Məhkəmə qərarları › İş №2(012)-1168/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1168/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1168/2023 03.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı X1, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia qaldıraraq, onun və xx.xx.2013-cü il təvəllüdlü X3 Cavabdeh məxsus Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksi, 6 saylı evin 8 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksi, 6 saylı evin 8 saylı mənzili Cavabdeh Qarabağ əlili olaraq o və övladı nəzərə alınmaqla 2020-ci ilin dekabr ayında verilmişdir və hazırda onun istifadəsindədir. Cavabdeh ilə 19 iyul 2012-ci ildə Bakı şəhəri, Yasamal rayonu Qeydiyyat Şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikah münasibətlərindən 05 iyun 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh ona və uşağına baxmadığından, qazancını ailədən gizlədərək, autizm xəstəsi olan övladının müalicə xərclərində iştirak etmədiyindən o, nikah ləğv olunmadan cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə hazırda icra olunur. O, cavabdehin rəsmi nikahlı arvadı olduğundan, xx.xx.2013-cü il təvəllüdlü X7 isə autizm xəstəsi olduğundan mübahisəli yaşayış sahəsinə ehtiyacları vardır. Cavabdeh onu və uşağını kirayədə yaşadıqları evdən 2020-ci ilin iyul ayında qovmuş, daha sonra 2020-ci ilin dekabr ayında hazırki mənzili ailəsi nəzərə alınmaqla Qarabağ əlili kimi almışdır. Onların başqa yaşayış yeri olmamasına baxmayaraq cavabdeh onu və oğlunu mənzilə buraxmamışdır. Ona görə də o, autizm xəstəsi olan övladı ilə kirayədə yaşamağa məcburdur və əlavə kirayə xərcləri ödəyir. Xəstə övladı ilə kirayədə yaşamaq qeyri-mümkündür, buna görə də tez-tez kirayə mənzillərini dəyişməli olur. Başqa mənzil və yaşayış sahəsinin alınması maddi imkanı xaricindədir. Onun və övladının həmin mənzilə hüquqları vardır. Həmin mənzil alınana qədər onlar 9 il cavabdehlə kirayələrdə yaşayaraq bu mənzilin alınmasını gözləmişlər. Onların adları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsində qeydiyyatda olmuşdur. Lakin buna baxmayaraq cavabdeh onları bu mənzildən məhrum etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı X5 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, bununla belə məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, mübahisəli mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satmışdır. Nazirliyin həmin mənzili kimə verdiyini bilmir. Həmin mənzillər “Abşeron-2” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin balansındadır. Mübahisəli mənzilin ona heç bir aidiyyəti yoxdur. Digər üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə üçüncü şəxslər "xxxx" MTK-nın nümayəndəsinin və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 770317 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİİ 124935 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Mirəli adlı uşaq doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon İHB-nin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (ailə üzvlərinin sayı-3) xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksi, 6 saylı evin 8 saylı 56,5 kv.metrlik mənzilinin mülkiyyətçisi X4r. İş materiallarında olan qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Abşeron-2” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksindəki 2, 3, 4, 5, 6 və 7 saylı evlər Cəmiyyətin fəaliyyət ərazisidir. İş materiallarında olan arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “Yeddi Gözəl” yaşayış kompleksində mənzil verilmişdir: Cavabdeh (ailə üzvlərinin sayı-1, xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil uçot siyahısına daxil edilmişdir) 6 saylı evin 8 saylı mənzili. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksində mənzil təqdim edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın 03 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X12 Kompleksi, 6 saylı evin 8 saylı mənzilində yaşayır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçı ilə cavabdehin 2012-ci il tarixdə nikaha daxil olmalarını, eləcə də mübahisəli mənzilin 2020-ci il tarixdə verilməsini nəzərə alaraq, hesab edir ki, mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı hələ qüvvədədir. Tərəflər özləri etiraf edirlər ki, rəsmi boşanmasalar da, 2020-ci ilin iyul ayından birgə yaşamırlar və faktiki ayrılmışlar. Birgə nikahdan onların xx.xx.2013-cü il tarixdə Mirəli adlı uşaqları doğulmuşdur. Həmçinin o da işin mübahisəsiz halıdır ki, qeyd edilən mənzil cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qarabağ müharibəsi veteranı olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (sosial məqsədlə) verilmişdir. Bununla bağlı işdəki mötəbər sübutlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində hələ 2011-ci ildə (nikahdan öncə) növbəyə alınmış və 1 ailə üzvü göstərilməklə o, mübahisəli 1 otaqlı mənzillə təmin edilmişdir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. İşin faktiki hallarından və qeyd edilən normalardan da göründüyü kimi, cavabdeh qanunla müəyyən edilmiş qaydada hələ iddiaçı ilə nikahdan öncə uçota alındığı mənzil növbəsi üzrə mübahisə predmetini təşkil edən mənzillə təmin edilmişdir. Bu halda cavabdehin sosial kirayə müqaviləsinin tərəfi olaraq, yəni kirayəçi kimi öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini Mənzil Məcəlləsinin 68-ci maddəsi tənzimləyir. Həmin maddəyə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (68.1-ci maddə). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (68.2-ci maddə). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (maddə 68.3-cü maddə). Qeyd edilən müddəalardan da göründüyü kimi, kirayəçinin ailə üzvlərinin yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olması üçün qanun iki şərt müəyyən etmişdir. Birinci şərt həmin şəxslərin kirayəçinin ailə üzvü olmasıdır ki, qanun onların dairəsini müəyyən etmişdir: bunlara kirayəçinin əri (arvadı), habelə onun uşaqları, valideynləri və digər şəxslər daxildir. Kirayəçinin ailə üzvlərinin onunla birlikdə hüquq və vəzifələrə malik olması üçün qanunun tələb etdiyi ikinci şərt isə ailə üzvlərinin kirayəçi ilə birlikdə yaşaması (digər qohumların isə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülməsi) ilə bağlıdır. İşin yuxarıda şərh edilən hallarından da göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh hələ Z.B.Qurbanova ilə nikaha girməmişdən öncə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş, onların ailə münasibətlərinə 2020-ci ilin iyul ayında son qoyulmuş və həmin ilin dekabr ayında cavabdehə mübahisəli mənzil verilmişdir. Bu zaman onlar birlikdə yaşamadıqlarından Z.B.Qurbanova mübahisəli yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olan şəxs statusu qazanmamışdır. Belə olan halda isə iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsindən söhbət gedə bilməz. Beləliklə, işin şərh edilən faktiki halları və göstərilən hüquq normaları əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının, mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar olmadığından iddia təmin oluna bilməz. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar