Məhkəmə qərarları › İş №2(012)-13/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-13/2025

29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-13/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən, 0.20 ha torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən ona məxsus bağ təsərrüfatına vurulmuş maddi ziyana görə 10.000 (on min) manat pul vəsaitinin və iddia üçün ödənilmiş 20 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illər Hərbi Akademiyada pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Bir müddətdir kı, həyat yoldaşı-istefada olan general-mayor Piri İsrafılovla bir yerdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən, onun xüsusi mülkiyyətində olan torpaq sahəsində (0.20 ha ərazinə əhatə edən) kənd təsərrüfatıbağçılıq ilə məşğul olurlar. Cari ilin oktyabr-noyabr aylarında bağ sahəsinə baş çəkərkən, torpaq sahəsinin hasarının qapısının sındırıldığının və təsərrüfatlarının yararsız hala salındığının şahidi olmuşlar. Məlum oldu ki, bu qanunsuzluq və özbaşınalıq bağ qonşuları və qohumları Cavabdeh tərəfindən törədilmişdir. Belə ki, cavabdeh hasarın qapısını sındırmış, bağ sahəsində min bir əziyyətlə düzəltdikləri istixanaları (parnikləri) dağıtmış, həmçinin bağ sahəsinin önünə “Satılır” elanı qoymuşdur. Cavabdehin qanunsuz hərəkətlərinin səbəbini soruşduqda isə Elbrus onun mülkiyyətində olan bağ sahəsinin koordinatları ilə cavabdehin mülkiyyətində olan bağ sahəsinin koordinatlarının guya üstüstə düşdüyü üçün belə hərəkət etdiyini bildirmişdir. Bundan sonra o, cavabdehə torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmaqla, ona məxsus olmasını və torpaq sahəsindən çıxmalı olduğunu izah etmişdir. Lakin cavabdeh heç bir əsası olmadan onun torpaq sahəsinin özünün torpaq sahəsinin koordinatlarına daxil olduğunu bildirərək, torpaq sahəsindən çıxmamışdır. Beləliklə, cavabdehin özbaşınalığı və qanunazidd hərəkətləri nəticəsində onun konstitusion hüququ olan mülkiyyət hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da, uzun müddət istifadə etdikləri, min-bir zəhmətlə əkibbecərdikləri, üzərində bağ-bostan təsərrüfatı, o cümlədən istixana qurduqları əmlaklarından-xüsusi mülkiyyətində olan torpaq sahəsindən məhrum edilmişlər. Həmçinin, cavabdeh tərəfindən təsərrüfat alətlərinin, həmçinin istaxanaların məhv edilərək yararsız hala salınmasına görə onlara əhəmiyyətli maddi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7326 nömrəli ekspert rəyi ilə razı olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəf qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin texniki-inventarlaşdırıcısı Nümayəndə məhkəmə iclasında bildirdi ki, torpaq sahəsinin sxemində onun ölçüləri aydın göstərilmişdir. Cavabdeh məxsus torpaq sahəsinin bir hissəsi satılmış, bir hissəsi özündə qalmışdır. İddiaçı məxsus torpaq sahəsi yerində mövcuddur və sxemdə göstərilmişdir, Məhkəmə izahatları dinləyib, işin materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 355 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AA № 047822 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir . - AR ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli, **********20 reyestr saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 355 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cı il tarixli, **********20 reyestr saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********62 reyestr saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********62 reyestr saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.20 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/1962 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-6324/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatları, Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********62 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlar və xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********20 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlar ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Məmmədli kəndi “Məmədli” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dar kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün, qərardadda qeyd olunan sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7326 nömrəli ekspert rəyinin surətindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən, elektron məlumat bazasına əsasən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********26 reyestr nömrəli plan və ölçü sənədindəki koordinatlarla həmin çıxarış və plan və ölçü sənədinin verilməsinə əsas olan ilkin sənəddəki (dövlət aktı) koordinatlar üst-üstə düşdüyü, elektron məlumat bazasına əsasən Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli RX ******* seriyalı çıxarışdakı və eyni tarixli **********62 reyestr nömrəli torpaq sahəsi xx.xx.2022-ci il tarixli bölgü eskizinə əsasən bir hissəsinin özgəniləşdirildiyi, lakin **********77 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha olan torpaq sahəsi almışdır. xx.xx.2013-cü ildə həmin torpaq sahəsi onun adına xüsusi mülkiyyət kimi rəsmləşdirilərək ******* saylı çıxarış və xx.xx.2013-cü il tarixli, seriya nömrəsi 047822 olan torpaq sahəsinin plan ölçüsünə dair 4 saylı ərazi idarəsindən sənəd təqdim edilmişdir. İddiaç xüsusi mülkiyyətində olan torpaq sahəsində (0.20 ha ərazinə əhatə edən) kənd təsərrüfatı- bağçılıq ilə məşğul olmuş, bir müddət sonra torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. İddiaçı cavabdehdən ona məxsus torpağın boşatmasını tələb etsə də, lakin cavabdeh buna məhəl qoymamış, onun tələbini yerinə yetirməmişdir. Hazırda iddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən, ümumi sahəsi 0,20 torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdeh tərəfindən onun təsərrüfatına vurulmuş 10000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəin ki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X3rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, İddiaçı adına mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,20 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları düzgün qeyd edilmişdir. Ekspertizanın rəyi ilə tam təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququnu pozur və onun hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi ziyan tələbi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə iddianı əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının bu tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin bu hissəsinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçı iddia tələbində onun bağ təsərrüfatına 10000 manat ziyan dəydiyini, həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, iddia tələbində irəli sürdüyü bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və yalnız mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindəki bağ təsərrüfatının cavabdeh tərəfindən məhv edilməsini və buna görə də ona 10000 manat maddi zərər dəyməsini bildirsə də, iddiaçı həmin tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin 10000 manat maddi ziyanın tutulmasına dair hissədə təmin etmir. Azərbaycan Respublikası MPM-nin; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi habelə mütəxəssis rəyinin alınması üçün iddiaçının DƏDRX-nə ödədiyi 95 manat cəmi 195 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməli və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (50+50) manat məbləğində pul isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏRX tərəfindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi habelə mütəxəssis rəyinin alınması üçün iddiaçının DƏDRX-nə ödədiyi 95 manat, cəmi 195 manat məbləğində pul tutularaq İddiaçın verilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 100 (50+50) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar