Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1200/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 16 iyul 2011ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 1041 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli, 1041 №-li qeyd aparılmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında cavabdeh ilə mehriban yaşamış, lakin müəyyən vaxt keçdikdən sonra vaxtaşırı aralarında söz-söhbətlər və mübahisələr olmuş, buna baxmayaraq ailənin saxlanılması üçün səylər göstərmişdirlər. Son aylar aralarındakı münasibət yenidən pisləşmiş, buna görə də ayrılmaq qərarına gəlmişdirlər. Üç aydan artıq vaxtdır ki, cavabdeh ilə ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur, cavabdehin özü də nikahın pozulmasına razıdır. Hazırda cavabdeh ilə ümumi birgə mülkiyyətlərinin bölünməsinə, uşaqların onun himayəsində qalmasına və aliment tələbinə dair hər hansı mübahisə yoxdur və bununla bağlı aralarında Bakı 9 saylı Mediasiya təşkilatında Barışıq Sazişi imzalamışdırlar. Buna görə də o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul edir, boşanmağa razıdır, boşandıqdan sonra birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun yanında qalması barədə razılığa gəlmişlər. Onlar arasında uşaqlar və alimentlə bağlı mübahisə mövcud deyildir. Odur ki, o, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasını xahiş etdi. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 683373 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 16 iyul 2011-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 1041 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 952628 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 iyul 2012-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 760146 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 fevral 2016cı ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1.1. Tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir; 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Birinci tərəfin (Ananın) himayəsinə verilsin; 1.3. İkinci tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ayın 10-na qədər 470 (dörd yüz yetmiş manat) AZN aliment məbləğini Birinci tərəfə (Anaya) ödəyəcək; 1.4. Tərəflər razılaşdılar ki, İkinci tərəf birgə nikahdan dünyaya gəlmiş övladlar - xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X6 ilə uşaqların gündəlik rejimlərini pozmamaq şərti ilə və vaxtı öncədən razılaşdırmaqla görüşə və ünsiyyət yarada bilər; 1.5. Tərəflər razılaşdılar ki, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən **********98-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında yerləşən mənzildə olan payları aşağıdakı şəkildə müəyyənləşdiriləcək:1) Birinci tərəf əmlakın 2\3 (üçdə iki) hissəsini; 2) İkinci tərəf əmlak 1\3 (üçdə bir) hissəsini əldə edəcək; 1.6. Tərəflər öhdəlik götürür ki, Barışıq Sazişi imzalandıqdan sonra 10 (on) iş günü ərzində əmlakın pay bölgüsünün notariat qaydada təsdiqi üçün notariusa müraciət edəcəklər; 2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 12. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasıya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 15.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 15.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 15.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 15.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);
16. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 17. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; 18. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 19. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 20. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 21. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 22. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 23. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 24. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflər arasında olan faktiki ər-arvad münasibətləri bir müddətdir ki, pozulmuşdur. Ona görə də məhkəmə ailənin bərpa edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. İddiaçının məhkəmədə nikahın pozulmasında israrlı olmasını, həmçinin cavabdehin nikahın pozulmasına razı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmalıdır. Uşaqların kiminlə qalması və aliment ilə bağlı tərəflər arasında razılıq əldə olunaraq bu barədə barışıq sazişi imzalandığından, məhkəmə hesab edir ki, həmin məsələlərə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 16 iyul 2011-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış 1041 saylı nikah pozulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov