından Cavabdeh xx.xx.2021-ci il tarixinə debet borcunun 115831,63 manat təşkil edir. Aktın arxasında Cavabdeh tərəfindən aparılmış qeydə göstərilmişdir ki, 15035,54 manat məbləği onun OBA marketlər şəbəkəsi üzrə sürücü işlədiyi dövrün borcudur, bu məbləğin ona aidiyyəti olmadığına görə borc azaldılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir.
Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.[132] 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına istinadən qeyd edir ki, hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən edilmiş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində müəyyən edilmiş şərtlərin eyni zamanda mövcud olması zəruridir. İşəgötürənin və işinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. Məhkəmə ilk öncə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində imzalanmış borcun etirafı haqqında mücərrəd müqaviləyə qiymət verərək belə qənaətə gəlir ki, işçi tərəfindən işəgötürənə vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, qeyd edilən etirafedici sənədin tərəflər arasında olan münasibətlər müstəvisində hüquqi qüvvəsi yoxdur. Həmin sənəd məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən ziyanın vurulmasını təsdiq edən sənəd olaraq Cavabdeh müştərilərlə hesablaşma cədvəli təqdim edilmişdir ki, həmin cədvəldə qalıq məbləğinin, yəni 90954,82 manat məbləğin cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan məbləği olduğu iddia edilir. Məhkəmə qeyd edir ki, məhkəmə prosesi zamanı iddiaçı tərəf özü məhkəməyə ərizə ilə müraciət edərək, həmin məbləğin əslində 90954 manat deyil, 72160 manat olduğu qeyd etmiş, bununla bağlı yeni cədvəl və iddianın həcminin azaldılması ilə bağlı ərizə təqdim edilmişdir. Bu hal ona dəlalət edir ki, qeyd edilən cədvəldə iddiaçı tərəf istənilən zaman əlavə məlumatlar əlavə edərək və ya hər hansı məlumatları oradan çıxararaq düzəliş edə bilər. Belə olan halda, məhkəmə qeyd edilən sənədi mötəbər sübut olaraq qəbul etməmiş, və məhkəmə tərəfindən iddiaçıya vurulmuş maddi zərərin faktiki məbləğini müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. Audit hesabatının təqdim edilməsinə dair ekspert vəsatətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasından mütəxəssis cəlb edilmişdir. Lakin İddiaçı MMC tərəfindən auditin aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə audit yoxlamasının aparılması mümkün olmamış, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı MMC ona faktiki olaraq 72160 manat məbləğində ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərlə yanaşı mülki işin məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" MMC tərəfindən vurulan ziyanın ödənilməsini təmin etmək məqsədi ilə aparılan araşdırmaların sənədləri ilə tanış etməsi, ondan bununla bağlı izahatların alınması, yoxlamanın nəticələri ilə tanış etməsi müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "Zəhmət Ruzi” MMC Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 72900 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Zəhmət Ruzi” MMC Cavabdeh qarşı cavabdehdən maddi zərərə görə 72900 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova