Məhkəmə qərarları › İş №2(012)-1010/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1010/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1010/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Kazımovun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, cavabdeh X5 və nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı şəxsi mülkiyyətinə mülkiyyətçinin iradəsi ziddinə daxil olanların çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmalarını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Abışov X7 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, dalan 4, 6 saylı ünvanda yerləşən ona aid mənzilə iradəsinin ziddinə daxil olmuş və halhazırdada orada yaşayır. Həmin evdə onun razılığı ilə valideynləri yaşamışdır. 07 iyun 2020-ci il tarixdən 20 sentyabr 2020-ci il tarixədək anası Kürdəmir rayonunda istirahətdə olmuş və anasının evdə olmaması səbəbindən o, həmin evə getməmişdir. Bir müddət sonra evinə geri qayıtdığı zaman naməlum şəxslərin orada yaşamasına şahid olmuş və həmin şəxslər evin onlara məxsus olduğunu bildirimişlər. Mülkiyyətə aid olan bütün sənədlər evin daxilində olduğu üçün ona məxsus olduğunu sübut edə bilməmiş və həmin vaxtdan etibarən müxtəlif sənədlər toplamağa başlamışdır. Belə ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən daşınmaz əmlakın mülkiyyəti haqqında arayış, həmin idarədən fərdi yaşayış X13 yaşayış evinin texniki pasportu, Abşeron rayon Xırdalan Bələdiyyəsidən vergi ödəyicisi kimi qeydiyyat haqqında arayış, vergi ödəyicisi kimi qeydiyyat haqqında şəhadətnamə, şəxsi hesab vərəqəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, “xxxx” ASC-dən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə, “xxxx” ASC-dən abunə haqqında məlumat və abunə haqqında məlumatın mülkiyyətçi olduğunu təsdiq edən sənədləri əldə edə bilmişdir. O, qeyd etdikləri sənədləri Cavabdeh təqdim edərək ona məxsus mülkiyyətdən çıxmasını dəfələrlə tələb etmiş, lakin aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir. Odur ki, o, Cavabdeh və ailə üzvlərinin onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əlavə izahatında bildirdi ki, onun Cavabdeh və ailə üzvlərinə qarşı şəxsi mülkiyyətinə mülkiyyətçinin iradəsi ziddinə daxil olanların çıxarılması tələbinə dair iddia ərizəsi vardır. Həmin mülki işlə bağlı o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmalarını xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı, yəni DƏDRX-nə ünvanlanmış sorğunun cavabı ilə məlum oldu ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə dəyişdirilərək Nizami küçəsi kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Odur ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, mübahisələndirilən fərdi yaşayış evini iddiaçının qardaşı Hüseyndən 16000 manata almış və bu barədə aralarında podrat müqaviləsi bağlanmışdır. Həmçinin, iddiaçı Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsinə şikayət etmiş, araşdırma aparılmış, DƏDRX-dən mütəxəssis dəvət edilmiş, GPS aparatı ilə müayinə aparılmış və foto şəkillər çəkilmişdir. İş materiallarında olan çıxarışda göstərilmiş ünvan 2 ünvanı onun yaşadığı ünvanla eyni ünvan deyildir. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında cavabdehin nümayəndəsi, Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi tam əsassız və qanunsuzdur. Cavabdeh X11 mübahisələndirilən fərdi yaşayış evini İddiaçı qardaşı Hüseyn adlı şəxsdən 16000 manata almış və bu barədə aralarında podrat müqaviləsi imzalanmışdır. Həmçinin, İddiaçı Abşeron rayon Polis İdarəsinin təhqiqat şöbəsinə şikayət etmiş, təhqiqatçı şikayəti tam və ətraflı araşdırmışdır. Belə ki, DƏDRX-dən mütəxəssis dəvət edilmiş, GPS aparatı ilə müayinə aparılmış, torpağın və yerin foto şəkilləri çəkilmiş və müəyyən olunmuşdur ki, iddiaçının adına hər hansı sənəd olmamış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan çıxarışda göstərilmiş ünvan 2 ünvanı cavabdeh X5 yaşadığı ünvanla eyni ünvan deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında cavabdeh tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, İddiaçı qardaşıdır. 2007-ci ildə Biləcəri qəsəbəsində yerləşən bina evini satmış, 5000 ABŞ dolları məbləğində borcunu vermiş, qalıq pulla isə ev tikmişdir. Sonra isə Biləcəri qəsəbəsində torpaq sahəsi almış, ev inşa etdirmiş, lakin “SOCAR” şirkətinin ərazisinə düşdüyü üçün tikili sökülmüş və o, məcbur olaraq həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Xırdalan şəhərində ailəsinə məxsus torpaq sahəsi olduğundan ona da pay verilmişdir. Həmin torpaq sahəsində 3.40x4.60-a yarım tikinti olmuş və kitabçaya qeydiyyata düşmələri üçün bacısı Nərgizə 1800 manat pul vermişdir. Tikilini başa çatdırmaq istəyərkən Nərgizin qayınatası ondan 2000 ABŞ dolları məbləğində pul istəmiş, verməyəcəyi halda ustaları qovacağını bildirdiyindən avtomobilini sataraq həmin məbləği vermək məcburiyyətində qalmışdır. Daha sonra, evi inşa etmiş, daş hörgüsü işi görmüş və pəncərə qoydurmuşdur. Evi sənədləşdirmək istəyərkən, bacısı Nərgiz xərcinin çıxacağını bildirdiyi üçün, o, bacısına inanmış və bundan sonra Rusiya Federasiyasına getmişdir. Bakıya qayıdanda isə, atası həmin evi tam tikib qurtarmışdır. Onun borcu olduğundan həmin evi Anar Apışova notariatda podrat müqaviləsi əsasında 16.000 manata satmışdır. Bundan sonra, Abşeron RPİ-dən ona zəng olunaraq bacısı Nərgizin ondan şikayətçi olduğunu bildirmişlər. Bununla bağlı araşdırma aparılmış, qonşular şahid kimi dindirilmiş, DƏDRX-dən sənəd verilmişdir ki, İddiaçı adına heç bir çıxarış verilməmişdir. Nərgizin 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsini Aqşin adlı maklerə satmışdır. Aqşin özü ona bildirmişdir ki, həmin torpaq sahəsinin sənədi olmamış, torpaq sahəsi zəbt edilmiş və sənəd düzəltmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 833 saylı, 13.10.2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi 30738 qeyd nömrəsi ilə 2004-cü il tarixdən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********88 saylı, 23.10.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin arxiv əsasları tekniki pasportdan ibarətdir. Fərdi yaşayış X13 Yaşayış Evinin 3850 inventar nömrəli, 30738 qeyd nömrəli texniki pasportundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi 2004-cü il tarixdən İddiaçı istifadə və sahibliyində olmuşdur. Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş 500 saylı, 03.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayon Xırdalan Bələdiyyəsinin yerli (bələdiyyə) vergi ödəyicisi (YVÖK) kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 29 avqust 2005-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı evdə qeydiyyatdadır. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 01 yanvar 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” ASC-nin Abşeron Sukanal İdarəsi ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı evə dair “Sudan istifadə Qaydaları”na uyğun olaraq bağlanmış müqavilə vardır. 23.10.2009-cu il tarixli Abunə haqqında məlumatdan görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4cü döngə, 69 saylı evə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 17.03.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfin vəsatəti əsasında Məhkəmənin 2(012)-1010/2021 saylı, 19 may 2021-ci il tarixli məktubuna əsasən İddiaçı şikayəti əsasında Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı X2 icraatında olmuş HK-1/6725 saylı rədd materialının tələb edilməsi üçün Abşeron rayon Polis idarəsinə sorğu ünvanlanmışdır. HK-1/6725 saylı rədd materialında olan 30 oktyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında Məhkəmənin 2(012)-1010/2021 saylı, 27 aprel 2021-ci il tarixli məktublarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu ünvanlanmışdır. İddiaçı tərəfin vəsatəti əsasında Məhkəmənin 2(012)-1010/2021 saylı, 08 iyun 2021ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə iddiaçının adına olan çıxarışda göstərilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngədə yerləşən 69 saylı ünvanın dəqiqləşdirilməsi məqsədilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin və Abşeron rayon 4 saylı MTİİTS-in mütəxəssislərinin və tərəflərin iştirakı ilə baxış keçirilməsi və yerli baxışın nəticəsi olaraq mütəxəssis rəyinin verilməsinı dair sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış sorğu ilə əlaqədar verilmiş məktubdan görünür ki, sözügüdən əraziyə texniki baxış keçirilmiş və elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müayinə olunan ərazi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Xırdalan şəhərindəki mövcud küçələrin adları barədə məlumatlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə dəyişdirilərək Nizami küçəsi kimi qeyd edilmişdir. Bundan başqa, yeni qaydalarla da, sözügedən ərazi (URİS proqramında) Nizami küçəsində yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Qeyd olunan Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə tədqiqatı nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa və fərdi yaşayış X13 Yaşayış Evinin texniki pasportuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 4-cü döngə, 69 saylı fərdi yaşayış evi 2004-cü il tarixdən İddiaçı istifadə və sahibliyində olmuş və sonuncu 29 avqust 2005-ci il tarixdən həmin fərdi yaşayış evində pasport qeydiyyatındadır. Həmin fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və sonuncu evə görə vergi, kommunal ödənişləri etmiş, cavabdehdən dəfələrlə evindən çıxmasını xahiş etmişdir. Lakin, iddiaçı cavabdehi ona məxsus evdən başqa qaydada çıxara bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə sorğu verilmiş, mübahisələndirilən əraziyə texniki baxış keçirilmiş, elektron kadastr bazasında araşdırılmış və məlum olmuşdur ki, müayinə olunan ərazi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Xırdalan şəhərindəki mövcud küçələrin adları barədə məlumatlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə dəyişdirilərək Nizami küçəsi kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılması tələbində haqlıdır. Bundan başqa, iddiaçı iddia tələbində cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxarılmasını qeyd etsə də, konkret siyahısı göstərilməyən qeyrimüəyyən şəxslərin mübahisələndirilən evdən çıxarılması tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin adları və poçt ünvanları iddia ərizəsində göstərilməlidir. İddiaçı tərəfindən cavabdehin digər ailə üzvlərinin kimlər olduğuna, onların hansı əsaslarla mübahisəli evdə yaşamalarına və ümumiyyətlə orada mövcud olub-olmamalarına dair heç bir sübut növləri məhkəməyə təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia cavabdehin digər ailə üzvləri hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, 4-cü döngə, 69 saylı fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar