Məhkəmə qərarları › İş №2(012)-147/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-147/2022

10.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-147/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və mənzildə yaşayan digər şəxslərin ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 5 saylı fərdi yaşayış evindən çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair cavabdehdən 189499,07 USD əsas, 37075,53 USD faiz, cəmi 226574,60 USD məbləğində borcun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka (ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi) yönəldilməsi barədə Abşeron Rayon Məhkəməsinin 12.10.2017ci il tarixli 2(102)-7197/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Sonradan cavabdeh tərəfindən apellyasiya sikayəti verilmisdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(105)-1137/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya sikayəti qismən təmin olunmus, Abşeron Rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli 2(102)-7197/2018 saylı qətnaməsi “mənzilin boşaldılması hissəsində” ləğv edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(105)-1137/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya sikayəti verilmiş, Ali Məhkəmənin 21.11.2018-ci il tarixli, 2(102)- 7197/2018 saylı qərarı ilə kassasiya sikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(105)-1137/2018 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra hərrac üzrə ixtisaslaşdırılmış təşkilat olan "xxxx" MMC ilə "xxxx" KB ASC arasında 06.05.2019-cu il tarixli hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus olmuş ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən 77775 manata alınmışdır. Sözügedən əmlak Bankın sahibliyinə və istifadəsinə keçmiş, "xxxx" KB ASC-nin fərdi yaşayış evi üzərində faktiki olaraq sahiblik və istifadə hüquqları yaranmışdır. Belə olan halda, Cavabdeh fərdi yaşayış evini tərk etmək vəzifəsi yaranmışdır. Ona görə də cavabdeh fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməlidir. Hazırki halda isə Bankın fərdi yasayış evi üzərində faktik sahiblik və istifadə hüququnun olmasını və cavabdehin isə həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun itirilməsini nəzərə alınaraq, Cavabdeh "xxxx" KB ASC-nin faktik sahibliyində və istifadəsində olan fərdi yasayış evinə qanunsuz sahiblik edir. Ona görə də Cavabdeh və fərdi yaşayış evində yasayan digər şəxslərin ünvan 2 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən 5 nömrəli fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin: 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.11.2018-ci il tarixli 2(102)-7197/2018 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 06.05.2019-cu il tarixli 23/07 saylı ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 5 saylı fərdi yaşayış evi “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti (rəqəm və sözlə) 77775 manat qiymətlə tələbkar "xxxx" KB ASC əldə etmək hüququnu bildirdi və mənzilin dəyəri köçürmə yolu ilə ödənilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən iddiaçı "xxxx" KB ASC ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 5 saylı fərdi yaşayış evini açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ "xxxx" KB ASC-yə keçmiş, lakin buna baxmayaraq evin açıq hərracdan satılması yolu ilə qanunauyğun qaydada əldə edilməsindən sonra Cavabdeh qeyd olunan evdə qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia qismən təmin edilməli, cavabdeh Əzizova X3 rayonu Xırdalan şəhəri N.Zeynalova küçəsi dalan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 5 saylı fərdi yaşayış evindən çıxarılaraq mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin “digər şəxslərin mübahisəli evdən çıxarılmaları” hissəsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əzizova X3 rayonu Xırdalan şəhəri N.Zeynalova küçəsi dalan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və üzərindəki 5 saylı fərdi yaşayış evindən çıxarılsın və cavabdeh tərəfindən mənzil boşaldılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 manat pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar