Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1213/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Kazımovun sədrliyi, Tağıyev Namiq Musa oğlunun katibliyi, iddiaçı xxxx” MTK-nın nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MTK-nın Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin, maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş 47826 manat məbləğində pul vəsaitinin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və bütün maliyyə arayışlarının ləğv edilməsini, Cavabdeh “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzildən çıxarılmasını, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 47826 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə cavabdehə geri qaytarılmasını, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddiaçıya dəymiş 30.000 manat məbləğində maddi və 30.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı “xxxx” MTK arasında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 495 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında iddiaçı “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 52,646 manat, ilkin ödəniş 4000 manat, aylıq ödəniş 1351 manat, kreditin müddəti isə 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca (kreditin müddəti başa çatdığına baxmayaraq borc ödənilməmişdir) yerinə yetirilmədiyi üçün cavabdehin xx.xx.2020-ci il tarixə 4820 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 26 saylı, xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. xx xxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, cavabdehdə olan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 47826 manat məbləğində vəsait geri qaytarılmalıdır. Belə ki, “xxxx” MTK yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi materialların alınması mümkün olmur. Nəticədə, binalarda tikinti işləri iflic vəziyyətə düşür, MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK maddi və mənəvi ziyana məruz qalmışdır. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Odur ki, iddiaçı “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzildən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 47826 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə cavabdehə geri qaytarılması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya dəymiş 30.000 manat məbləğində maddi və 30.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, parfumeriya işi ilə məşğuldur və bir neçə ticarət mərkəzində mağazaları vardır. Ölkədə hökm sürən pandemiya səbəbindən işləri dayanmış, qazanc əldə edə bilmir və hazırda taksi fəaliyyəti ilə məşğul olur. Lakin pandemiyaya qədər ödənişləri vaxtlı-vaxtında etmişdir. Sonuncu dəfə “xxxx” MTK-nın ofisinə gedib 2200 manat məbləğində ödəniş etmək istəsə də, həmin məbləğ MTK tərəfindən qəbul olunmamış və ondan gecikmiş ödənişlərin tam ödənilməsi tələb edilmişdir. Hazırda maddi imkanı olmadığı üçün gecikmiş məbləği tam ödəyə bilmir, lakin ödənişləri ödəməkdən boyun qaçırmır. Mənzilin ümumi dəyəri 52,646 manat təşkil edir və onun tərəfindən bu günədək 47826 manat məbləğində ödəniş olunmuşdur. Bu hal da onun bu günədək müqavilə öhdəliklərini vaxtında icra etməsinə dəlalət edir. Bundan əlavə, o, MTK-dan mənzil alarkən tam təmirsiz vəziyyətdə olmuşdur. O, yaşayış üçün mənzilini təmir etdirmiş və xeyli miqdarda pul vəsaiti xərcləmişdir. Belə olan halda hazırki mövcud vəziyyətlə bağlı ona hər hansı güzəşt olunmadan, cəmi 4820 manat məbləğində qalıq borca görə onun mənzildən çıxarılması barədə iddia tələbi tam əsassızdır. Sonda cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 495 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, “xxxx” MTK-ya Daşınmaz Əmlakın Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarış ilə mülkiyyətində olan, Saray qəsəbəsi ərazisində yerləşən 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. “İcraçı” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “Payçı” Cavabdeh arasında bağlanmış 000314 saylı, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, “İcraçı” Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, 2-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzili “Payçı”ya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndindən görünür ki, “Payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərindən görünür ki, mənzilin ümumi dəyəri 52,646 manat, ilkin ödəniş 4000 manat, aylıq ödəniş 1351 manat, kreditin müddəti isə 40 ay təşkil edir. Müxtəlif tarixlərdə ödənilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2ci bina, 2-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzilin dəyərindən cəmi 47826 manat ödəmişdir. xx xxxxxx 2020-ci il tarixli, 005739 saylı maliyyə arayışından görünür ki, Cavabdeh sonuncu dəfə MTK-ya 1300 manat pul ödəniş etmiş, 4820 manat qalıq borcu qalmışdır. 26 saylı, xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh 4820 manat məbləğində qalıq borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İş materiallarından görünür ki, tərəflər arasında Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 2-ci bina, 2-ci mərtəbədə yerləşən 2 otaqlı, 1 A saylı mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi barədə 000314 saylı, xx xxxxxx 2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilə sadə yazılı müqavilə olmaqla müqavilə tərəfləri “icraçı” və “payçı” kimi göstərilmişdir. Müqavilənin bağlanması müqavilə tərəflərinin heç bir məcbur etmə hallarına məruz qalmayan iradə ifadəsi nəticəsində baş tutmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mübahisə predmeti olan mənzilin ümumi dəyəri 52,646 manat, ilkin ödəniş 4000 manat, aylıq ödəniş 1351 manat, kreditin müddəti isə 40 ay təşkil etmişdir. Cavabdeh müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh tərəfindən mənzilin ümumi dəyərindən bu günədək 47826 manat ödəniş olunmuşdur. Lakin xx.xx.2020-ci il tarixə cavabdehin 4820 manat borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyi, bunun nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu əsas ilə sözügedən müqavilənin və bütün maliyyə arayışlarının vaxtında əvvəl ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırki mübahisə üzrə iddiaçı tələbini cavabdeh tərəfindən müqavilənin şərtlərini pozduğu, bunun nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə əsaslandırsa da, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında bağlanmış 000314 saylı, xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə mənzilin ümumi dəyəri kimi müəyyən olunmuş 52,646 manat məbləğin 47826 manat hissəsi, yəni əksər hissəsi cavabdeh tərəfindən müqavilə şərtləri üzrə vaxtlı-vaxtında iddiaçıya ödənilmişdir. Cavabdeh tərəfindən bu günədək müqavilə öhdəliklərinin böyük hissəsinin icra edilərək 52,646 manat məbləğində ümumi borcdan cəmi 4820 (dörd min səkkiz yüz iyirmi) manat ödənilməmiş məbləğin qalması iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmadığının göstəricisidir. Həmçinin cavabdehin 4820 (dörd min səkkiz yüz iyirmi) manat məbləğində borcunu hazırda üzrlü səbəbdən birdəfəlik ödəməyə maddi imkanının olmaması onun müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh tərəfindən bu günədək öhdəlikləri tam icra edildiyi halda, hazırda şəraitin dəyişməsi nəticəsində, yəni dünyada, eləcə də ölkə ərazisində hökm sürən pandemiya dövründə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş bəzi qadağalar nəticəsində cavabdehin maddi vəziyyətinin pisləşməsi, bununla da onun tərəfindən öhdəliyin yerdə qalan az hissəsini vaxtında icra olunmaması, onun müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması kimi qəbul edilərsə, bu onun mənzildən məhrum edilməsi ilə nəticələnəcəkdir. Həmçinin, cavabdeh MTK-dan yeni inşa olunmuş mənzil almış, mənzilini tam təmir etdirmiş və xeyli miqdarda pul xərcləmişdir. Bu da qanuni olmamaqla yanaşı, həmçinin ədalətli də deyildir. Digər tərəfdən məhkəmə araşdırması dövründə cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyin tam icrası ilə bağlı hərəkətlər olunduğu müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh 4820 (dörd min səkkiz yüz iyirmi) manat borcun ödənilməsi ilə bağlı hərəkətsiz qalmadığını, bir neçə dəfə “xxxx” MTK-nın ofisinə gedib 2200 manat məbləğində ödəniş etmək istəsə də, həmin məbləğin MTK tərəfindən qəbul olunmadığını göstərmişdir. İddiaçının nümayəndəsi cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edərək, həqiqətən də cavabdeh tərəfindən “xxxx” MTK-ya olan borcundan 2200 manat məbləğində ödəniş edilməsinin təklif edildiyini təsdiq etsə də, MTK tərəfindən borcun tam ödənilməsi tələbi ilə təklifin qəbul edilməsindən imtina edildiyini göstərmişdir. Göstərilən hal cavabdeh tərəfindən bu günkü gün də müqavilə öhdəliklərinin icrasından yayınmadığına dəlalət edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməmiş, onun tərəfindən müqavilənin əksər hissəsi artıq icra edilmişdir. İcra edilmiş öhdəliklərə münasibətdə yerdə qalan 4820 (dörd min səkkiz yüz iyirmi) manat məbləğində borcun icrasının gecikdirilməsi, həmin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən bu günkü gün də hərəkətlərin olunması tərəflər arasında bağlanmış müqavilənin, həmçinin cavabdeh tərəfindən öhdəliklərin icrasını təsdiq edən maliyya arayışlarının ləğv edilməsi üçün əsas deyildir və iddiaçının tələbi rədd edilməlidir. İddiaçının digər tələblərinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış kompleksinin 2-ci binasının, 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 1 A saylı mənzilə dair xx xxxxxx 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və bütün maliyyə arayışlarının ləğv edilməsi tələbi əsassız olduğundan, həmin tələbdən irəli gələn cavabdehin mənzildən çıxarılması, ödənilmiş 47826 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə cavabdehə qaytarılması, 30000 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbləri də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddianı əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyinə görə, məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1213/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1213/2021
13.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver