Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-990/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsgəndərli Könül Teyyub qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1, mənzil 115-dən (yeni qaydalarla: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 249, M6, m1) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Qaragözov Sübhan Müsavər oğlu ilə aralarında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.m olan 115 saylı mənzilin, (yeni qaydalarla: AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 249, M6, ml) iddiaçı tərəfindən alınmasına dair AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.33 kv.m olan 115 saylı mənzilin keçmiş mülkiyyətçisi olan Qaragözov Sübhan Müsavər oğlundan əvvəlki mülkiyyətçinin qohumudur. Mənzili alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyəti olaraq aldıqdan sonra həmin mənzildə pasport qeydiyyatında olan mənzilin daha əvvəlki mülkiyyətçisinin qohumu olan cavabdehlə əlaqə yaratmağa çalışsa da, bu mümkün olmamışdır. Cavabdehlə hal-hazırda əlaqələri yoxdur, uzun müddətdir göstərilən ünvanda yaşamır. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdehin formal olaraq mənzildə qeydiyyatda olması bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur və iddiaçı onun yerinə əlavə kommunal xərcləri ödəməli olur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 saylı evin 115 saylı mənzilindən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Qaragözov Sübhan Müsavər oğlu arasında xx.xx.2020-ci il tarixdə AZ-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı Qaragözov Sübhan Müsavər oğlu Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 saylı evin 115 saylı mənzilini alıcı İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı, xx.xx.2020-ci il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 saylı evin, 115 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 52 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixdə, 4Ə-1043 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə sənədlərə əlavə edilmiş kreditor-ipoteka saxlayan “xxxx” ASC, alıcı-ipoteka qoyan Qaragözov Sübhan Müsavər oğlu, satıcı X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 225 nömrəli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Qaragözov Sübhan Müsavər oğlu Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 saylı evin 115 saylı mənzilini almışdır. Bu müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh notarial təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən o, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21 saylı evin 115 saylı mənzilin satılmasına və istənilən banka ipoteka qoyulmasına razılıq vermiş, ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. ünvan 1, mənzil 115-də Cavabdeh qeydiyyatdadır (“Elektron notariat” X1 Çıxarış). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin arvadı arasında alqı-satqı müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyesterində qeydə alınaraq, ünvan 1, mənzil 115-ə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1, mənzil 115 (yeni qaydalarla: AZ1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 249, M6, m1) ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-990/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-990/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver