Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1139/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı övladı-11.06.2009-cu il təvəllüdlü X8 və 24.05.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşdur. Birgə nikahlarından 11.06.2009-cu il təvəllüdlü X8 və 24.05.2012-ci il təvəllüdlü X5 adlı iki övladları vardır. İmişli Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları onun himayəsində saxlanılmış və hər uşağa görə Cavabdeh 160 manat aliment tutulması qət edilmişdir. Lakin Cavabdeh verdiyi apelyasiya şikayətinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 110 manata endirilmişdir. Onlar birgə nikah dövründə Xırdalan şəhərində torpaq alıb orada yaşayış evi inşa etmişlər və nikahları pozulanadək həmin mənzildə yaşamışlar. Ona məxsus cehiz əşyaları həmin mənzildə olmasına baxmayaraq cavabdeh iki uşaqla onu həmin mənzilə buraxmır. Birgə nikahdan olan uşaqları Xırdalan şəhərində orta məktəbə gedirlər, məcburiyyət qarşısında qalıb Xırdalan şəhərində qohumlarının mənzilində məskunlaşmışlar. Hal-hazırda o, heç bir yerdə işləmir, cavabdeh tərəfindən uşaqlara heç bir maddi yardım göstərilmir. Cavabdehdən rəsmi olaraq iki uşağa görə 220 manat ailment tutulması qət edilsə də, buğun ki, gün həmin məbləğ heç bir uşağın ehtiyacını ödəmir. Maddi imkanı olmadığından kirayə mənzildə tuta bilmir, atalarına məxsus mənzil olsa da, onun uşaqları nə səbəbə görə qohumlarının mənzilində yaşamalıdır. Birgə nikah dövründə inşa edib yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Onlar 2009-cu tarixdə rəsmi nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra mübahisə mənzili hissə-hissə inşa edib 10 il müddətində orada yaşamışlar. Həmin mənzildə iki övladı anadan olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənasına görə, onun uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evində yaşadığımdan, özümün və himayəmdə olan azyaşlı uşaqların oraya köçürülmələrini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci Hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Hesab edir ki, onun iki azyaşlı uşağıyla birlikdə mənzilə köçürülmə tələbi tamamilə haqlı tələbdir. Belə ki, o, həmin mənzildə illərlə yaşamış, mənzilin inşa edilməsində yaxından iştirak etmiş, orada birgə təsərrüfat aparmış, iki övladı dünyaya gəlmişdir. Hazırda isə cavabdeh bizi yaşadıqları mənzildən məhrum edir. Cavabdehin onları mənzildən qanunsuz məhrum etməsi ona görə qanunsuzdur ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Eyni zamanda, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onun da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı mübahisə predmeti olan evdə yaşaya bilməz. Evin sahibi anası və qardaşlarıdır. Evin işıq və qaz sistemi yoxdur. İddiaçı ilə 11 il eyni evdə yaşamışlar. Artıq iddiaçı ilə birlikdə eyni evdə yaşamaları mümkün deyildir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-99/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27 iyul 2009-cu il tarixdə 342 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş 11.06.2009-cu il təvəllüdü X8 və 24.05.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və birgə nikahdan doğulmuş 11.06.2009-cu il təvəllüdü X8 və 24.05.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmir Birliyi 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 272 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h ünvanında qeydiyyatsız yaşamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, tərəflər 27 iyul 2009-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, tərəflərin birgə nikahlarından 11.06.2009-cu il təvəllüdü X8 və 24.05.2012-ci il təvəllüdlü X2 anadan olmuşdur. Daha sonra İmişli Rayon Məhkəməsinin 2(036)-99/2020 saylı, 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçı sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. Yəni mübahisə predmeti olan evi İddiaçı ilə Cavabdeh birgə nikah dövründə tikmiş, fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı 2009-cu il tarixdən övladları 11.06.2009-cu il təvəllüdü X8 və 24.05.2012-ci il təvəllüdlü X2 ilə birgə mübahisəli fərdi yaşayış evində yaşamağa başlamış və lakin cavabdeh iddiaçını evdən çıxararaq evə buraxmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüuqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçınun cavabdehlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, mübahisə tərəflərinin birgə nikahlarından 2 azyaşlı uşaqları vardır və uşaqlar hal-hazırda anası ilə birgə yaşayırlar. Həmçinin işin faktiki hallarından məlum olur ki, İddiaçı Cavabdeh ilə 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların 11.06.2009-cu il təvəllüdlü X8 və 24.05.2012-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuş, iddiaçı, cavabdehlə ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamış və həmin torpaq sahəsində mübahisə predmeti olan fərdi yaşayış evində həyat yoldaşı ilə birgə daimi yaşayış yerinə malik olmağı arzulamışdır. Lakin sonradan cavabdehlərin hüquqdan sui-istifadə etmələri nəticəsində iddiaçı iki azyaşlı uşaqları ilə birgə bu hüquqdan məhrum olmuş, başqa yaşayış yeri olmayan iddiaçı iki azyaşlı uşağı ilə birgə taleyin ümidinə buraxılmışdır. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçıların da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı iki azyaşlı övladı-11.06.2009-cu il təvəllüdlü X8 və 24.05.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, B:0001h, M4149 ünvanında yerləşən yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1139/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1139/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver