Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1385/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hərbi hissənin qərargah rəisi vəzifəsində fəaliyyət göstərməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə xüsusi icraat qaydasında (Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs göstərilməklə) məhkəməyə müraciət edərək, onun 05 fevral – 16 iyul 1993cü il ərzində N saylı hərbi hissənin qərargah rəisi vəzifəsində fəaliyyət göstərməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək ərizəsində yazılanlara uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin etiraz məktubu göndərərək ərizəyə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrdə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İşdən görünür ki, Ərizəçi hərbi qulluqçu kimi keçmiş dövrlərdə hərbi hissənin qərargah rəisi vəzifəsində işləməsi faktının müəyyən edilməsini tələb edir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə bu faktın müəyyən edilməsinə etiraz edir. Başqa sözlə, inzibati orqanla hərbi qulluqçu arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisə yaranmışdır və belə olan halda bu mübahisəyə qeyd edilən normalara əsasən mülki deyil, inzibati icraat qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iş məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməli, ərizəçiyə isə bununla bağlı ilkin olaraq müvafiq orqana müraciət etmək, imtina cavabı aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə iddia ilə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hərbi hissənin qərargah rəisi vəzifəsində fəaliyyət göstərməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1385/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1385/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver