Məhkəmə qərarları › İş №2(012)-1354/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1354/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1354/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladı ilə yəni, 07 iyun 2023-cü il təvəllüdlü X2 ilə birlikdə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməkləri, mediasiya xərcinin əvəzi olaraq 60 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17 fevral 2022-ci ildə nikahlarını rəsmiləşdirərək ailə həyalı qurmuşdur. Rəsmi nikahlarından 07 iyun 2023-cü il təvəllüdlü X2 anadan olmuşdur. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Ona məxsus cehiz əşyaları da həmin evdədir. Sözügedən fərdi evə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Cavabdeh onu gəlin gəldiyi həmin evdən azyaşlı qızı ilə birlikdə xx.xx.2023-cü ildə qovub çıxarmışdır. Bundan sonra o məcbur qalıb azyaşlı qızı ilə birlikdə kirayədə yaşamalı olmuşdur. Bir daha bildirir ki, cavabdeh onu azyaşlı qızımla birlikdə həmin fərdi evdən qovmuşdur Hesab edir ki, onun azyaşlı övladı ilə yəni, 07 iyun 2023-cü il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməkləri, mediasiya xərcinin əvəzi olaraq 60 manatın və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mediasiya prosesi zamanı barışıq əldə edilməmişdir. Mediasiya haqqında qanunun 3.4 maddəsinə əsasən Mediasiya prosesi zamanı mən dövlət rüsumunu ödəmişdir. X7 Sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/16/2023-002344 saylı arayış təsdiq edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə hələ rəsmi qaydada ayrılmayıblar, boşanma ilə bağlı məhkəmə prosesi hələ davam edir. xx.xx.2022-ci il tarixdən o evə çıxmışdır, hal-hazırda kirayədə bacısı ilə birlikdə yaşayır. Cavabdehlə rəsmi nikahından bir övladı olmuşdur. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında göstərmişdir ki, ev anasınındır, evin heç bir sənədi yoxdur, 2022-ci ildə isə iddiaçı ilə ailə həyatı qurmuşdur. 2022-ci ildən 2023-cü ilə kimi iddiaçı ilə həmin evdə yaşamışlar. 2023-cü ilin iyul ayında faktiki olaraq ayrılmışlar. Bələdiyyə sənədində də torpaq başqasının adınadır. Aanası o evə 2020-2021-ci ildən faktiki sahiblik edir. Ailə həyatı quranda əvvəl Ucara köçüblər, orada təxminən 1 həftə yaşamışlar, sonra bu evə gəliblər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətlərini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AZ-İİ № 491057 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 610 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. -3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü i il tarixli, AZ-İV № 893674 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3840 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Qərardan daha sonra görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı əri Cavabdeh tərəfindən hədələnməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəllifinin izahatı istisna olmaqla bu xüsusatı təsdiq edən hər hansı bir dəlil müəyyən olunmamışdır. -xx.xx.2023-cü il tarixində verilmiş SN 00008 seriyalı, “№ 01399919 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər işdən azad edilir. -Abşeron rayonu, Masazır Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 01/01-06/380 saylı məktubundan görünür ki, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus olması və sair məsələlərlə bağlı Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1354/2024 saylı sorğusunaMasazır bələdiyyəsi tərəfindən baxılmışdır. Sorğuda göstərilən məsələ ilə bağlı Masazır bələdiyyəsində hər hansı bir məlumat olmur. Bu baxımdan bu sahə üzrə səlahiyyətli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Masazır kənd icra nümayəndəliyinə müraciət edilməsi bildirilmişdir. -İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, ev təmirlidir və mebellərlə təchiz olunmuşdur. -İş materiallarına əlavə olunmuş diskdən görünür ki, mübahisə predmeti olan evin şəkilləridir və iddiaçı həmin evdə yaşamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh izahatında dediyinə görə anasına məxsusdur. İddiaçı ilə Cavabdeh xx.xx.2022ci il tarixində rəsmi nikaha daxil olmuş, 2023-cü ilədək orada yaşamışlar. Həmin nikahdan onların xx.xx.2023-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçını övladı ilə birlikdə evdən çıxarmışdır. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında boşanma prosesi davam edir. Buna görə də iddiaçı fərdi evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Lakin hazırkı vaxtda cavabdehin həmin evdə yaşaması ilə bərabər, əvvəllər orada yaşamış iddiaçının da, həmin evdə yaşaması hüququ ilə cavabdehlə eyni statusa malikdir. Belə ki, mübahisəli ev hər hansı bir şəxsə məxsus olmadığından həmin evə münasibətdə iddiaçı və cavabdeh eyni bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən mülki məcəllənin vəzifələri sırasında mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 27.3. maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinə əsasən İ. Hər kəsin yaşamaq hüququ vardır. İİ. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını nəzərə alaraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı və övladı xx.xx.2023-cü il təvəllüdlü X1 rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 14, 36, 77, 150 və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı və övladı xx.xx.2023-cü il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar