Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1450/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi İddiaçı, Cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 aprel 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2019-cu ildən müəllim kimi işləyir. Belə ki, o, 2023cü ilin sentyabr ayında cavabdeh təhsil müəssisəsi tərəfindən dərslərin bölgüsü aparılarkən dərs yükü ilə təmin olunmamışdır. Cavabdeh tərəfindən hələ dərs yükü ilə təmin olunmazdan əvvəl aralarında keçən şifahi söhbətdə ona işdən azad olunacağı barədə xəbərdarlıq edilərkən, ona üç yaşınadək övladının olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və digər hallarla bağlı 79-cu maddəsinin müddəalarını xatırlatmışdır. Bir müddət sonra onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə qadağan olunduğunu dərk edərək, qərəzli surətdə Məcəllədə öz əksini tapan boşdayanma hallarına istinad etməklə, həmin Məcəllənin 169-cu maddəsinə əsasən 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmr ilə o, boşdayanmaya götürülmüşdür. Boşdayanmanın konkret olaraq nə olması, necə ifadə olunması, hansı hallarda və müddətdə tətbiqi ilə bağlı, eləcə də ona münasibətdə tətbiq edilməsi ilə əlaqədar, həmçinin pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Elm və Təhsil nazirinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Boşdayanmanın nə olmasını araşdırarkən, qanunun və hüququn analogiyasına istinadən demək olar ki, bəzi hüquq mühafizə orqanlarında sərəncama götürülmə ilə eynilik təşkil edir, yəni struktur dəyişikliyi, vakant vəzifələrin olmaması, kadrların formalaşdırılması prosesində əməkdaşın sərəncama götürülməsini özündə ehtiva edir. Bu prosesin müddətsiz olmasına yol verilmir, hətta həmin dövrdə əməkdaş vəzifəsindən azad edilsə də sərəncam müddətində əmək haqqısı saxlanılır, işə çağırılmır. Boşdayanma isə yuxarıda göstərilən münasibətlərdən fərqli olaraq Məcəllədə istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda tətbiq edilməsi nəzərdə tutulur. Hesab edir ki, cavabdeh tərəfindən boşdayanmanın tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur, çünki göründüyü kimi boşdayanma onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilmədiyi üçün qərəzli şəkildə cavabdeh tərəfindən atılmış son addım, çıxış yoludur. Hətta onunla bağlanmış əmək müqaviləsində iş saatlarının işəgötürənlə razılaşdırılmaqla ayrılmış dərs saatları üzrə aparılması nəzərdə tutulsa da boşdayanma əmrində cavabdeh tərəfindən saat 10:00-19:00 olmaqla həftənin beş günü işdə olması barədə xəbərdarlıq hissəsi nəzərdə tutulmuşdur və o, iki azyaşlı uşaq anası olaraq əmək haqqının 2/3-i verilməklə günboyu əvvəlki iş yerində işə cəlb edilmədən boş dayanır. Bütün bunlar azmış kimi boşdayanmaya götürüldüyü gündən bu günədək cavabdeh tərəfindən mənəvi və psixoloji təzyiq altında qalır, davamlı olaraq ondan qanunsuz olaraq izahatlar alınır, baş verməmiş hadisələr əsassız hüquqi sənədlərlə rəsmiləşdirilərək onun barəsində xəbərdarlıq, irad, töhmət və şiddətli töhmət verilir. Əlavə olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə riayət edərək müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin həmin təşkilatın da keçirdiyi iclasa cavabdeh gəlməmiş, proses hərəkətsiz dayanmışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsindən müraciətlərinə cavab verilmiş və həmin cavabda cavabdehin hərəkətlərinin qanunsuzluğu bu şəkildə ifadə edilmişdir: “Sizin Əmək Məcəlləsinin 16.1 (Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı- seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır), 16.3 (Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır) və 156-cı (Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi) maddələrinə əsasən əmək hüquqlarınız pozulmuş, Kollec rəhbərliyi tərəfindən iş saatları ilə təmin olunmamış və normal əmək və istirahət rejiminə əməl edilməmişdir. Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verillən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Kollec rəhbərliyi barəsində xx.xx.2023-cü il tarixli MN NQ ******* saylı İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Eyni zamanda tərəfimizdən Sizin iş saatları ilə təmin edilməyiniz, normal əmək və istirahət rejiminə əməl olunması məqsədi ilə müəssisəyə göstəriş xarakterli xx.xx.2023-cü il tarixli 3-17-5/2-47184/2023 nömrəli məktub ünvanlanmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər’’. Cavabdeh öz qanunsuz əməllərini davam etdirərək müvafiq qurumun verdiyi cavabı onlara təqdim etməsinə baxmayaraq məhkəmə qərarı olmadan digər bütün dövlət orqanlarından verilən cavabların əssasız olduğunu bildirmişdir. O, mübahisələndirilən əmrin ləğv edilməsini istəməsinin intizam məsuliyyətinə səbəb olduğunu bilməmişdir, necə ki cavabdeh onun təqdim etdiyi cavab məktubuna görə onun barəsində saxta araşdırma apararaq şiddətli töhmət verilməsinə nail olmuşdur. Bütün bunlardan sonra ailə vəziyyətini, övladlarının bağça və məktəb şəraitini, cavabdehin ardıcıl psixoloji və mənəvi təzyiqlərini nəzərə alaraq məcbur qalıb dekabrın 6-dan sosial məzuniyyət hüququndan istifadə etmişdir. Həmçinin sosial məzuniyyətə çıxmasının digər səbəbi də pozulmuş hüquqlarının bərpasını məhkəmə orqanlarında təmin etməkdir. Hesab edir ki, qeyd edilənlər nəzərə alınaraq əmrin ləğv edilməsi nəticəsində əmək haqqından qanunsuz olaraq kəsilmiş 1/3 hissənin ona geri qaytarılmalı, işə qanunsuz olaraq cəlb edildiyi əlavə saatlar müqabilində kompensasiya ödənilməli, məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması, mübahisələndirilən əmrin verildiyi tarixdən qanunsuz olaraq barəsində verilmiş intizam tənbehləri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində İddiaçı 10-dan artıq tələb ilə çıxış etmişdir. Lakin sonda tək xahişi 15 sentyabr 2023-cü il tarixli 75/K saylı əmrin ləğv edilməsidir. Bu iddiaya sağlam hüquqi düşüncə tərəfdən yanaşılsa, görünür ki, İddiaçı bu əmrin ləğvində məqsədi ya 1/3 əmək haqqının alınması, ya da boş dayandığına görə işə gəlməmə istəyidir. Lakin tərəflərindən atılmış qanuni hərəkətlər bu istəklərin qarşısını almışdır. Belə ki, dərs saatı ayrılmayaraq Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri altına düşən müəllim boşdayanmış sayılır, yəni dərs keçmir. Bu məsələdə işçinin günahı olmadığından Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənişlər həyata keçirilmişdir. Hazırda iddiaçı boşdayandığına görə iş yerinə gəlmək istəmir və tam şəkildə əmək haqqı almaq istəyir ki, hesab edirlər ki, bu, absurd yanaşmadır. İddiaçı ilə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan az olmamaqla işdə olmalıdır. Bu hal Əmək Məcəlləsində birbaşa göstərilmişdir. İddiaçı barəsində görülmüş intizam xarakterli tədbirlərlə bağlı qeyd edir ki, həmin hallar bu günki mübahisənin predmeti deyildir və əgər narazılıq varsa, həmin əmrlər də mübahisələndirilə bilər. İddiaçının qoşma sənədlərdən heç birisi iddianın təmin edilməsi üçün kifayətli deyildir. Etirazlarında nəzərə alınması və iddianın rədd edilməsinə dair qərar çıxarılması üçün başlıca əsaslardan biri də müddətlə bağlıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi sözügedən əmr xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi Elektron Məhkəmə Portalından bilmək olar ki, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hətta mediasiya qurumuna müraciət edilən vaxt da nəzərə alınsa belə iddia müddətinin pozulduğu aşkardır. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmiş və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 Xidmətində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən ixtisarın qanunsuzluğuna dair hər hansı hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən əmrin ləğvi üçün heç bir əsas yoxdur və hesab edirlər ki, bu səbəbdən İddiaçı iddiası təmin edilə bilməz. Odur ki, o, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda İddiaçı onun barəsində verilmiş sözgedən əmrə əsasən boş dayanmasına görə əmək haqqının 2/3 hissəsi ödənilir. Onun fikrincə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci tərəfindən İddiaçı boş dayanması barədə verilmiş əmr qanunsuzdur. Odur ki, o, hazırki mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X3 izahatında Abşeron-Xızı Regional Təhsil İdarəsinin ancaq tabeliyində olan məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarət etdiyini, yəni idarənin təhsil sahəsində baş vermiş hüquq pozuntularının qarşısını alınması ilə bağlı tədbirlər gördüyünü, idarənin tabeliyində olan təhsil müəssisələrinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya qərarına əsasən müəyyən edilmiş siyahısında cavabdeh təhsil müəssisəsinin adı olmadığını, bu səbəbdən müəssisə olaraq hazırki mübahisə ilə bağlı hüquqi cəhətdən münasibət bildirmək səlahiyyətlərinin olmadığını qeyd etdi və hazırki mülki işlə bağlı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və Əmək Məcəlləsində boşdayanma əmrinin nə qədər müddətə verildiyinin qeyd edilmədiyini, bu səbəbdən İddiaçı azyaşlı uşağı olduğundan iddiaçı ilə bağlı verilmiş boşdayanma əmrinin növbəti dərs illərində ləğv olunacağını hesab etdiyini, iddiaçı barəsində boşdayanma ilə bağlı əmrin verilməsinin əmək qanunvericiliyinin normalarına zidd olmadığını və istər Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci, istərsə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k №-li əmrdən görünür ki, kollecin müəllimi İddiaçı 18 sentyabr 2023-cü il tarixdən boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının ödənilməsi və İddiaçı bir daha əmək müqaviləsinin şərtlərini (boşdayanma halları olsa belə işdə olma saatları) özündə ehtiva edən xəbərdarlıq göndərilməsi əmr edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin 2023/2024-cü tədris ili üçün İqtisadiyyat və Humanitar Kollecdə dərs yükünün azaldılması ilə əlaqədar İddiaçı dərs yükü ilə təmin edilmədiyindən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k №-li əmri ilə kollecin müəllimi İddiaçı 18 sentyabr 2023-cü il tarixdən boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının ödənilməsi əmr edilmişdir.Qeyd olunan bu hal iş materiallarınd olan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k №-li əmri ilə təstiq olunur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin,bununla bağlı məhkəmə qeyd edir ki, 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrin verilməsindən əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X7 Hüquqi Şəxsin 2023/2024-cü tədris ili üçün müəlimlərin illik dərs yükü ilə təmin edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli, 83/4 nömrəli əmri olmuş və həmin əmrdə göstərilən siyahıdan müəyyən olur ki, İddiaçı dərs yükü ilə təmin olunmamışdır.Ona görə də məhkəmə qeyd olunan işin faktiki hallarına əsaslanaraq hesab edir ki, 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrin qəbul edilməsinə əsas olmuş 15 sentyabr 2023-cü il tarixli, 83/4 nömrəli əmr iddiaçı tərəfindən mübahisələndirilmədən15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrin ləğv edlməsinə məhkəmədəsübutların tədqiqatı zamanı hər hansı bir hal müəyyən edilmir. Bundan başqa Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin nümayəndəsi mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqim olunmşdur. Məhkəmə hesab edir ki, məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehin nümayəndəsinin ərizəsinin təmin edilməsi üçün əsaslar müəyyən edildiyindən, ərizə təmin edilməli, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci İddiaçı tərəfindən mübahisələndirilən sözügedən əmri 15 sentyabr 2023-cü il tarixdə vermişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Amma buna baxmayaraq iddiaçı iddia ərizəsini 01 ay müddətinə verməli olduğu halda 01 aylıq iddia müddətini ötürərək iddia ərizəsini xx.xx.2024-cü il tarixdə, yəni 3 ay sonra iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolono və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə bir nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. R. Cvavdov və digərlərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 18 may 2006cu il tarixli qərarının AR Konstitusiyasını və qanunlarına yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətlərinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündın əmələ gəlir. Bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına dair faktları bilib- bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqularının pozulmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin “boşdayanma vaxtı əməyin ödənilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli, 75/k nömrəli əmrinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1450/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1450/2024
24.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver