Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1198/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Hüseynova Pərvanə Valeh qızının Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs: Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi) mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs: Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi) mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil- 35-dən çıxarılması və İddiaçı həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 2 övladı anadan olmuşdur. İddiaçı məcburi köçkün olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-də yerləşən mənzil ona verilmiş, ailəsi ilə birgə orada yaşamışdır. Cavabdehlə arasında baş verən münaqişələrdən sonra aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda isə cavabdeh övladları ilə birgə orada yaşayır və iddiaçını həmin mənzilə daxil olmağa qoymur. Cavabdehin başqa yerdə evi var, lakin iddiaçının tək yaşayış yeri həmin mənzildir. İddiaçı kuryer işləyir və aylıq əmək haqqı 230 manat təşkil edir. Ayrı yerdə kirayədə yaşamağa maddi imkanı yol vermir. Mübahisəli mənzilin əsas mülkiyyətçisi odur və mənzil müqaviləsi də onun adına bağlanmışdır. Lakin, cavabdeh qanunsuz olaraq ona məxsus evdə yaşayır, habelə ögey qardaşı da ona məxsus evə gələrək orada yaşayır. Əlavə olaraq, cavabdeh həmin evdən əxlaqsız yuva kimi də istifadə edir. Bir neçə dəfə qonşular bu barədə ona məlumat vermişlər. Belə bir halda onların həmin mənzildə birgə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyib izahatında bildirdi ki, iddiaçı ilə ailə münasibətləri pozulmuşdur, onların biryerdə yaşamaları mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 21 avqust 2013-cü il tarixli, 9-35 №-li Xüsusi Təyinatlı Yaşayış X1 müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsi Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-də yerləşən, Dövlət Mənzil Fonduna aid, ümumi sahəsi 64,8 kv.metrdən, yaşayış hissəsi 61,5 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçinin ailə üzvləri Cavabdeh və X3 ibarətdir. Mülki işin materiallarında olan 383191 №-li nikahın pozulması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 və Cavabdeh nikahı Zəngilan Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 26.03.2020-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində xitam verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.04.2021-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olmuş, övladları ilə birgə mübahisəli mənzildə yaşamışlar. Mübahisəli mənzil iddiaçıya və onun ailə üzvlərinə məcburi köçkün olduğu üçün müqavilə əsasında verilmişdir. İddiaçı və cavabdehin arasındakı rəsmi nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh həmin mənzildə yaşamış və iddiaçının həmin mənzilə daxil olmasına maneçilik törətmişdir. İddiaçı hazırda həmin mənzilə köçürülməsini zəruri hesab edir. Onların birlikdə yaşaması mümkün olmayacağı üçün cavabdehin həmin mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153-4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüququ eyni bərabər müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı asayiş sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100 3-cü -maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə işin araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək hesab edir ki, İddiaçı məcburi köçkün olduğu üçün ona ailə üzvləri ilə birlikdə verilən Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35 ünvanındakı mənzildən tərəflərin hər ikisinin istifadə hüququ möcvud olduğundan iddia tələbi İddiaçı həmin mənzilə köçürülməsi hissəsində əsaslı olmaqla təmin edilməli, cavabdehin həmin mənzildən çıxarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, ev-9, mənzil-35-ə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1198/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1198/2021
24.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver