Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1338/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anasından miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilinə dair vərəsəlik hüququnun yaranması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası Yekibaşova Lili Şermandovnaya şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə,13 B saylı binada yerləşən, sahəsi 16,7 kv.metr, köməkçi sahəsi 12,9 kv.metr olan bir otaqlı 31 saylı mənzil verilmişdir. Bu mənzil 4120 saylı reyestr kitabında qeydə alınmışdır. Anası xx.xx.2008-ci il tarixdə ölmüşdür. Ölüm faktı Maraqlı şəxs1ndə 2009-cu ilin fevral ayının 18-də 85 saylı reyestrdə qeydə alınmışdır. Anası ilə Yekəbaşov Vahid Miqdat oğlu qeyrirəsmi nikahda olmuşdur. Atası Vahid Yekəbaşov 2018-ci ildə ölmüşdür. Anasının iki övladı - o və qardaşı Yekəbaşov Teymur Vahid oğlu qalmışdır. Teymur hələ anasının sağlığında ondan ayrı yaşamışdır. Yaşadığı ünvan ünvan 1a da, ölümündən sonra da ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilinə yaşamışdır və hazırda da orada yaşayır. Bununla da o, anasından miras qalmış həmin mənzili qəbul etdiyini vərəsə kimi nümayiş etdirmişdir. Qardaşı Teymur anasından qalan mirasa vərəsəliklə bağlı iddia qaldırmamış, vərəsəliyin açılmasını tələb etməmişdir. Bunu isə qardaşının ona verdiyi 2021-ci il tarixli, AR-İİ 549731 saylı etibarnamə təsdiq edir. Həmin etibarnamə ilə qardaşı vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ondan imtina etməyi ona həvalə etmişdir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində yerləşən notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan 4120 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzili Yekibaşova Lili Şermandovnanın adına qeydə alınmışdır. Buna əsas Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarı olmuşdur. İşdə olan 306676 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə doğulmuşdur. Anası Yekibaşova Lili Şermandovna, atası Yekəbaşov Vahid Miqdat oğludur. İşdə olan ölüm haqqında AZ-İ 905659 saylı şəhadətnamənin surətindən görünür ki, Yekibaşova Lili Şermandovna xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan AR-İİ 549731 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, Yekabaşev Teymur Vahid oğlu ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, sənədləşmə işini aparmağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə, konsulluqlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsində, Daşınmaz Əmlakın dövlət qeydiyyatını həyata keçirən dövlət orqanlarında, MİS orqanlarında, Bələdiyyə orqanlarında, icra Hakimiyyətində, Dövlət Statistika Komitəsində, Dövlət Miqrasiya İdarəsində, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, “ASAN Xidmət” və “ASAN Kommunal" Mərkəzlərində, DİN, XİN, DƏDRX-nin müvafiq ərazi idarələrində onu təmsil edib, adına çıxarışı və texniki pasportu almağı, DMX, Vergi, Maliyyə, Bank, DSMF, ƏƏSMN, Statistika və digər orqan və təşkilatlarda, İcra orqanlarında, Bələdiyyələrdə adından ərizə verməyi, imza etməyi, Azercell, Bakcell, Nar şirkətlərində, məktəblərdə, notariat ofislərində, vergi orqanlarında, Kargo terminal, hava limanında, gömrük məntəqələrində, sığorta şirkətlərində, Sosial Müdafiə Fondunda, telefon qovşaqlarında, kooperativ və ictimai təşkilatlarda, dövlət idarələrində, təşkilatlarında, orqanlarında və qeyri-dövlət qurumlarında və digər dövlət strukturlarında, təşkilat, prokurorluqlarda, istintaq orqanlarında və digər orqan, qurum və təşkilatlarda təmsil etməyi, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN paketlərini götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, nömrələrdən çıxarışları əldə etməyi, ona aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri, həmçinin dövlət reyestrindən çıxarışı, texniki pasportu, əmlakın yüklü olub-olmaması haqqında arayışı (formal), adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri və digər ərizələri yazmağı, ona çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini 20 il müddətinə Ərizəçi etibar etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşdən görünür ki, Yekibaşova Lili Şermandovna xx.xx.2008-ci il tarixdə ölmüş və onun mülkiyyətində olmuş Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzili miras qalmışdır. Onun Yekabaşev Teymur Vahid oğlu və Ərizəçi adlı 2 vərəsəsi qalmışdır (İ növbə). Lakin L.Ş.Yekibaşovanın ölümündən sonra ondan miras qalmış əmlakı vərəsələrdən yalnız Ərizəçi qəbul edərək idarə etmiş, digər vərəsə buna etiraz etməmiş, vərəsəliklə bağlı notariat orqanına müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, L.Ş.Yekibaşovanın vərəsəsi Ərizəçi onun miras əmlakı olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilinə dair vərəsəlik işi açılmasa da, mirası faktiki idarə etməklə həmin əmlaka münasibətdə mirası qəbul etmək niyyətini açıq-aşkar sərgiləməklə faktiki olaraq qəbul etmişdir. İş məhkəmədə araşdırılarkən digər vərəsə tərəfindən hüquq haqqında mübahisə edilməsi qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən anası Yekibaşova Lili Şermandovnadan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilinə dair mirasın qəbul edilməsi faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mərhum Yekibaşova Lili Şermandovnadan miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13 B saylı binanın 31 saylı mənzilindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1338/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1338/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver