Məhkəmə qərarları › İş №2(012)-128/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-128/2025

06.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-128/2025 06.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.0006 ha hissəsinin cavabdeh xanım X2 tərəfindən boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli torpaq sahəsi sənəd üzrə göstərildiyindən az olduğuna görə torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə cavabdeh orqan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 4 saylı Abşeron Ərazi İdarəsi imtina edir. Bundan başqa torpaq sahəsinin bir hissəsinin digər şəxslər tərəfindən zəbt olunaraq istifadə edilməsi onun konstitusion hüquqlarını pozur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, sənəd üzrə sahəsi 0.0053 ha olan, lakin faktiki olaraq sahəsi 0.0047 ha olan ********** qeydiyyat nömrəli torpaq sahəmin çatışmayan 0.0006 ha hissəsi **********97-10301 reyestr nömrəli fərdi yaşayış evinin faktiki istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. **********97- 10301 reyestr nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi cavabdeh xanım X1r. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, torpaq sahəsindən 2 (iki) ildən artıq müddətdir qanunsuz istifadə etməsinə görə 1000 (min) manat, hazırki məhkəmə işinin yarartdığı maddi yükə görə 500 (beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pulun cavabdeh xanım Cavabdeh alınaraq ona verilməsi, həmçinin torpaq sahəsiin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, mülkiyyətində olan torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Əgər onun sənədlərində səhvlik olsa idi, bank müqavilə bağlamazdı. O iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, mübahisəli torpaq sahəsi ilə bağlı digər məhkəmə işində ekspertiza keçirilmiş və müvafiq rəy tərtib edilmişdir. Odur ki, ekspertiza təyin edilməsinə zərurət yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0053 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - AN-İ № ******* saylı, 4Ə-330 reyestr nömrəli, 22 fevral 2022-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0053 ha torpaq sahəsi satıcı X3 tərəfindən alıcı İddiaçı 14000 manata satılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 yerləşən 0,0117 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 55.5 kv metr olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Orada yerləşən fərdi yaşayış evinə dair onun adına xx.xx.2023-cü il tarixli, 12038 saylı texniki pasport tərtib olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S-0161/2023 saylı məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən xx.xx.2023-cü il tarixli **********07 reyestr nömrəli sənəd üzrə torpaq sahəsinin sənəd üzrə 0.0006 ha hissəsi **********97-10301 reyestr nömrəli fərdi yaşayış evinin faktiki istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Xırdalan şəhəri ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilrnə işləri başa çatdırıldıqdan və elektron kadastr məlurnat bazasında müvafiq düzəlişlər aparıidıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-285/2023 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddia təmin edilməsi, Sumqayıt “ASAN xidmət” mərkəzində bağlanmış AN-İ № ******* saylı, 4Ə-330 reyestr nömrəli, 22 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında iddiaçı tərəfindən satın alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0053 ha torpaq sahəsində yerəşən (torpaq sahəsinin sənəd üzrə ölçüsündən kənarda yerləşən tikintialtı sahənin 6 kv.m hissəsi nəzərə alınmaqla) ümumi sahəsi 48,2 kv.m., əsas sahə 33,7 kv.m., köməkçi sahə 14,5 kv.m olan fərdi yaşayış evinin üzərində İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan görünür ki, iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, fərdi yaşayış evinin tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşir, fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsindən şimal-qərb istiqamətində 6 kv.m. kənarda yerləşir, fərdi yaşayış evi torpaq sahəsindən başqa şəxslərə məxsus olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən mübahisə aşkarlanmamış, həmin torpaq sahəsinin koordinatları başqa şəxslərə məxsus olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyindən mübahisə aşkarlanmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş həmin sahəyə aid rəngli ortofoto görünütüsündən görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsində qonşuya aid olan fərdi yaşayış evi inşa edilmiş, hazırki mübahisə üzrə sözügedən fərdi yaşayış evi həmin qonşu ev ilə həmsərhəddə olmaqla, fərdi yaşayış evinin yerləşdiyi tikinti altı sahənin artıq olan 6 kv.m torpaq sahəsi isə yol ilə həmsərhəd olmaqla, başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İPKB1495838B112 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən sonuncuya illik faiz dərəcəsi 8.16% hesablanmaqla 30000 manat məbləğində kredit ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən “10” may 2023-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********97-10301 olan dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın satın alınması üçün verilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7328 saylı məlumatından görünür ki, 2(012)-1991/2024 saylı iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, saylı 321332/1-10925/24 saylı smeta və hesab vərəqinin təqdim edilməsi barədə məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, müraciətdə göstərilən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyinin hazırlanması təmin edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 4 yanvar 2021 -ci il tarixli 2 nömrəli Qərarına uyğun olaraq, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi təqdim edilir. Təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. - Məhkəmə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 2(012)-1991/2024 saylı məktubdan görünür ki, o, smetada göstərilən məbləğin ödənilməsi barədə məlumatlandırılmışdır. - İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş ödəniş tapşırığının icrası hazırki dövrdə onun tərəfindən mümkün deyildir. O, iddia tələbinin təmin olunmadığı halda qanuni qüvvəsini almış yekun məhkəmə aktında göstərilmiş ödənişləri icra edə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə işinin predmeti olan torpaq sahəsi üzərində ekspertiza aparılması məsələsinə cavabdeh tərəfin vəsatəti əsasında baxılmışdır. Odur ki, aidiyyatı olmayan tapşırıqların üzərinə qoyulması pozulmuş hüquqlarının bərpası üçün onu məhkəməyə müraciət etdiyinə görə peşman edir. Belə ədalət mühakiməsinin gedişindən çox narazıdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0053 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdən İddiaçı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə ünvan 1 yerləşən 0,0117 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 55.5 kv metr olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı iddia edir ki, mülkiyyətində olan torpaq sahəsinin 0.0006 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. bu onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh isə öz növbəsində iddianı qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki çıxarış qüvvədədir və hazırda mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən işin obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilsə də, İddiaçı ekspertizanın keçirilməsinə mane olmuş (zəruri olan xərclərin ödənilməsindən imtina etmiş) nəticədə işin həll edilməsi üçün lazım olan ekspert rəyinin verilməsindən imtina edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin 0.0006 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında istinad edilmiş mütəxəssis rəyinin əsas götürülməsini xahiş etsə də, həmin qərarda göstərilmiş ekspert rəyi məhkəmənin yekun qərar qəbul etməsi üçün kifayət etməmişdir. Belə ki, həmin qərarada mübahisələndirilən torpaq sahəsinin 0.0006 ha hissəsinin kim tərəfindən zəbt edildiyi göstərilməmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin zəbt olunub-olunmaması və yaxud kim tərəfindən zəbt edilməsi ilə bağlı hər hansı mötəbər sübut yoxdur. Bu sübutlərin əldə edilməsi üçün təyin edilmiş ekspertizanın keçirilməsinə isə iddiaçı tərəf mane olmuşdur. Odur ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Aidə Behbudova tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar