Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1475/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması” tələbinə dair mülki işə 27 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ona çatmalı olan mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki ümumi sahəsi arasındakı fərqdən yaranan 7920 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7950 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onunla "xxxx" MMC arasında bağlanmış “Torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısı haqqında” 06.12.2013-cü il tarixli D(b)/093 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədə göstərilən mənzilin müqavilədə göstərilən ümumi sahəsi ilə faktiki sahəsi arasında yaranmış 15 kvadrat metrlik fərqə görə 7553 (yeddi min beş yüz əlli üç) manat məbləğində pulun, mənzilin təmirinə görə mənə dəymiş zərərin əvəzi kimi 3500 (üç min beş yüz) manat məbləğində pulun, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 (beş min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında 06.12.2013-cü ildə bağlanmış D(B)/ 093 nömrəli müqaviləyə əsasən satılmış mənzilin müqavilədə qeyd olunan sahəsi ilə faktiki ümumi sahə arasında olan 19 m2 sahənin dəyəri, hər 1 m2 üçün 528 manat olmaqla, 10032 manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanılan 06.12.2013-cü il tarixli D(b)/093 saylı müqaviləyə əsasən "AAAF-Park" yaşayış massivi, A kompleksində inşa edilmiş olan 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 92.7 kv metr olan 3 otaqdan ibarət 10 saylı mənzili nağd ödəniş yolu ilə 48945 (qırx səkkiz min doqquz yüz qırx beş) manata almışdır. Binada təmir işlərinə başlayarkən ona məlum olmuşdur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, bilə-bilə qarşı tərəfi aldatmış, artıq gəlir əldə etməyə çalışmışdır. Belə ki, müqavilədə mənzilin ümumi sahəsi 92.7 kv. metr olaraq göstərilsə də faktiki ölçmə zamanı 15 (on beş) kv. metr az olduğu görünmüşdür. Bu barədə iradını 06.12.2020-ci il tarixində "xxxx" MMC-yə yazmış olduğu məktubda qeyd etmiş və mübahisənin könüllü həllinin tərəfdarı olmuşdur. Lakin "xxxx" MMC bu günə qədər məktubuma cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. O, ekspert rəyi ilə razıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Mənzilin alqı-satqı müqaviləsindən əlavə olaraq iddiaçı ilə "xxxx" MMC arasında 2016-cı ilin avqust ayında razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən mənzilin sahəsinin hesablanması qaydası evin iç divarından yox, çöl divarından hesablanmışdır. İddiaçı bundan xəbərdar olmuş və qəbul edərək razılaşma protokolunu imzalamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 06.12.2013-cü il tarixli D(b)/093 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən "xxxx" MMC "AAAF-Park" yaşayış massivi, A kompleksində inşa edilmiş olan 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 92.7 kv metr olan 3 otaqdan ibarət 10 saylı mənzilini 48945 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 10/2590 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı 6 mərtəbəli yaşayış binasında yerləşən 10 saylı mənzilin ümumi sahəsinin 73,7 m2 təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 06.12.2013-cü il tarixli D(b)/093 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında müqavilə də "xxxx" MMC tərəfindən İddiaçı satılmış "AAAF-Park" yaşayış massivi, A kompleksində inşa edilmiş olan 2 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 92.7 kv metr olan 3 otaqdan ibarət 10 saylı mənzilinin ümumi sahəsi 92,7 m2 olduğu göstərilsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 10/2590 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 73,7 m2 olduğu müəyyən edilmişdir. Belə olduğu halda hər kv.metr sahənin 528 manat (48945 AZN ÷ 92,7 m2) təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 10032 manat pul vəsaiti (48945- (73,7 m2 × 528 AZN) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (bir yüz) manat ekspertiza xərci "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən AAAF-Park" yaşayış massivi, A kompleksində inşa edilmiş olan 2 saylı 6 mərtəbəli yaşayış binasında olan 3 otaqdan ibarət 10 saylı mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 10032 (on min otuz iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən ekspertizaya görə 100 (bir yüz) manat ekspertiza xərci "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X2, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1475/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1475/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver