Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1278/2021 04.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi X1, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun 1982-ci ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon, Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 məhkəməyə tələbinə düzəliş edilməsinə dair ərizə ünvanlayaraq, onun 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon, Kamallı kənd orta məktəbində kitabxanaçı işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edərək bildirdi ki, o, xx xxxx 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. İş materiallarına əlavə etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 54 nömrəli Arxiv çıxarışından da göründüyü kimi o, həqiqətən də Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı işləmişdir. Lakin həmin arayışda qeyd kimi yazılmışdır ki, iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı, yəni 432/1296/manat və 129,60 qəpik 30% yüksəkliyə əmək haqqına əlavə almışdır. Bu faktın qeyd olunmasına baxmayaraq onun orda işləməsi faktını başqa heç bir sənəd ilə təsdiq edə bilmir. Çünki həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün onun əmək kitabçası işğal zonasında, iş yerində qalmışdır və hal-hazırda onda olan əmək kitabçasında da bu barədə heç bir qeyd yoxdur. Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı işlədiyi müddətdə onunla bərabər işləyən şəxslər də var ki, həmin şəxslərin də əmək kitabçalarını iş materiallarına əlavə etmişdir. Bundan başqa onunla bərabər həmin məktəbdə işləyən şəxslər tərəfindən onun 1986-ci ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktı təsdiq edilərək aktlaşdırılmışdır.Əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etsə də, həmin təşkilatdan müsbət nəticə əldə edə bilməmişdir.Göründüyü kimi o, həmin dövrü təsdiq edə bilmədiyindən faktın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Həmin müddət təsdiq edilməlidir ki, o, əmək pensiyasını ala bilsin. Onun Laçın rayon Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsini onunla bərabər işləyənlər də öz imzaları ilə təsdiq etmişlər. Onu tanıyan, bilən hər kəs də bunun canlı şahididir. Lakin onun əlində başqa sübut olmadığından və bu faktı başqa cür təsdiq edə bilmədiyindən bu faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X9 etiraz təqdim edərək bildirdi ki, Ərizəçi 1982-ci il sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon Kamallı kənd orta məktəbində “kitabxanaçı” vəzifəsində işlədiyini iddia etmişdir. Daha sonra qeyd olunan illərin 1986-1992-ci illər kimi qeyd edilməyini və həmin vəzifədə işləməyinin hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(012)-1913/2020 saylı iş üzrə ərizə əsassızdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il, 03 saylı Qərarın 13.4-cü bəndinə əsasən, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Ərizəçi tərəfindən ərizədə şahid kimi əmək kitabçası təqdim olunmuş X7 Ərizəçi həyat yoldaşıdır. O, bunu məhkəmədə ifadəsi zamanı sonradan bildirmişdir Belə ki, ərizəçi və ifadə verən şahid arasında yaxın qohumluq əlaqəsinin olması onun verdiyi ifadənin şübhə yaratmasına səbəb olur. Buna görə də həmin şahidin verdiyi ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Digər şahid, yəni X2 məhkəməyə təqdim edilmiş əmək kitabçasından görünür ki, həmin əmək kitabçası xx xxxx 1984-cü ildə doldurulmasına baxmayaraq, əmək kitabçasında olan qeydlər xx xxxxxxx 1980-ci ildən başlayaraq, latın qrafikalı əlifba ilə qeyd edilmişdir. Belə ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununa əsasən, latın qrafikalı əlifbaya 1992-ci ildən keçid edilmişdir. Qeyd olunan qanunun normasından da göründüyü kimi, 1992-ci ilə qədər kiril əlifbasından istifadə olunmuşdur. Əmək kitabçasında 1980-ci ilə dair qeydlərin məhz latın deyil, kril əlifbası ilə doldurulması həmin əmək kitabçasının zəruri sübut kimi qəbul edilməsini istisna edir. Həmçinin, ərizəçi tərəfindən ərizədə əvvəlcədən 1982-1992-cı illərin hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsi xahiş olunmuşdur. Lakin sonradan ərizəçi həmin illərin 1986-1992-ci illər kimi qeyd olunması ilə bağlı yeni ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, ərizəçiyə pensiya təyin edilməsi üçün lazım olan sosial sığorta stajı 6 ildir. Ərizəçi məhz bunu bildikdən sonra tələbini dəqiqləşdirmişdir. Bu halın özü onu göstərir ki, ərizəçi qeyd olunan məktəbdə işləməmişdir. İş materiallarında Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı mövcuddur. Həmin arxiv arayışının mövcudluğu işə məhkəmə qaydasında baxılmasını istisna edir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarından da göründüyü kimi, hüquqi fakt o halda məhkəmə qaydasında təsdiq edilə bilər ki, lazımi sənədin alınması mümkün olmasın. Qeyd olunan Plenum Qərarının 13.2-ci bəndində göstərilir ki, Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Odur ki, o, ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə 2(012)-1913/2020 saylı mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 ifadəsində bildirdi ki, İsmayılova Mehparə onun həyat yoldaşımdır. O, 1981-ci il tarixdən Laçın rayonundan gələnədək Laçın rayonu Kamallı kənd orta məktəbində hərbi rəhbər/metodik olaraq çalışmışdır. O, Ağcabədi rayonunda ibtidai sinif müəllimliyi ixtisasını bitirmişdir və ali təhsillidir. 1984-cü il tarixdə İsmayılova Mehparə ilkin olaraq məktəbin köhnə kitabxanaçısı Tamara adlı qadının yanında köməkçi olaraq işləmişdir. 1986-cı ildə başlayaraq 1992-ci ilədək isə Mehparə məktəbdə kitabxanaçı olaraq işləmişdir. İsmayılova Mehparə orta təhsillidir. Həmin vaxt kitabxanada ali təhsilli heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirdi ki, o, 1979-cu il tarixdən 1992-ci il tarixədək Laçın rayonu Kamallı kənd orta məktəbində ədəbiyyat müəllimi olaraq işləmişdir. İsmayılova Mehparə 1986-cı il tarixdən 1992 cı ilədək Laçın rayonu Kamallı kənd orta məktəbində kitabxanaçı olaraq işləmişdir. İsmayılova Mehparənin kitabxanaçılıq ixtisası üzrə ali təhsili olmamışdır. Belə ki, Kamallı kəndi dəniz səviyyəsindən 2000 metr yuxarıda olduğu üçün işçilərin sayı çox deyildi və əksər işçilərin orta əhsili olmuşdur. Bu səbəbdən də kitabxanaçı vəzifəsində çalışmaq üçün ali təhsil tələb edilməmişdir. O, İsmayılova Mehparəni uşaqlıq illərindən tanıyır və uzun illər eyni kənddə yaşamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 298 №-li sorğuya cavab məktubunda görünür ki, məlum hadisələrlə əlaqədar Laçın Rayon Təhsil Şöbəsinin 1992-ci ilin mayınadək olan arxivi, əmr kitabları və digər sənədləri işğal zonasında qalmışdır. Ona görə də X1 1986-cı ildən 1992-ci ilədək Laçın rayon, Kamallı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləyib-işləməməsini müəyyənləşdirmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli, 54 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivinin Ağdam filialında saxlanılan Laçın rayon, Kamallı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərinə əsasən, rayonunun işğalından əvvəl Kamallı kənd orta məktəbində kitabxanaçı işləmiş X3 iş yerini özündən asılı olmayan səbəbə görə itirdiyi üçün 1992-ci ilin iyun ayında üç aylıq əmək haqqı yəni, 432/1296/ manat və 129,60 qəpik 30 % yüksəkliyə görə əmək haqqıya əlavə almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin xx xxxxx 2021-ci il tarixli 07 saylı məhkəmənin sorğusuna cavab məktubunda Laçın Rayon Dövlət Arxivi göstərmişdir ki, Dövlət Arxivinuin Ağdam filialında saxlanılan Laçın rayon, Kamallı kənd ərazi nümayəndəliyinin arxiv sənədlərinə əsasən Kamallı kənd orta məktəbində kitabxanaçı işləmiş X1 adı bəzi əməkhaqqı cədvəllərində Mehparə kimi,bəzi əməkhaqqı cədvəllərində isə Nənəxanım kimi qeyd olunmuşdur. Arayış yazılan vaxt makinaçı qız arayışı şəxsiyyət vəsiqəsinin surətində olduğu kimi yazdığı üçün Mehparə kimi qeyd olunmuşdur.Ona görə də işin dəqiqləşdirilməsi üçün 14 vərəq olan əmək haqqı sənədlərin təstiq olunmuş surətləri sizə göndərilir. Məhkəmə işdə iştirak edən ərizəçini, maraqlı şəxsin nümayəndəsini, şahidləri dinləyib və iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmədiyindən işə mahiyyəti üzrə baxılmalı və ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon, Kamallı kənd orta məktəbində kitabxanaçı kimi işləməsi iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur. Məhkəmə maraqlı şəxsin nümayəndəsi X5 şahidlərdən X7 Ərizəçi həyat yoldaşı olduğu, digər şahid X2 isə əmək kitabçasının “Latın qrafikalı Azərbaycan əlifbası ilə doldurulması əsasları ilə sübut kimi qəbul edilməməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, iş matriallarına əlavə edilmiş,notarial qaydada təstiq edilmiş şahidinlərin əmək kitabçalarından görünür ki, ərizəçinin işlədiyi dövrlərdə hər iki şahid də Laçın rayon, Kamallı kənd orta məktəbində müəllim işləmişdir.Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş 14 vərəq olan əmək haqqı cədvəlindən də X1 Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktı təstiqini tapır.Ona görə də məhkəmə hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin yalnız formal mülahizələrə əsaslanaraq qeyd olunan sübutları şübbhə altına alması işin həqiqi haları ilə uyğunluq təşkil etmir. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ bəndinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəm fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 1986-cı ilin sentyabr ayından 1992-ci ilin iyun ayına qədər Laçın rayon, Kamallı kənd orta məktəbində kitabxanaçı işləməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1278/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1278/2021
04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver