Məhkəmə qərarları › İş №2(012)-119/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-119/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-119/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı evin paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı evin 1/3 hissəsi onun, 1/3 hissəsi azyaşlı oğlu X1 və qalan 1/3 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Cavabdeh onun oğulluğu, başqa sözlə, ögey oğlu, mərhum ərinin isə birinci nikahından olan oğludur. Evdən istifadə ilə bağlı cavabdeh ilə aralarında narazılıqlar vardır və bu səbəbdən də o, evin paylara uyğun naturada bölünməsini istəyir. Cavabdehlə onun arasında evdən istifadə ilə bağlı mübahisə olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 06.10.2021-ci il tarixli 10/3625 saylı rəyi ilə o, razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Asan-Sumqayıt tərəfindən verilmiş 31.10.2016-cı il tarixli AZE № 11301780 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 23.07.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Arif Hüseynov, anası İddiaçıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı ev paylı mülkiyyət hüququ əsasında Cavabdeh adına 1/3 hissədə, X1 adına 1/3 hissədə və İddiaçı adına 1/3 hissədə 21.10.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 217 saylı reyestr kitabının 44 saylı vərəqində **********68-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı ev paylı mülkiyyət hüququ əsasında X1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə 21.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, Cavabdeh adına 1/3 hissədə 27.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 217 saylı reyestr kitabının 44 saylı vərəqində **********68-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.10.2021-ci il tarixli 10/3625 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında ½ hissəyə naturada bölünməsinin “İnşaat Norma və Qaydaları”ının 2.08.01.89un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Rəydən daha sonra görünür ki, tikililərin faktiki vəziyyətini nəzərə alaraq, tədqiq olunan yaşayış evinin 2, 3, 4 saylı tikililərinin yaşayış otağı, 1, 5, 6 və 7 saylı tikililərinin isə yardımçı tikililər olduğu müəyyən edilir. Mülki iş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 21.10.2019-cu il tarixli çıxarışa əsasən tədqiq olunan yaşayış evi üzrə Cavabdeh, X1 və İddiaçı hər birinin paylarının isə 1/3 hissə təşkil etdiyini nəzərə alaraq, həmin paylara uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Ümumi sahə üzrə 1/3 hissə 23,96 kv.metr (71,9: 3) Yaşayış otağı üzrə 1/3 hissə 16,93 kv.metr (50,8 : 3) Yardımçı sahə üzrə 5/6 hissə 7,03 kv.metr (21,1: 3). Qeyd olunur ki, yaşayış evlərinin (mənzillərin) tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, istifadə üçün həyətyanı torpaq sahələri, eləcə də həmin tikililərə və torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan yaşayış evinin planlı yerləşməsini, o cümlədən yaşayış evinin bir tərəfdən küçə ilə, digər tərəflərdən isə qonşu evlərlə əhatə olunduğunu, evin yerləşdiyi torpaq sahəsinə küçə tərəfdən yalnız bir girişçıxış qapısı olduğunu, yaşayış evinin yalnız bir mətbəx və bir sanitar qovşağından ibarət olduğunu, ayrı-ayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmadığını nəzərə alaraq, həmin yaşayış evinin tərəflər arasında ½ hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 20.08.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 21.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən; 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 107 saylı ev paylı mülkiyyət hüququ əsasında X1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə 21.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, Cavabdeh adına 1/3 hissədə 27.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 217 saylı reyestr kitabının 44 saylı vərəqində **********68-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin yaşayış evindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olduğundan iddiaçı fərdi yaşayış evinin paylara uyğun naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.10.2021-ci il tarixli 10/3625 saylı rəyinə əsasən, ünvan ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında ½ hissəyə naturada bölünməsinin “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirib sübut kimi nəzərə alaraq hesab edir ki, ünvan ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında ½ hissəyə naturada bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilə bilməz və iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar