Məhkəmə qərarları › İş №2(012)-1328/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1328/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1328/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə nağd olaraq verdiyi 10370 manatın, vurulmuş mənəvi ziyana görə 10000 manatın, hüquqlarının müdafiəsi üçün vəkilə xərclərinə görə 500 manatın və dövlət rüsumuna görə ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı özü üçün şəxsi minik avtomobili almaq istəyirdi. Bununla əlaqədar 2020-ci ilin oktyabr ayında şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Bakı şəhəri, Abşeron rayonu Məmmədli kəndində yaşayan xalası oğlu Cavabdeh istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng etmiş və ona minik avtomobili almaqda köməklik etməsini xahiş etmişdir. Bir neçə gündən sonra cavabdeh ona Whatsapp vasitəsilə səs ataraq 2017-ci il buraxılışlı, “Azsəməd” markalı avtomaşın tapdığını bildirmişdir. O, avtomobilin qiymətini cavabdehdən soruşmuş, cavabdeh isə ona 10250 manat göndərməsini söyləmişdir. O, həmin məbləğdə pulu Naxçıvan şəhəri valyuta dəyişmə məntəqəsindən Ələddin adlı valyuta dəyişənin vasitəsilə göndərmişdir. Həmin pulu cavabdeh Bakı şəhərində almış, sonra ona zəng vuraraq pulu aldığını, sabah avtomobili satan adamla görüşüb avtomobili alacağını bildirmişdir. Cavabdeh həmin günün səhəri ona zəng vurdu ki, avtomobili almış və aldığı avtomobilin fotoşəklini də “Whatsapp" vasitəsilə ona göndərmişdir. Həmin şəkilə əsasən avtomobil “Azsəməd” markalı olmaqla **-PK-*** qeydiyyat nömrəli idi. Cavabdeh əlavə olaraq dedi ki, Kamaz markalı avtomaşının sürücüsü ilə danışmış, həmin avtomobili Naxçıvana göndərəcəkdir. Lakin gündə bir bəhanə ilə avtomobili ünvanına göndərməmişdir. Avtomobili servisdə düzəltdirdiyini deyərək göndərdiyi puldan 600 manat qaldığını, həmin pulu da avtomaşının təmirinə xərclədiyini bildirmişdir. Sonra ona zəng vuraraq avtomobili X6 əməkdaşlarının apardığını bildirmişdir. Guya ki avtomobilin nömrəsi tranzit olaraq onun adındadır. Cavabdeh ona etibarnamə göndərməsini xahiş etmişdir. O da 28.10.2020-ci il tarixdə cavabdehə Naxçıvan şəhər birinci dövlət notariat kontorasında təsdiq olunmuş etibarnamə göndərmişdir, Cavabdehin dediyinə görə avtomaşın 20 gün Yol Polisinin dayanacağında qalmışdır. Artıq avtomaşını Yol Polisindən çıxaracağını, ona avtomobilə yenidən nömrə alacağını, təcili 120 manat pul göndərməsini bildirmişdir. O da öz növbəsində cavabdehə əlavə olaraq 120 manat da pul göndərmişdir. Cavabdeh pulu aldıqdan sonra avtomaşını çıxardığını bildirmiş və kamazla Naxçıvana göndərəcəyini söyləmişdir. Ondan sonra cavabdeh nə ona aldığı avtomaşını göndərmiş, nə də ki, ondan aldığı ümumi məbləği 10370 manat olan pulunu qaytarmışdır. Sonradan o, cavabdehin onun adına aldığı avtomaşını başqasına satdığını öyrənmişdir. O, cavabdehə dəfələrlə zəng etmiş, lakin cavabdeh onun telefonunu açmır. O, cavabdehin valideynlərinə, əmilərinə zəng etmiş, bu barədə onlara da məlumat vermişdir. Cavabdehin valideynləri də məsələnin onlara aidiyyəti olmadığını, şikayət edərək pulunu almağı tövsiyyə etmişlər. Bütün bu proseslərin şahidi cavabdehin də, onun da dayısı oğlu Şahbuz şəhər sakini X3r. Beləliklə də, qeyd olunan təkzibolunmaz çoxsaylı sübutlara əsasən Cavabdeh onun savadsızlığından və sadəliyindən istifadə edərək 10370 manat pulunu alaraq ona xeyli miqdarda ziyan vurduğu müəyyən olunmuşdur. Bundan başqa, Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o, həmin minik maşınını almaqla özü və ailə üzvləri üçün istifadə etmək arzusunda idi. Lakin onu aldatdığına görə ailə üzvlərinin, qohumlarının və kənd sakinlərinin yanında nüfuzdan, hörmətdən düşmüş, onların üzünə baxa bilmir. Bu səbəbdən son 2 ayda özünü mənəvi cəhətdən sınmış, təhqir olunmuş və alçaldılmış hesab edir. Həmçinin ağır mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh ona qarşı etdiyi qanunsuz hərəkətləri ilə ona 10000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Bundan başqa Cavabdeh ona vurduğu maddi zərəri ödəmədiyindən məcbur qalıb 11.12.2020-ci ildə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili ilə müqavilə bağlamış və xidmət haqqı olaraq həmin Büronun hesabına 500 manat nağd pul ödəmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini borcun tutulması hissəsində qəbul edərək, İddiaçı ona nağd olaraq 10370 manat pulun verdiyini etiraf etmişdir. Eyni zamanda, iddiaçının hüquqlarının müdafiəsi üçün vəkil xidmətinə görə 500 manat pulu ödəməyə razı olduğunu, mənəvi zərərə görə 10000 manat pulun ödənilməsi hissəsində isə iddia tələblərini qəbul etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını və cavabdehin iddianı etirafını dinləyib, həmçinin sonuncunun bu barədə məhkəməyə təqdim etdiyi yazılı ərizəsini və işin digər materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -X8 Qarayev filialının 11.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı dövlət rüsumuna görə 30 manat ödəniş etmişdir. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 04.12.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cəfərov X4 rayonu Məmmədli Ərazi Dairəsi Məmmədli kəndində qeydiyyatdadır. -Naxçıvan ŞPİ tərəfindən 11.10.2016-cı il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Məmmədov X5 şəhəri Əliabad qəsəbə döngə -19, ev 2-də qeydiyyatdadır. -Elektron notariat X1 30.11.2020-ci il tarixli çıxarışdan görünür ki, 3879 reyestr nömrəli, 28.10.2020-ci il tarixli, etibarlılıq müddəti 28.10.2025-ci il tarixli olan etibarnaməyə əsasən etibar edən (mülkiyyətçi) İddiaçı etibar edilən Cavabdeh həmin etibarnamə ilə daşınar əmlakının üzərində sərəncam verməyi və digər səlahiyyətləri etibar etmişdir. -Naxçıvan şəhər İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli 1577 saylı arayışından görünür ki, Məmmədov X5 şəhəri Əliabad qəsəbə döngə-19, ev 2-də qeydiyyatdadır. -X8 Qarayev filialının 11.12.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı vəkil xidmətinə görə 500 manat ödəniş etmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı avtomobilin alınması məqsədi ilə cavabdehə əvvəlcə 10250 manat, sonradan isə 120 manat pul ödəmişdir. Cavabdeh isə həmin pulları almasına baxmayaraq aldığı avtomobili iddiaçıya təhvil verməmişdir. İddiaçı pulunu cavabdehdən geri alması üçün dəfələrlə əlaqə saxlamaq istəməsinə baxmayaraq cavabdeh onun zənglərinə cavab verməmişdir. Odur ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə nağd olaraq verdiyi 10370 manatın, vurulmuş mənəvi ziyana görə 10000 manatın, hüquqlarının müdafiəsi üçün vəkilə xərclərinə görə 500 manatın və dövlət rüsumuna görə ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində məhkəmə iclasında iddiaçı tərəfindən ona 10370 manat nağd pulun verilməsi hissəsində iddianı etirafla qəbul edərək, İddiaçı 10370 manat məbləğində borcu və hüquqi yardıma görə ödənilmiş 500 manat pulu qəbul etdiyini bildirmiş, iddianın mənəvi tələb hissəsini qəbul etmədiyini bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı hazırda tələbində haqlı olduğundan və cavabdeh də iddia tələbini borcun ödənilməsi hissəsində qəbul etdiyindən, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 10370 manat pulun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri iş materiallarında olan dövlət rüsumuna görə 11.12.2020-ci il tarixli 30776 saylı, hüquqi xidmət göstərilməsinə görə 11.12.2020-ci il tarixli 11237 saylı qəbzlərə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan və iddiaçıya hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pul məbləğindən ibarətdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddiaçıya hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pul məbləği cavabdehə aid edilərək ondan iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 10370 manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 manat və 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10370 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10900 (on min doqquz yüz) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar