Məhkəmə qərarları › İş №2(012)-1383/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1383/2022

29.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1383/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri X4 R.Behbudov küçəsi ünvanında yerləşən fərdi yaşayış evindən özüməxsus olan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri X4 9-cu küçə (hazırki Rəşid Behbudov küçəsi) ev 29 ünvanında yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir. Buna dair 22497 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. O, sözügedən evi və onun yerləşdiyi torpaq sahəsini X5 adlı şəxsdən Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda müqavilə əsasında almış, həmin torpaq sahəsi üzərində bundan əlavə onun tərəfindən bir fərdi yaşayış evi də inşa olunmuşdur. Həmin fərdi yaşayış evlərinin birində hazırda, o, yaşayır, lakin digər fərdi yaşayış evi vaxtı ikən onun kirayə verdiyi şəxs tərəfindən zəbt olunmuşdur. Zəbt olunmuş yaşayış sahəsinə dair Memarlıq və Planlaşdırma bölməsi tərəfindən eskiz layihə tərtib olunmuşdur. Artıq illərdir ki, onun həyətyanı sahəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt olunub orada yaşayır. Cavabdehin narkoman olmasını, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bildikdən sonra oradan çıxmasını tələb etsə də bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh ona məxsus evin qapısını sındıraraq qanunsuz olaraq orada məskunlaşmış, hətta öz əşyalarını da oraya yerləşdirmişdir. Hazırda, cavabdeh tez-tez bu əməllərinə görə polis və məhkəmə orqanları tərəfindən saxlanılır. Lakin cavabdehin əşyaları ona məxsus evdə qaldığından həmin yaşayış sahəsindən o, istifadə edə bilmir. Məcbur qalıb bununla bağlı o, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon Prokurorluğuna müraciət etmiş, Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 27.10.2021-ci il tarixli cavab məktubunda göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ olması bildirilmişdir. Bu səbəbdən də, o, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -12.06.2014-cü il tarixli L-14-025 qeydiyyat nömrəli 081396 saylı lisenziyaya əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyət növünün həyata keçirilməsinə icazə verilmiş Arxitektura və Dizayn MMC-yə verilmiş sifariş əsasında tərtib edilmiş eskiz layihəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində İddiaçı məxsus fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 9-cu küçə 29 saylı ev İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 saylı notariat kontorunun 06.11.2001-ci il tarixlki 4Ə-5-744 saylı alqı-satqı müqaviləsinə əsasən 22497 saylı reyestr kitabında 1128 nömrəsi ilə qeydə alınmışdır. -Abşeron rayon Polis İdarəsinin 06.02.2020-ci il tarixli, 31.03.2021-ci il tarixli, 04.10.2021-ci il tarixli, 27.10.2021-ci il tarixli məktublarından görünür ki, İddiaçı müraciətində göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. -Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 30.05.2019-cu il tarixli bildirişdən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X4 9-cu küçə ünvanında yerləşən 29 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aparılan araşdırmalar zamanı, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə dair mübahisə yarandığından buna şərait yaradılmamış, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanlar nəzərə alınmaqla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin təmin olunmasından imtina olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyətinin 28.03.2022-ci il tarixli A-100-093 saylı məktubundan görünür ki, İddiaçı məxsus qeydiyyat vəsiqəsində göstərilmiş Abşeron rayonu Xırdalan şəhəri 9-cu küçə 29 ünvanında yerləşən fərdi yaşayış evindən başqa digər tikilidən ibarət evin olub-olmaması barədə sorğu verilmişdir. Həmin sorğu ilə əlaqədar Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və İddiaçı məxsus olduğu iddia edilən fərdi yaşayış evinə dair sənəd təqdim olunmamış, təqdim edilən eskiz layihəsinin isə göstərilən evə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 9-cu küçə 29 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli arayışdan görünür ki, İsayev X3 rayonu Nizami küçəsi 77 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı onun mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri X4 9-cu küçə 29 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində inşa edilmiş, Cavabdeh tərəfindən zəbt olunduğunu iddia etdiyi fərdi yaşayış evindən cavabdehin öz əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mülki iş materiallarından göründüyü kimi, İddiaçı Abşeron rayon 2-ci Dövlət Notariat Kontorunda 06.11.2001-ci il tarixli 4Ə-5-744 saylı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri X4 ərazisində yerləşən 9-cu küçə 29 saylı fərdi yaşayış evini almış və həmin ünvana dair xüsusi mülkiyyət hüququ Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmışdır. İddiaçı sözügedən evin yerləşdiyi torpaq sahəsində digər fərdi yaşayış evi inşa etmiş və cavabdehin də məhz həmin fərdi yaşayış evindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarından da göründüyü kimi, Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi də məhz Abşeron rayonu Xırdalan şəhəri X4 ərazisində yerləşən 9-cu küçə 29 saylı fərdi yaşayış evinə dair İddiaçı hüquqlarının yaranması üçün əsas olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. Abşeron rayon Xırdalan şəhəri X4 9-cu küçə 29 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində inşa edilmiş digər fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyət növünün həyata keçirilməsinə icazə verilmiş Arxitektura və Dizayn MMC tərəfindən verilmiş eskiz layihəsi həmin tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas olmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayon Xırdalan şəhəri X4 9-cu küçə 29 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyən etmək üçün yerində baxış keçirilmiş, həmin evə dair təqdim edilmiş eskiz layihəsinin həmin evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasına dair ərizənin təmin olunmasından imtina olunmuşdur. Məhkəmə, eyni zamanda, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia ərizəsindən də göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, mülki iş materiallarına onun həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamışdır. Göründüyü kimi, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu Xırdalan şəhəri X4 9-cu küçə 29 saylı evin yerləşdiyi torpaq sahəsində inşa edilmiş digər fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar