Məhkəmə qərarları › İş №2(012)-1384/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1384/2022

06.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1384/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 Mübarək qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mübarək qızı və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilinin qapısını sındıraraq mənzilə daxil olmuş Cavabdeh1, Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilinin qapısını sındıraraq mənzilə daxil olmuş Cavabdeh1 Mübarək qızının və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1989-cu il tarixdə Abşeron Rayon İcrayyə Komitəsinin Qərarı ilə adı gedən ünvanda ailə üzvləriylə birlikdə yaşamaq üçün mənzil verilmişdir. xx.xx.2021-ci il tarixdə Müşviqə adlı bir qadın həmin binada yaşayan qudasının bələdçiliyi ilə mənzilinin qapısını sındıraraq Cavabdeh1 Mübarək qızını, Cavabdeh2, onun və ailə üzvlərinin iradəsi ziddinə 40 saylı mənzili zəbt edərək yerləşdirmişdir. Hal-hazırda cavabdehlər onun mənzilində yaşayırlar. O həmin qadınların özbaşınalıqları ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Polis Şöbəsinə, Abşeron Rayon 2 saylı Mənzil İstismar İdarəsinə, 102-yə, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciətlər etmişdir. Lakin, onun mənzilini qanunsuz, əsassız zəbt edən qadınlar mənzilini tərk etmək istəmirlər. Elə bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 Mübarək qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. O, əvvəl kirayədə yaşamış, daha sonra ünvan 1 ünvanında yerləşən mənzilin qapısının olmadığını görmüş, baldızı-digər Cavabdeh2 ilə birlikdə həmin mənzili təmir edərək, yaşamağa başlamışlar. Artıq 8 aydan çoxdur ki, həmin mənzildə yaşayır. Onun yaşamağa başqa yeri yoxdur. Odur ki, o, işğaldan azad edilmiş Cəbrayıl rayonuna köçürülənədək iddiaçının evində qalmağa möhlət verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür və iddiaçını tanımır. O, bir müddət kirayədə yaşadıqdan sonra sözügedən ünvan 1 ünvanında yerləşən mənzilin qapısının açıq olduğunu görərək, mənzilə daxil olaraq orada yaşamağa başlamışlar. O və digər Cavabdeh1 Mübarək qızı sözügedən evin təmirinə 12000 manat məbləğində pul xərcləmişlər. O, evdən çıxmağa razı deyildir, çünki getməyə başqa yeri yoxdur. Odur ki, o, Cəbrayıl rayonuna köçürülənədək iddiaçının evində qalmağa möhlət verilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Mənzil İstismar İdarəsində işləyir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi bina X1 məxsus olmuşdur. Məcburi köçkünlər vaxtı ilə həmin binada məskunlaşmışlar. Məcburi köçkünlər binanın üzərini örtüklə üzləmiş və onlarda olan məlumata görə sözügedən bina 2 yox, 12 nömrəli binadır. Çünki həmin vaxt sənədlər veriləndə binaların əksəriyyətinin nömrəsi 2 olaraq qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1989-cu il tarixli, 344 saylı orderin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil Abşeron Rayon Xalq Deputatları Soveti İcrayə Komitəsi tərəfindən verilmiş 03 noyabr 1989cu il tarixli, 344 saylı order əsasında İddiaçı məxsusdur, cavabdehlər Cavabdeh1 Mübarək qızı və Cavabdeh2 heç bir hüquqi əsas olmadan 8 aydan çox bir müddətə həmin mənzili zəbt edərək qanunsuz yaşayırlar.Cavabdehlər Cəbrayıl rayonundan məcburi köçkün olduğunu bildirsələrdən, məhkəmədə sübutların tədqiqatı zamanı onların mübahisə predmeti olan mənzilə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən də köçürülməsi müəyyən edilməmiş,bu bir daha sübut edir ki,cavabdehlər özbaşına olaraq iddiaçıya məxsus mənzili zəbt etmişlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə işin faktiki hallarından göründüyü kimi cavabdehlərin mübahisə predmeti olan mənzildə yaşamaları iddiaçının hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əssən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mübarək qızı və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2, mərtəbə 5, 40 saylı mənzildən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar