Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1197/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 105- K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə “zona nəzarətçisi” vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2017-ci il tarixdə Cavabdehndə fəhlə kimi işə başlamış, xx.xx.2019-cu il tarixdə “çilingər” vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə isə səhhətindəki narahatlıqlara bağlı onun təşəbbüsü ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Təxminən 3 ay sonra ona yenidən həmin müəssisədə işləmək təklif edilmişdir. O da həmin təklif ilə razılaşmış və xx.xx.2021-ci il tarixdə Cavabdehndə “zona nəzarətçisi” kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində hər hansı intizam pozuntusuna yol verməmiş, vəzifəsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 22-23 radələrində müdir ona zəng edərək müəssisədə işləyən əmisi oğlunun oğurluq etdiyini bildirmiş və onun ora gəlib-gələ bilməyəcəyini soruşmuşdur. Həmin gün onun istirahət günü olduğundan müəssisəyə getməmişdir. Növbəti gün o, işə getmiş və onlara quşların sayılaraq hesabat aparılmasını bildirmişdirlər. Sentyabr ayının 30-u axşam saatlarında müdir onu yanına çağıraraq işdən müvəqqəti uzaqlaşdırıldığını bildirmiş və oktyabr ayının 1-dən onu işə çağıracaqları vaxta qədər işə gəlməməsini demiş, o da oktyabr ayından etibarən işə getməmişdir. Bir neçə dəfə müəssisə ilə əlaqə saxlayaraq işdən çıxarılıbçıxarılmaması ilə bağlı ona məlumat verilməsini, işdən çıxarılacağı təqdirdə onun gələcəkdə işə düzəlməsinə maneə yaratmayacaq şəkildə müqaviləyə xitam verilməsini bildirmişdir. Cavabdeh təşkilat tərəfindən ona işdən çıxarılmadığı bildirilmişdir. Oktyabr ayının 14-ü isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən çıxarıldığını bilmişdir. O, işdən çıxarılmasının səbəbini soruşduqda cavabdeh təşkilat tərəfindən əmisi oğlunun etdiyi oğurluğa görə onun da işdən çıxarıldığı bildirilmişdir. Lakin ona işdən çıxarılması ilə bağlı əmr və Həmkarlar İttifaqının protokolu təqdim edilməmişdir. O, işdən çıxarılması ilə bağlı əmri almaq üçün müəssisəyə getdikdə ona yalnız əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verilmişdir. Bildirir ki, həmin oğurluq hadisəsinə görə istintaq hələ də davam edir və o da polis idarəsinə çağırılaraq izahat vermişdir. Törədilən oğurluq hadisəsində onun iştirakı olmadığı müəyyən olunduğuna görə məsuliyyətə cəlb edilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən çıxarıldığına görə hal-hazırda heç bir yerdə işləyə bilmir. Əmək kitabçasında həmin qeydi görən kimi onu işə götürməkdən imtina edirlər. Bildirir ki, onun 1 azyaşlı qızı vardır. İşləmədiyinə görə o, övladının xərclərini qarşılaya bilmir, dolanışıqlarını qarşılamaq üçün məcburiyyətdən yaşlı və xəstə anası işləməyə başlamışdır. Bütün bunlar ona pis təsir edir, ailə başçısı kimi evinin və ailəsinin xərclərini qarşılaya bilməməsini fikirləşmək ona mənəvi iztirab verir. O, qanunvericiliyə uyğun olaraq mediasiya prosesindən keçmiş, lakin cavabdehin səlahiyyətli nümayəndələri xx.xx.2024-cü il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulan X4 iştirak etmədiyi üçün iclas baş tutmamışdır. Göründüyü kimi işin faktiki hallarına əsasən onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan hər hansı bir pozuntu törədilməmişdir. Müəssisədə oğurluq hadisəsi baş verən zaman, yəni 27 sentyabr 2024-cü ildə o, işdə olmamışdır, həmin gün onun istirahət günü olmuşdur. Həmçinin o, Həmkarlar İttifaqının iclasına çağrılmamış və bununla da özünü müdafiə etmək hüququndan məhrum edilmişdir. İşdən çıxarılması barədə əmr və Həmkarlar İttifaqının protokolu ona təqdim edilməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi onun 28 sentyabr 2024-cü ildə işdə olmadığını bildirsə də o, 29-30 sentyabr 2024-cü il tarixlərində şirkətin direktor müavini Vüsal Əliyev onu ofisə çağırmış və onu işdən müvəqqəti uzaqlaşdırdıqlarını bildirmişdir. Qeyd edir ki, o, 2014-2015-ci illərdən etibarən təxminən 10 il müddətinə cavabdeh təşkilatda işləmişdir. İşdən çıxarıldığından övladının saxlanması üçün ayda 200 manat aliment ödəyə bilmir. O, direktor müavini Vüsal Əliyevin göstərişi ilə işə gəlməmişdir. İşə çıxacağı halda isə mühafizəçi onu işə buraxmayacaqdı. Bir gün o, cavabdeh şirkətə zəng edərək maaşının yüklənməməsinin səbəbini soruşmuş, bununla bağlı şikayət edəcəyini bildirdikdən sonra maaşını vurmuşdurlar. Oğurluq ilə bağlı deyilənlərə gəldikdə isə bildirir ki, o, işlədiyi vaxt 1200 manat məbləğində maaş almışdır, bu səbəbdən o, belə bir hərəkəti etməmişdir. Bildirir ki, o, xx.xx.2024-cü il tarixdə o, əmək kitabçasını götürmüşdür. Onun əslində cavabdeh şirkətdə işləmək niyyəti yoxdur. O, sadəcə əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilməsi barədə qeydin silinməsini istəyir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X8 izahatında bildirdi ki, 2024-cü ilin sentyabrın 27-dən 28-ə keçən gecə İddiaçı və onun əmisi oğlunun işlədiyi müəssisədə 43000 manat dəyərində oğurluq hadisəsi baş vermiş, İddiaçı əmisi oğlu isə orada mühafizəçi olmuşdur. Müəssisədən 3000-ə yaxın toyuq oğurlanmış, bu hal toyuq yeminin də əlavə olaraq sərf edilməsinə səbəb olmuşdir. İddiaçı gecə ilə hadisə zamanı müəssisəyə çağırılmış, lakin istirahət günü olduğu üçün oraya gəlməmişdir. İddiaçının əmisi oğlu oğurluq əməlinin törədilməsində ittiham olunmuşdur və fakt ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edir ki, iddiaçı işə çıxmadığına görə işdən uzaqlaşdırılmış və işə gəlmədiyinə görə izahatını almaq üçün çağırılmışdır. Lakin iddiaçı izahat vermək üçün gəlmədiyinə görə bununla bağlı onlar tərəfindən akt tərtib edilmişdir. Daha sonra bir dəfə Pirəkəşkül kəndinə məktub göndərilmiş, ancaq cavab gəlmədiyinə görə akt tərtib edilmişdir. İddiaçının əmisi oğlu barəsində gedən istintaq prosesində iddiaçı məhkəmə prosesinə şahid qismində çağırılmış, amma prosesə gəlməmişdir. Cavabdeh şirkət tərəfindən 30 sentyabr 2024-cü ildə bildiriş göndərilmiş, 01 noyabr 2024-cü ildə “ünvan tapılmır” qeydi ilə bildiriş geri qaytarılmışdır. İddiaçı özü də faktiki olaraq qeyd edilən dövrdə işdə olmadığını etiraf etmişdir. Keçən müddət ərzində iddiaçı öz hüquqlarını qoruya biləcəyi halda bunu etməmiş, gözləntisi olduğu üçün məhkəməyə vaxtında müraciət etməmişdir. Bundan əlavə cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, tərəflərindən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş, lakin iddiaçı iddia müddətini ötürərək, xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, İddiaçı iddia müddətini ötürdüyündən hazırki tələbə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan “İşçinin iş vaxtında iş yerində olmaması haqqında” 28 sentyabr 2024cü il tarixli, 02 nömrəli; 05 oktyabr 2024-cü il tarixli, 03 nömrəli; 07 oktyabr 2024-cü il tarixli, 01 nömrəli; 09 oktyabr 2024-cü il tarixli, 02 nömrəli və 12 oktyabr 2024-cü il tarixli, 03 nömrəli aktlardan görünür ki, 28 sentyabr 2024-cü il tarixində, saat 08:00-dan 12 oktyabr 2024-cü il tarixinə qədər işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində Zona nəzarətçisi İddiaçı iş yerində olmaması müəyyən edilmiş və bu faktı Akt Kadrlarla şöbəsinin İnsan Resursları üzrə mütəxəssisi X6 və direktor müavini X10, təchizatçı X2, tərəzi operatoru X7, baş mühasib X1 və hüquqşünas X8 öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan 14 oktyabr 2024-cü il tarixli, 105-k nömrəli əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2024cü il tarixdən tutduğu “Zona nəzarətçisi” vəzifəsindən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli əmək müqaviləsinə 14 oktyabr 2024-cü il tarixli, 105-k nömrəli əmr əsasında xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “İşçinin iş vaxtında iş yerində olmaması haqqında” 28 sentyabr 2024-cü il tarixli, 02 nömrəli; 05 oktyabr 2024-cü il tarixli, 03 nömrəli; 07 oktyabr 2024-cü il tarixli, 01 nömrəli; 09 oktyabr 2024-cü il tarixli, 02 nömrəli və 12 oktyabr 2024-cü il tarixli, 03 nömrəli aktlardan görünür ki, İddiaçı iş yerində olmaması müəyyən edilmiş və bu faktı Kadrlarla şöbəsinin İnsan Resursları üzrə mütəxəssisi X6, direktor müavini X10, təchizatçı X2, tərəzi operatoru X7, baş mühasib X1 və hüquqşünas X8 öz imzaları ilə təsdiq olunmuş və Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən həmin fakta əsaslanaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən “Zona nəzarətçisi” vəzifəsindən azad edilməsi barədə 14 oktyabr 2024-cü il tarixli, 105-k nömrəli əmr imzlanmışdır. İddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş,əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan başqa iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutlar müəyyən edilmədiyi əsası ilə iddianın rədd edilməsi nəticəsinə gəlindiyindən,məhkəmə hesab edir ki,bu hal Cavabdeh MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinin müzakirə olunmasına zərurəti də aradan qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh xx.xx.2024-cü il tarixli, 105-K nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə “zona nəzarətçisi” vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1197/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1197/2025
02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver