Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1223/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmək müqaviləsinə xitam verilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə 11 aprel 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildən bu günə kimi açılan əmək müqaviləsinin ləğv edilib ona dəymiş 10000 manat maddi və mənəvi ziyanın ödənilməsini, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 120 manat və mediasiya ödənişi kimi ödənilən 50 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2016-cı ildən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən “İbrahim” marketə iş ilə bağlı müraciət etmişdir. xx.xx.2016-cı il tarixdə “İbrahim” marketin müdiri olmuş Cavabdeh onu işlə tanış etmiş və hər hansı müqaviləyə qol çəkdirmədən işə götürmüşdür. O, xx.xx.2016-cı il tarixdən “İbrahim” marketdə 150 manata satıcı vəzifəsində işə başlamışdır. Ona iş şərtləri ilə bağlı 8 saatlıq iş rejimi və həftədə 1 gün istirahət günü olduğu bildirilmişdir. O, xx.xx.2016-cı il tarixdən həmin marketdə satıcılıq edərək bütün şöbələrdə çalışmış, xx.xx.2017-ci il tarixə qədər müqaviləsiz işləmişdir. Bir gün dövlət tərəfindən tələb edildi ki, işçilərə müqavilə açılmalıdır. Cavabdeh işçiləri çağırıb demişdir ki, müqavilə üçün şəxsiyyət vəsiqələrini sabah işə gələndə gətirsinlər. O, şəxsiyyət vəsiqəsini gətirərək Cavabdeh təqdim etmiş, sonra yenidən işinə davam etmişdir. Cavabdeh onu çağırıb sənədlərə qol çəkməli olduğunu demiş, o da sənədlərə imza atıb vermişdir. Daha sonra o, səhhəti ilə bağlı bir neçə dəfə icazə istəmiş, lakin cavabdeh tərəfindən müalicə üçün icazə verilmədiyinə görə işdən çıxmaq məcburiyyətində qalmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh ona nə əmək kitabçasını, nə bir sənəd, nə bir arayış vermədən işdən azad etmişdir. Onun 3 övladı vardır, uşaqları dolandırmaq üçün bu market evə yaxın olduğuna görə məcburiyyətdən həmin marketdə işləmişdir. Sözügedən marketdə işlədiyi müddətdə heç bir istirahət, əlavə əmək haqqı və məzuniyyət almamış, aylıq 150 manat maaşa işləmişdir. Pandemiya vaxtında o, 190 manat yardım almaq üçün müraciət etmiş, ancaq ona yardım verilməmiş, bunun səbəbi də bildirilməmiş, sadəcə söyləmişdirlər ki, ona yardım düşmür. Daha sonra o, işə qəbul ola bilməmiş, vəziyyəti pisləşmiş, bu səbəbdən məcbur olub uşaqlara baxmaq üçün və dolanmağa görə borc götürmüş, lakin borc götürdüyü pulları ödəyə bilməmişdir. O, məcbur olub onlara məxsus torpaq sahəsini dəyər-dəyməzinə satmış, bir müddət sonra bir neçə dövlət müəssəsinə müraciət etmiş, amma ona iş verməmişdirlər. Rusiya Federasiyasında olan həyat yoldaşının səhhəti yenidən ağırlaşmış, orada heç işləyə bilməmiş və xəstəxanada müalicə olunan zaman dünyasını dəyişmişdir. Onun imkanı olmadığına görə həyat yoldaşının nəşini Azərbaycan Respublikasına gətizdirə bilməmişdir. O, bu müqaviləyə görə böyük ailə faciəsi və itki ilə üzləşmiş, imkansızlıqdan aldığı travmalardan ağır vəziyyətlərə və depressiyaya düşmüşdür. Onun qohumları yığılıb həyat yoldaşının yas mərasimini təşkil etmiş, ərzaq dükanlarına, kommunallara yığılmış borclarını ödəmişdirlər. Həyat yoldaşının yas mərasimində qonşusu ona “Azərsun” şirkətində işləməyi təklif etmiş, sənədlərini götürüb idarəyə müraciət etməsini, orada ona köməklik göstərəcəklərini bildirmişdir. O, sənədlərini götürüb “Azərsun” şirkətinə getmiş, normal qaydada qarşılanıb sənədlərini ondan almış və bildirmişdirlər ki, həftənin 1-ci günü işə başlamalıdır. O, sevinərək 1-ci gün işə getmiş, qapıda ona bildirmişdirlər ki, onun adı “İbrahim” marketdə işçi kimi gedir və müqavilə xx.xx.2017-ci ildən aktivdir. O, xx.xx.2021-ci ildə Cavabdeh qapı-pəncərə sexinə getmiş, cavabdehə problemi bildirmiş və cavabdehdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə ona cavab vermişdir ki, ona görə VÖEN-nini yenidən aça bilməz, özü üçün problem yaranar. O, cavabdehə sual verdim ki, bəs o, necə dolansın, sonra harada işləsin və hara getsin!? Cavabdeh isə ona söyləmişdir: “Get, kimə şikayət edirsən, et, heç kim mənə heç nə edə bilməz, mənlik deyil. Bir də nə bura gəl, nə də məni narahat et”. O, dəfələrlə cavabdehdən xahiş etsə də cavabdeh onun zəifliyindən, sənədlərdən başının çıxmadığından, imkansızlığından və tək qadın olduğundan istifadə edib onu hədələmişdir ki, get, kimə şikayət edirsən, et mən sənə kömək edə bilməyəcəyəm. xx.xx.2021-ci il tarixdən bu günə kimi o, bu müqaviləni ləğv etdirə bilməmiş və işsiz qalmışdır. Bir nəfər xx.xx.2024-cü il tarixdə ona demişdir ki, eyni hadisə onun qohumunun da başına gəlmişdir, həmin şəxsdən bu məsələni necə həll etdiyini soruşmaq lazımdır. Onlar həmin şəxsdən zəng edib məsələnin həlli ilə bağlı soruşduqda həmin şəxs onlara DOST xidmətindən arayış, ASAN xidmətdən Asan imza almağı, sonra mediasiya təşkilatına məktub və ərizə ünvanlamağı, cavab gəldikdən sonra Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etməyi tövsiyə etmişdir. Bundan əlavə o, adına bağlanmış xx.xx.2017-ci ildən bu günə kimi açıq qalan əmək müqaviləsinin ləğv edilib ona dəymiş 10000 manat maddi və mənəvi ziyanın ödənilməsini istəyir. Onun iddiasının təmin edilməsi qanuni və əsaslıdır. Belə ki, xx.xx.2017-ci ildən bu günə kimi işləyə bilmədiyinə görə hər ay üçün 150 manat almasını, illərdir, ona dəymiş mənəvi, psixoloji vurulan ziyanları, aldığı bu travmalarla bağlı yaranan xəstəliklərinin nəzərə alınmasını xahiş edir. Onu cavabdeh ilə bağlanmış əmək müqaviləsinə görə heç bir müəssisə, heç bir dövlət idarəsi işə götürmür. O, tək ailə başçısıdır və övladlarını necə dolandırmalı, yaşadığı mənzilin kommunal ödənişlərini necə ödəməli olduğu və bu kimi halların nəzərə alınmasını istəyir. O, hazırda çox pis, çarəsiz və köməksiz vəziyyətdədir, belə ki, onu heç bir yerdə işə götürmürlər. Hazırda onun adına əmək müqaviləsi vardır və Cavabdeh onun üçün problem olacağını əsas gətirərək sözügedən əmək müqaviləsini ləğv etmir. Elektron sistemdə isə onun adı işçi olaraq gedir. Cavabdeh ona bildirmişdir ki, VÖEN-i artıq bağlanılıb və onu işdən çıxara bilmir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və DOST Agentliyi tərəfindən verilmiş sosial arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin hazırda qüvvədə olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, müraciətinizin fiziki şəxs (işəgötürən) Cavabdeh iştirakı ilə ətraflı və dəqiq araşdırılması və müvafiq sənədlərin təqdim olunması məqsədi ilə müfəttişliyə dəvət olunsa da gəlməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Sizin əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinizin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan İddiaçı gəlir məlumatları barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Cavabdeh məxsus mağazada satıcı işləyir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixində Cavabdeh ilə müddətsiz əmək müqaviləsi bağlamaqla həmin tarixdə Cavabdeh məxsus mağazada əmək fəaliyyətinə başlamış və satıcı işləmişdir. Daha sonra tərəflər arasında yaranmış anlaşılmazlıq səbəbindən iddiaçı işdən çıxmaq məcburiyyətində qalmış, lakin Cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməmiş və bununla bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etməmişdir. Hazırda elektron sistemdə iddiaçının Cavabdeh məxsus mağazada satıcı işlədiyi görünür və əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı tərəfindən Cavabdeh əmək müqaviləsinə xitam verilməsi üçün dəfələrlə müraciət edilmiş, lakin Cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. İddiaçı X2 Xidmətinə müraciət etmiş, həmin müfəttişlikdən ona mübahisə yarandığı təqdirdə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci, 43.1-ci, 44-cü və 69-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1ci, 1096.2-ci, 1097.1-ci, 1099-cu, 1118.1-ci və 1119.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş portaldan çıxarışdan göründüyü kimi İddiaçı Cavabdeh məxsus mağazada satıcı işləyir. İddiaçı Cavabdeh əmək müqaviləsinin xitam verilməsi barədə müraciət etmiş, lakin Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir. Ona görə də yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və və əmək müqaviləsinə xitam verilməsi haqqında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş sisteminə” məlumatlar daxil edilməlidir. Bundan əlavə iddia tələbinin İddiaçı dəymiş maddi və mənəvi ziyana görə 10000 manat məbləğindən pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh tərəfindən ona 10000 manat məbləğində maddi və mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanUnivericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin iddia tələbinin dövlət rüsumu qismində ödənilmiş 120 manat və mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildiriş sisteminə” məlumatların daxil edilməsi üçün əsasdır. Cavabdeh 120 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi dəymiş maddi və mənəvi ziyana görə 10000 manat məbləğindən pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1223/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1223/2025
11.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver