Məhkəmə qərarları › İş №2(011)-985/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-985/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-985/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4800 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4800 manat pulun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşmışdır, ailəlidir, himayəsində iki azyaşlı uşağı var, heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olmaq üçün minik avtomobili almaq qərarında gəlmişdir, qohumlarının maddi dəstəyi və kredit götürərək avtomobil almaq üçün 2018-ci ilin oktyabr ayında Bakıya gəlmiş, gəldikdən sonra Cavabdeh1 ilə tanış olmuşdur, cavabdeh ona VAZ-21015 markalı avtomobilin olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, həmin maşın hərrac yolu ilə alınaraq ona satılacaqdır, həmin vaxt Cavabdeh1 onu digər Cavabdeh2la tanış etmişdir, bu barədə sadəcə şifahi razılığa gələrək heç bir rəsmiləşmə aparmadan 4800 manat pul verərək avtomobili almış və cavabdehlər sənədləri 3-4 gün ərzində gətirəcəklərini demişlər, bundan 3-4 gün keçdikdən sonra cavabdehlər öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, hətta məlum olmuşdur ki, ona yararsız avtomobil satmışlar, bununla yanaşı ona daha yaxşı maşın verəcəkləri adı ilə həmin avtomobili geri almışlar, 4800 manat məbləğin 2500 manatını o, Vidadinin iştirakı və dediyinə müvafiq olaraq Cavabdeh2 vermişdir, Sabir isə avtomobilin pulunu Vidadiyə versə də, nə qədər məbləğdə pul verdiyini görməmişdir, qalan 2300 manat məbləği isə Cavabdeh2 iştirakı ilə avtomobilə ehtiyat hissələrinin alınmasına və təmirinə xərcləmişdir, belə ki, avtomobilin Gəncədən Bakıya gətirilməsi üçün evakuatr xərci olaraq 150 manat xərc çəkmiş, qalan 2150 manat pulu isə radar xərci, avtomobilin rənglənməsi, fara, kapot, dayanacaq xərci, avtomobilin beyni, benzin nasosu, qramota, bufer, digər təmir xərcləri üçün Sabirə vermişdir.Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 onun tanışı olmuşdur və onlar birgə avtomobilin alqı-satqısı ilə məşğul olmuşlar, Vidadi ona bildirmişdir ki, Niyaməddin adlı tanışı onlardan maşın almaq istəyir, onlar Niyaməddinə 4800 manat müqabilində VAZ-21015 markalı avtomobil satmışlar, bu barədə tərəflər arasında şifahi razılaşma olmuş, heç bir rəsmiləşmə aparılmamışdır, həmin məbləğin 2500 manatını Niyaməddin onun vasitəsilə Vidadiyə vermişdir, Niyaməddin həmin avtomobilin yararsız vəziyyətdə olduğunu, eyni zamanda təmir xərclərinin çox olduğunu bildirərək avtomobili geri qaytarmaq və ona əvəzində başqa avtomobil verilməsini istəmişdir, lakin Niyaməddinin maşına görə ödədiyi pul məbləği Vidadidə olduğundan, özü isə həmin pulu mənimsəmədiyindən pulun geri qaytarılması və ya əvəzinə başqa maşın verilməsi mümkün olmamışdır, bu səbəbdən Niyaməddin yerdə qalan 2300 manat pulu hissə-hissə maşının təmirinə xərcləmişdir, bəzi ehtiyat hissələrinin pulunu o, iddiaçıdan almışdır, bəzi xərcləri isə Niyaməddinin özü çəkmişdir, bu məqsədlə Niyaməddin avtomobili Gəncədən Bakıya gətirmiş və 150 manat evakuatr xərci çəkmiş, qalan 2150 manat pulu isə radar xərci, avtomobilin rənglənməsi, fara, kapot, dayanacaq xərci, avtomobilin beyni, benzin nasosu, qramota, bufer, digər təmir xərclərini qarşılamaq üçün Niyaməddin ona vermişdir, qeyd olunanlara əsasən belə hesab edir ki, həmin borc məbləği Cavabdeh1 aid edilməli və ondan tələb olunmalıdır, hətta Vidadinin onu aldatdığından və pulları mənimsədiyindən Səbayıl rayon Polis şöbəsinə müraciət də etmişdir, müraciətin nəticəsi barədə ona bildirilmişdir ki, Vidadi həmin pulların almasını etiraf etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İddiaçı ünvanlanan 13.05.2019-cu il tarixli 007-16115 M-3219 saylı məktubdan görünür ki, Niyaməddin Cəmil oğlunun müraciəti araşdırılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməsi vətəndaşa tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanlanan 06.09.2019-cu il tarixli 05/11790-19 saylı məktubundan görünür ki, daxil olmuş təkrar müraciətə baxılmış və həmin müraciətin Baş Prokurorluq tərəfindən 06.09.2019-cu il tarixdə araşdırılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İddiaçı ünvanlanan 01.07.2019-cu il tarixli 007-16115/2M-3219 saylı məktubdan görünür ki, Niyaməddin Cəmil oğlunun müraciəti araşdırılmış, müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməsi vətəndaşa tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakı şəhər Xətai Rayon Məhkəməsinə daxil olmuş 007-2341-1221 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində Cavabdeh1 və Cavabdeh2 tərəfindən 4800 manat pulunun ələ keçirildiyini bildirmişdir, müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olan Cavabdeh1 və Cavabdeh2 4800 manat pul verərək avtomobil almış, lakin həmin avtomobilin təmir xərcləri çox olduğundan avtomobili geri qaytararaq əvəzində başqa avtomobil almaq istəsə də, Cavabdeh1 və Cavabdeh2 ona digər avtomobil vermədikləri və eyni zamanda pulu qaytarmadıqları üçün İddiaçı onlar barəsində şikayət etmişdir, araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş və bu barədə müraciət müəllifinə cavab verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 4800 manat müqabilində avtomobilin alqı-satqısına dair şifahi razılaşma olmuşdur, həmin razılaşma əsasında cavabdehlər ümumilkdə 4800 manat pul almışlar, iddia tələbi qismən etiraf olunur. Bununla belə, cavabdehlər tərəfindən alınmış pul məbləğinin qaytarılmasını istisna edən, həmçinin tərəflər arasında alqı-satqısı razılaşdırılmış avtomobilə dair cavabdehlərin əmlak hüququna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehlər heç bir hüquqi əsas olmadan avtomobilin alqı-satqısına dair 4800 manat pul almaları, onlar əsassız varlanmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 4800 manat məbləğində pul vəsaiti müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar