Məhkəmə qərarları › İş №2(012)-10/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-10/2025

25.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-10/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «giriş yolu sahəsində tikilmiş tikilinin (divarın) sökülməsi və torpaq sahəsinə giriş yolun (sahənin) bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə giriş yolun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə giriş yolun sahəsində tikilmiş tikilinin (divarın) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən öz vəsaitləri hesabına müştərək qaydada sökülməsi və torpaq sahəsinə giriş yolun (sahənin) cavabdehlər tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı bağ evi tikmək məqsədi ilə xx.xx.2012-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində 0,10 ha torpaq sahəsi almışdır. Bir müddət keçdikdən sonra iddiaçı həmin torpaq sahəsində hazırlanmış layihə əsasında tikinti işlərinə başlamaq istədikdə məlum olmuşdur ki, iddiaçının qonşuları Cavabdeh2, Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş yol zəbt edilərək qanunsuz olaraq sahələrinə qatılmışdır. İddiaçı dəfələrlə xahiş etsə də Cavabdeh2 və Cavabdeh1 qanunsuz zəbt etdikləri torpaq sahəsinə yol açmaqdan bəhanələrlə imtina etmişlər. Abşeron Rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli, 264 №-li arayışdan məlum olur ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə giriş iddiaçının qonşuluğunda olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. Mülki iş üzrə verilmiş rəylərdən birində həmin sözügedən əraziyə gedən yolun bağlandığı bildirilir, lakin kim tərəfindən bağlandığı göstərilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə 15 mart 2024-cü il tarixli,3-16/2-10/8098 saylı rəyi ilə qoyulan suallara natamam cavab verilmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi olduğu Vəkil2 izahatında qeyd edilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil1 etirazında və izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunmuş nüanslar və həmin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddia tələbinin faktiki cavabdehlərə münasibətdə heç bir hüquqi əsası yoxdur. Aşağıdakılara əsasən hesab edirlər ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia tələbində cavabdehlərin seçilməsinin hüquqauyğunluğu əsaslandırılmamış və iddia predmeti ilə heç bir əlaqəsi olmayan şəxslər cavabdeh kimi qeyd olunmuşdur. Belə ki, iddianın əsaslandırıcı hissəsində bildirilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 iddiada göstərilən torpaq sahəsini zəbt etmişlər. Göstərilən ərazidəki torpaq sahələrinin mülkiyyətçiləri sırasında Cavabdeh1 və Cavabdeh2 adı yoxdur. Belə olan halda Cavabdeh1 və Cavabdeh2 hansı formada torpağı zəbt edib öz torpağına birləşdirə bilər? İddiaçı məhkəməyə müraciət etməzdən öncə həmin ərazidəki torpaq sahələrinin mülkiyyətçilərini araşdırmalı və mümkün ola biləcək cavabdehləri dəqiqləşdirməli idi. Lakin göstərilən araşdırma aparılmadığı üçün işlə əlaqəsi olmayan şəxs cavabdeh olaraq seçilmişdir. Buna müvafiq olaraq iddiaçı işin məhkəmə baxışı mərhələsində iddia tələbini bir neçə dəfə dəyişdirmişdir. Belə ki, iddiaçı ilkin olaraq Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldırmış, bundan sonra yeni bir neçə cavabdeh əlavə edilməsi barədə iddia tələbinə dəyişiklik etmiş və sonradan isə cavabdehlərdən birinə münasibətdə iddiadan imtina edilməsi barədə iddia tələbinə dəyişiklik etmişdir. Qeyd olunan hal təsdiq edir ki, iddiaçının iddia tələbi hazırkı cavabdehlərə münasibətdə tam deyil və sübut edilmir. İşin araşdırılması zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(012)-3426/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardadla ekspert qarşısında qoyulmuş suallara Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8098 saylı cavab məktubu ilə ekspert rəyi təqdim edilmişdir. Ekspert qarşısında qoyulmuş 3-cü suala cavab olaraq bildirilmişdir ki, xx.xx.2027-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə faktiki gediş-gəliş yolu elektron məlumat bazasına əsasən digər şəxslərin çıxarışlarla ayrılmış mülkiyyətlərində olan və faktiki istifadəsində olan torpaq sahələrinin daxilindən keçir. Ekspert rəyindən də aydın olur ki, iddia tələbi yanlış cavabdehlərə qarşı yönəlmişdir. Yəni iddiaçı ilk öncə işin mahiyyətinə uyğun olaraq cavabdehləri düzgün müəyyən etməli və iddia tələbinin məhz həmin cavabdehlərə aid olduğunu əsaslandırmalıdır. Nə iddia ərizəsində, nə də ekspert rəyində bu fakt əsaslandırılmamış və əsassız olaraq hazırkı cavabdehlərə qarşı iddia tələbi irəli sürülmüşdür. Göstərilən faktlara əsasən sübut olunur ki, iddiaçı iş üzrə əlaqəsi olmayan şəxsləri cavabdeh kimi qeyd etmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi 2021-ci ilin may ayından verilmiş, mülki iş ilə bağlı bir neçə dəfə ekspertiza təyin edilmişdir. Hesab edirlər ki, hazırki mülki iş üzrə verilmiş ekspert rəyi əsasında işi yekunlaşdırmaq mümkündür. Belə ki, iddiaçı tərəfindən məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi rədd edilməli və iddia tələbi təmin edilməməlidir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X4 məhkəmə iclasında izahat verərək, torpaq sahəsi ilə bağlı 2007-ci ilə dair çıxarış əldə edildiyini, həmin ərazinin ətrafındakı torpaq sahələrinə aid çıxarışların mövcud olduğunu, bələdiyyələrin yolu təyin edən orqan olduğunu, baza məlumatlarında yol ilə bağlı məlumat olmadığını, bələdiyyənin nümayəndəsi tərəfindən ona yol göstəriləcəyi halda onun həmin yol ilə əmlakın üst-üstə düşüb-düşmədiyini müəyyən edə biləcəyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li çıxarışından görünür ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci və 157.4-cü maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçı tərəf mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə giriş yolunun cavabdehlər tərəfindən tikili inşa edilməklə bağlandığını sübut edə bilməmiş, cavabdehlər tərəfindən torpaq sahəsinə giriş yolunun bağlandığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddianın əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə ki, obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli, 2(012)-3426/2021 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8098 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-332/2-9258/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin faktiki yolu mövcud deyildir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində sənəd üzrə yerləşən 0,10 ha torpaq sahəsinə faktiki giriş yolu mövcud deyildir. X3 xx.xx.2003-cü il tarixli 09 saylı qərarına əsasən Abşeron rayon Novxanı bələdiyyəsi ərazisində bağ evi tikmək məqsədi ilə 0,10 hektar ayrılmış torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Əraz İdarəsi tərəfindən xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin yolunun müəyyən edilməsi ərazi idarənin səlahiyyətləri xaricində olmaqla torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədləri verən qurum (Bələdiyyə, İcra hakimiyyəti və s.) tərəfindən müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə faktiki gediş-gəliş yolu elektron məlumat bazasına əsasən digər şəxslərin çıxarışlarla ayrılmış mülkiyyətlərində olan və faktiki istifadəsində olan torpaq sahələrinin daxilindən keçir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-21/2024 saylı qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 10/9601 saylı ekspert rəyindən görünür ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə faktiki giriş yolu mövcud deyildir, X3 xx.xx.2003-cü il tarixli 09 saylı qərarına əsasən Abşeron rayon Novxanı bələdiyyəsi ərazisində bağ evi tikmək məqsədi ilə 0,10 hektar ayrılmış torpaq sahəsinə Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il qeydiyyat tarixli, **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin yolunun müəyyən edilməsi ərazi idarənin səlahiyyətləri xaricində olmaqla torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədləri verən qurum (bələdiyyə) tərəfindən müəyyən edilir. İdarənin elektron baza məlumatlarına əsasən iddia olunan sahədən yol nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 15 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8098 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat və 18 dekabr 2024-cü il tarixli, 10/9601 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat olmaqla, cəmi 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə giriş yolun sahəsində tikilmiş tikilinin (divarın) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən öz vəsaitləri hesabına müştərək qaydada sökülməsi və torpaq sahəsinə giriş yolun (sahənin) cavabdehlər tərəfindən bərpa edilməsi barədə iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 15 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8098 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat və 18 dekabr 2024-cü il tarixli, 10/9601 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat olmaqla, cəmi 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar