Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1227/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş, özbaşına tikili olan, 2 mərtəbəli, 1-ci mərtəbəsi zal, mağaza, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarət fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, cavabdeh X5 ilə 21 aprel 2006-cı il tarixində rəsmi qaydada nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 2 övladları dünyaya gəlmiş və övladları hazırda yetkinlik yaşma çatmışdırlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan narazılıqlara görə onun tərəfindən Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2006-cı il tarixli 185 saylı nikah akt qeydinin pozulması barədə İmişli Rayon Məhkəməsinə müraciət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(036)- 764/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə 2018-ci ilin aprel ayında Abşeron rayonu Mehdiabad qəsəbəsində cavabdehin hal-hazırda yaşadığı Dostluq küçəsində 2,5 sot torpaq sahəsini Mehdiabad qəsəbə sakini X1 alaraq, üzərində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evinin 1-ci mərtəbəsi 1 mağaza,1 zal, mətbəx və sanitar qovşağından, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarətdir. Fərdi yaşayış evinin işıq, su, qaz sayğacları onun adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin tikintisini 2018-ci ilin sentyabr ayında bitirmiş və onlar həmin evə köçmüşlər. Bütün söz-söhbətlər də evə köçdükləri gündən başlamışdır. Cavabdeh onu həmin ilin noyabr ayında evdən qovmuş və bir daha onu evə buraxmamışdır. Bundan sonra o, başqa yerdə kirayədə yaşamağa başlamışdır. Sonradan səhhətində problemlər yaşanmış və 2021-ci ilin sentyabr ayında sol ayağını topuqdan amputasiya etmişlər. Bu səbəbdən o, işləmək qabiliyyətini itirmiş və İİ qrup əlil olmuşdur. Maddi durumu ağırlaşdığı üçün kirayə pulunu ödəyə bilməmiş və məcbur olub 2022-ci ilin yay ayının əvvəllərində yenidən mübahisəli fərdi yaşayış evinə qayıtmışdır. Təxminən 3 aya yaxın yaşadıqdan sonra avqust ayının 29-da cavabdeh X5 özünü birgə nikahdan dünyaya gəlmiş qızlarının həyat yoldaşı kimi təqdim edən Vüsal adlı şəxs ilə birləşərək onu yaşadığı mübahisəli fərdi yaşayış evindən döyərək geyim əşyalarıyla birlikdə qovmuşlar. Hal-hazırda 11 qrup əlildir, səhhətiylə bağlı heç bir yerdə işləyə bilmir, kirayə pulu ödəməyə gücü çatmır. Hesab edir ki, min bir əziyyətlə işləyib qazandığı pulla inşa etdiyi evə məhkəmə qaydasında köçməlidir. Onu da qeyd edir ki, həmin fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsini sübut edən şahidlər də vardır. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X4 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat xahiş etdi. Cavabdeh məhkəmədə izahatında ki, iddiaçı ilə birgə nikahlarından olan övladı universitetə qəbul olan zaman uşaqların xərclərini o, qarşılamışdır. İddiaçının ata evi plana düşmüş və iddiaçının atası bir otağı kirayə vermişdir. Onlar bir otağı sökmüşlər. 2005-2006-cı illərdə iddiaçının atası onlara ev vermişdir. Onlar evi 45 kv.m də genişləndirmiş və birgə yaşamışlar. Kommunal xidmətlər onun adınadır. Plana düşən ev üçün şirkət tərəfindən 5 ev verilmişdir. Daha sonra onlar Mehdiabada köçmüşlər və şirkətdən kirayə pulu almışlar. Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsində yerləşən evi isə sataraq, yeni ev almışlar. Borc xərc edib, mübahisə predmeti olan evi o tikmişdir. Akif ona həmin evi də satacağını demişdir. Akif sentyabr ayından çıxıb getmişdir. Şirkətə getdiyi zaman ona Akifin həmin evi 55000 manata satdığın bildirilmişdir. Akif həmin vaxt Keşlədə kirayə evdə yaşamışdır. O, bilir ki, Akif şirkətin verdiyi pula anası və bacısına ev almışdır. X16 rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evdən qovmamış və döyməmişlər. Odur ki, o, Akifə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evdən 1 otaq verməyə razıdır və köçüb yaşamasına etiraz etmir. Şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, o, Akifi 5-6 ildir ki, tanıyır, lakin cavabdehi tanımır. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində 23 ildir ki, yaşayır. Akif Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evi onun bacısı oğlu Tanrıverdiyev Valeriydən almışdır və onlar qonşu olmuşlar. Həmin evin aşağısı mağaza olmuşdur. Valeriyin həmin evə çıxarışı olmuş və evi Akifə etibarnamə ilə satmışdır. Şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, o, 1992-ci ildə məcburi köçkün kimi gələrək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmışdır. Akifi ayaqqabi mağazasında işləyən vaxtdan 10 ildir ki, tanıyır və üzbəüz qonşudurlar. Akif Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evi 2018-ci ildə almışdır. Akif 1-ci mərtəbəni tikərək 2 mərtəbə etmişdir. Orada Akif yoldaşı Güllər ilə birgə yaşamışdır. O, Gülləri daha sonra görməmişdir. Akif evi Valeriydən almışdır. Ev 2,5 sotdur. Akif evin bir hissəsini satmışdır Şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, Ağdam rayonu, Mahzırlı kəndi, NZS qəsəbəsində yaşayır. O, ustadır. Akiflə o, yeznə-qayındırlar. Akif 2018-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evi almışdır. Alandan sonra evi artırmışlar. Alanda ev 2 mərtəbə, aşağısı mağaza olmuşdur. Həmin evin hasarının, dam örtüyünün düzəldilməsini və elektrik işini o görmüşdür. Evdə 3 ay təmir getmişdir. Akif cəmi 2 ay həmin evdə yaşamışdır. Son 5 ildir ki, Akif kirayədə yaşayır. Güllər isə Binəqədi ərazisində salonda işləyir. Akif hal-hazırda isə anasının evində yaşayır. Mehdiabbadda olan evdə isə Güllər yaşayır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 2(036)-764/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 21 aprel 2006-cı il tarixli, 185 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, elektrik enerjisi üzrə xidmətlər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən abunə kodu **********07103 olan fərdi evində yaşayan İddiaçı adına olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh 21 aprel 2006-cı il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları vardır. Tərəflərin rəsmi nikah münasibətləri olduğu dövrdə, yəni 2018-ci il tarixində sözügedən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evini əldə etmiş, tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparsalar da, həmin evə mülkiyyət hüquqlarını təsdiq edən sənəd almamışlar. Daha sonra iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah isə İmişli Rayon Məhkəməsinin 2(036)-764/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal şahidlərin ifadəsi ilə də təsdiqini tapmışdır. Hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirir və bu hal iddiçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zərurui hesb edir ki,mübahisə predmeti olan fərdi yaşaşayış evi dair rəsmi sənədlər olmadığından və həmçin məhkəmədə həmin fərdi yaşayış evinin tərkib hissələri ilə bağlı sübutlar müəyyən edilmədiyindən,iddia tələbinin xahiş olunan formada təmin edilməsi mümkün olmadığından,məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş, özbaşına tikili olan fərdi yaşayış evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1227/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1227/2023
16.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver