Məhkəmə qərarları › İş №2(012)-1196/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1196/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1196/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı “yaşayış evindən çıxarılma və yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun oğlu X5 ilə birgə nikahlarından dünyaya gələn azyaşlı uşaqları X6 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından çıxarılması, həmin ünvana cavabdehin pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yaşayan Cavabdeh həmin yaşayış evindən çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh onun oğlu X5 ilə xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra kirayə evə köçmüşdürlər. Daha sonra aylıq kirayə haqqını ödəyə bilmədiyi üçün oğlu öz arvadını ona məxsus olan ünvan 1 ünvanına gətirmişdir. Başqa yaşayış yerləri olmadığı üçün o, oğlunun və cavabdehin müvəqqəti olaraq onun evində yaşamasına etiraz etməmişdir. Cavabdeh həmin ünvanda faktiki olaraq yaşadığı üçün həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Lakin cavabdehin həmin evdən istifadə hüququnun yaranması üçün onunla cavabdeh arasında notarial qaydada razılaşma olmamışdır. Qurbanova X3 rayon Məhkəməsinə müraciət edərək X5 ilə aralarındakı nikahın pozulmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)- 444/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X5 arasındakı nikah pozulmuşdur. Cavabdehin həmin evdən istifadə hüququ olmadığına görə onun razılığı olmadan həmin evdə yaşaması qanunsuzdur. O, cavabdehdən evi tərk etməsini və özünə məxsus olan əşyaları evdən çıxarmasını tələb etsə də cavabdeh onun bu tələbini yerinə yetirməmişdir və hazırda da onun evində yaşamağa davam edir. Bu isə mülkiyyətçi kimi onun hüquqlarının pozulması deməkdir. Cavabdehin onun mülkiyyətində olan evdəki pasport qeydiyyatı isə formal xarakter daşıyır və istifadə hüququ olmadığına görə mənzildən çıxarılmaqla birlikdə pasport qeydiyyatı da ləğv olunmalıdır. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, iddia tələbini müdafiə edirəm. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdeh ilə rəsmi nikaha daxil olduqda Cavabdeh kirayə evə gəlin gəlmişdir. Hətta onun anası aylarla onların kirayə pulunu vermişdir. Cavabdeh ilə rəsmi nikahından bir qız övladı olmuşdur. Qızı birinci sinifə gedəndə qızını qeydiyyata salmağı tələb etdilər. Bu zaman onun anası özünə öz maddi vəsaiti ilə fərdi yaşayış evi almışdı. Anası İddiaçı müvəqqəti olaraq onları mübahisə predmeti olan evə qeydiyyata salmağa və onlar yeni evə köçənədək evdə qalmağa icazə vermişdir. Bu səbəbdən o, övladı və keçmiş həyat yoldaşı 2018-ci il tarixdə mübahisə predmeti olan evə qeydiyyata düşmüşlər. 2018-ci ilədək onlar ancaq kirayədə yaşamışlar. Kirayə qaldıqları evlərdə kirayə verən ilə onun arasında kirayə müqaviləsi bağlanmadığı üçün kirayə müqavilələrini məhkəməyə təqdim edə bilmir. 2019-cu ilin noyabr ayında cavabdeh məhkəməyə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmiş və onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Hal-hazırda cavabdeh onlara yad bir şəxsdir və ev onun anasına məxsusdur. Bu səbəbdən də hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan əlavə cavabdeh özünə məxsus bütün cehiz əşyalarını birgə nikah dövründə kirayə pulunu vermək üçün özü satmışdır. Mübahisə predmeti olan evdə bütün əşyalar onun anasına məxsusdur. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə onun arasında heç bir problem yoxdur. Hazırda o, mübahisə predmeti olan evdə qalır və getməyə başqa yeri yoxdur. İddiaçı onun keçmiş həyat yoldaşının anasıdır. Keçmiş həyat yoldaşı qumar aludəçisidir və onun bütün cehiz əmlaklarını satmışdır. İddiaçı oğlunun onun haqqımda dediyi şərböhtanlara inanır. Onun azyaşlı uşağı var və onun kirayə evə çıxmaq üçün maddi imkanı yoxdur. O, X5 ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur və Xətai rayonu, Köhnə Günəşli, İnqilab İsmayılov 69 ünvanına gəlin köçmüşdür. Xətai rayonu, Köhnə Günəşli, İnqilab İsmayılov 69 ünvanında 2-3 il kirayədə yaşadıqdan sonra Xəzər rayonuna köçmüşlər. Bir sözlə 2018-ci ilədək Bakının müxtəlif rayonlarında yerləşən evlərdə kirayə qalmışlar. Tez-tez ev dəyişdirməklərinin səbəbi isə keçmiş həyat yoldaşının qumar borcu olması səbəbi ilə kirayə haqqını ödəyə bilməməkləri olmuşdur. Ailəsi o, evlənəndə ona 20000 manat dəyərində cehiz əşyaları vermişdir və keçmiş həyat yoldaşı X5 qumar borcuna görə bütün cehiz əşyalarını satmışdır. Onun hazırda qeydiyyatda olduğu və 2018-ci ildən bəri yaşadığı evdən başqa getməyə yeri yoxdur. Tək olsa gedə bilərdi, lakin uşağı ilə ata evinə qayıda bilməz. Ata evində anası, qardaşı, qardaşının həyat yoldaşı və uşaqları qalır. İddiaçının 5 evi vardır. Lakin onun qalacaq başqa yeri və ya kirayə ev tutmağa pulu yoxdur. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 17000 manat qiymətinə alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QvŞV bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, X6 qeydiyyatdadırlar. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 444/2020 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 2007 №-li akt qeydli nikahın pozulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı AN-İ № ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışı ilə öz adına qeydiyyata almışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-444/2020 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 2007 №-li akt qeydli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Abşeron RPŞ QvŞV bölməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, X6 qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün cavabdehin yaşayış sahəsi üzrə istifadə hüququna xitam verilməklə həmin yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın və cavabdehin həmin evə istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar