Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-97/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M üə y yə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə 1/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh1 və 4/6 hissə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin naturada bölünməsi və əgər naturada bölünmə mümkün olmadıqda həmin mənzilin açıq hərracdan satılması, əldə edilmiş pul məbləğinin onun və cavabdehlər arasında paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ümumi torpaq sahəsi 81,42 kv.m ibarət ünvan 1 ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə İddiaçı (yəni iddiaçıya), 1/6 hissədə Cavabdeh1 və 4/6 hissədə Cavabdeh2 məxsusdur. Həmin mənzilin xüsusi mülkiyyətlərində olması barədə DƏDRX tərəfindən RX ******* saylı çıxarış verilmişdir. Lakin bu gün 1/6 hissədə ona məxsus mülkiyyətində olan mənzildən istifadə edilməsində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsində qərəzli maneələr yaradıldığı üçün o, həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdan məhrum olmuşdur və ona görə də kirayədə yaşayır. Belə vəziyyət 4/6 hissədə payı olan qardaşı Cavabdeh2 üçün əlverişlidir. Çünki xüsusi paylı mülkiyyətdə olan mənzildə o, öz ailə üzvləri ilə birlikdə rahat yaşayır və bu da yalnız onun üçün əlverişlidir. İddiaçının ailəsi birlikdə həmin mənzildə yaşamağı qeyri-mümkündür. Bu isə iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Belə ki, dəfələrlə iddiaçı cavabdehə həmin mənzilin bu günə bazar qiymətinə uyğun qiymətləndirilməsi və mənzilin dəyərini paylara uyğun aralarında bölünməsini təklif etsə də, cavabdehlər bunu etməkdən boyun qaçırmışlar. Məsələnin belə açıq qalması tamamilə iddiaçının yox, cavabdehlərin mənafeyinə xidmət edir. Hal-hazırda iddiaçı həmin mənzilin məhkəmə tərəfindən naturada bölünməsi, indiki bazar qiyməti ilə qiymətləndirilməsi, iddiaçıya çatacaq pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadığı halda açıq hərracdan satılması və ona düşən paydan özünə şəxsi mənzil almağa nail olmaq istəyir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında mənzilin naturada bölünməsinə raz olduğunu, mənzilin satılmasına isə etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında mənzilin naturada bölünməsinə razı olduğunu, mənzilin satılmasına isə etiraz etdiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 4/6 hissədə, X1 ¼ hissədə və İddiaçı 1/6 hissədə daşınmaz əmlakın dövlət reyestrində 1353 nömrəli reyestr kitabının 123648 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC Hüquq və Qiymətləndirilmə Şirkəti tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 37 №-li hesabatından məlum olur ki, Cavabdeh2 və digərlərin paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 6 saylı evin 1 saylı mənzilinin 14 oktyabr 2022-ci il tarixinə dəyəri: bazar qiyməti 83500 (səksən üç min beş yüz) manat və likvid dəyəri 71000 (yetmiş bir min) manat təşkil edir. Məhkəmənin 29 avqust 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının 28 dekabr 2022-ci il tarixli 10/5881 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1 saylı mənzilinin tərəflərin 1/6 və 4/6 paylarına uyğun deyil, həmin paylara yaxın şəkildə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün həmin mənzilin faktiki vəziyyətinə uyğun olaraq istifadə edilən tikililəri ayrı-ayrılıqda tərəflərin hər birinin istifadəsində saxlanıla bilər. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını tələb etmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 1, 6 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan və tərəflərin hər biri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq paylarının ayrılmasına etiraz etmədiklərindən iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev1, 6 saylı mənzil İddiaçı 1/6 hissədə müəyyən olunmuş payına, Cavabdeh1 1/6 hissədə müəyyən olunmuş payına və Cavabdeh2 4/6 hissədə müəyyən olunmuş payına uyğun naturada təcrid şəklində ayrılmalıdır (bölünməlidir). Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar qeyd edilməlidir ki, mübahisəli mənzilin qiymətləndirilməsi ilə bağlı tərtib edilmiş müstəqil qiymətləndiriciyə ödənilməli olan 300 manat və aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyərinin təşkil edən 100 manat məbləğində pul təmin edilmiş tələblərə münasib olaraq iştirak edən şəxslərə aid edilməli və onlardan müştərək qaydada tutularaq müvafiq hesaba ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin naturada ayrılması” tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 1 saylı evin 6 saylı mənzili İddiaçı 1/6 hissədə müəyyən olunmuş payına, Cavabdeh1 1/6 hissədə müəyyən olunmuş payına və Cavabdeh2 4/6 hissədə müəyyən olunmuş payına uyğun Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin 10/5881 nömrəli 28 dekabr 2022-ci il tarixli rəyində və rəyə əlavə olunmuş plan sxemdə müəyyən edilmiş qaydada naturada təcrid şəklində ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul vəsaitinin 50% İddiaçı, qalan 50% Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN 170036621, hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. İş üzrə aparılmış mənzilin qiymətləndirilməsinə görə qiymətləndiriciyə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaitinin 50% İddiaçı, qalan 50% Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:PAHAAZ22, AZ82NABZ******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-97/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-97/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver