Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1066/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi-oğlu X7 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30.11.2000-ci il tarixli, 1869 saylı sərəncamına əsasən mərhum X3 adına ayrılmış Abşeron rayonu, Xırdalan qəsəbəsində, Xocasən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600 kv.metr torpaq sahəsinin (indiki Abşeron rayonu inzibati ərazi vahidinə aiddir) miras pay olaraq onun tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə X6 arasında 14.08.1960-cı ildə rəsmi nikah qeydə alınmışdır. X1 02.01.2016-cı il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Bu barədə Abşeron Rayon qeydiyyat Şöbəsi tərəfindən 08.01.2016-cı il tarixli, 09 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. O, 02.01.2016-cı il tarixində vəfat etmiş X1ndan miras qalmış əmlakın qəbulu ilə əlaqədar notariat ofisinə 05.05.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən 05.05.2021-ci il tarixli, 1284 nömrəli məktub verilərək, ona izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-oğlu X11 ərizəni müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, ailələrində anası və bacısı vəfat etmişlər, atası, özü və qardaşı isə sağdırlar. Mübahisəli torpaq sahəsi hazırda onların istifadəsindədir. Maraqlı tərəf Sumqayıt Regional “ASAN Xidmət" Mərkəzində Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, Ofis məhkəməyə məktub göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30.11.2000-ci il tarixli, 1869 saylı sərəncamından görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Xocasən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmışdır. - Evlənmək haqqında İ-ИЕ 824638 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 14 avqust 1962-ci il tarixdə nikaha girmişlər. Nikaha daxil olduqdan sonra arvada İsayeva soyadı verilmişdir. - Ölüm haqqında AZ-İ 777236 saylı şəhadətnamənin surətindən görünür ki, X6 02 yanvar 2016-cı il tarixdə ölmüşdür. - Sumqayıt Regional “ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin 05 may 2021-ci il tarixli, 1284 saylı məktubundan görünür ki, Ərizəçi 02.01.2016-cı il tarixində vəfat etmiş X1ndan miras qalmış əmlakın qəbulu ilə əlaqədar notariat osifınə 05.05.2021-ci il tarixində yazdığı ərizəyə baxılmış, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığı üçün həmin Məcəllənin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən olunmuşdur ki, ərizəçi mərhum R.R.İsayeva ilə 14.08.1962-ci ildə nikaha girmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30.11.2000-ci il tarixli, 1869 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsində, Xocasən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmışdır. R.R.İsayeva 02.01.2016-cı il tarixdə vəfat etmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 30.11.2000-ci il tarixli, 1869 saylı sərəncamına əsasən mərhum X3 adına ayrılmış Abşeron rayonu, Xırdalan qəsəbəsində, Xocasən qəsəbəsinin inzibati ərazisinə aid olan hissəsində yerləşən və uzun müddət bağ-bostan kimi istifadə etdiyi 600,0 kv.metr torpaq sahəsinin (indiki Abşeron rayonu inzibati ərazi vahidinə aiddir) miras pay olaraq onun tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, məlum sərəncamla ev tikintisi üçün mərhum R.R.İsayevaya ayrılmış 600 kv.metr torpaq sahəsinə dair onun adına hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Başqa sözlə, bu torpaq sahəsi Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras kütləsinə aid edilə bilməz. Mülki Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1248.1-ci maddəsində (mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər) qanunla müəyyənləşdirilmiş müddətin hansı həddə buraxılmasının və hansı halların olmasının sonradan üzrlü sayılaraq müddətin uzadılması üçün əsas olması açıq şəkildə qeyd edilməsə də, mülki qanunvericiliyin oxşar normalarında bu imperativ qayda öz əksini tapmışdır. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə hesab edir ki, ərizəçiyə münasibətdə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması məsələsi həll edilərkən Mülki Məcəllənin 382-ci maddəsinin tələblərini də nəzərə almaq (həm uzadılması xahiş olunmuş müddətin uzun zaman kəsiyini əhatə etməsi, həm də müstəsna səbəblərin olmaması) zəruridir. Mülki işin hallarından görünür ki, mirasqoyan R.R.İsayeva 02.01.2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq, ərizəçi qanunla nəzərdə tutulmuş müddət daxilində notariat orqanına müraciət etməmiş, bununla belə bu müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi hazırki ərizəsi təmin oluna bilməz. Mübahisə üzrə məhkəmə izah edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Başqa sözlə, Ərizəçi Qanunun bu normalarına istinad etməklə mübahisəli əmlakı birbaşa öz adına rəsmiləşdirə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi mirasın qəbul edilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1066/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1066/2022
16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver