Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1477/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən, sahəsi 58 kv.m olan 2 otaqlı, tam təmirli 3-cü fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, cavabdehi Vüqar adlı qohumu vasitəsi ilə tanımışdır. Belə ki, o, qohumundan ev almaq üçün ona kömək etməsini istəmiş, qohumu da ona ev almaqda kömək etmişdir. İlk olaraq Cavabdeh ona başqa bir ev satmış, lakin həmin ev mübahisəli olduğu üçün ona başqa bir evi satacağını bildirmişdir. Həmçinin cavabdeh ona bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi çıxarışlıdır və həmin torpaqda 4 ev tikilmişdir, hansı evi seçsə, ona satacaqdır, o da bu təklif ilə razılaşmışdır. Cavabdeh ona əlyazma ilə ərizə də yazmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 58 kv.m olan 2 otaqlı, tam təmirli 3-cü fərdi yaşayış evini 35500 manata ona satmışdır. Daha sonra Cavabdeh həmin evin işıq və qaz sayğaclarını da onun adına keçirmişdir. Qeyd edir ki, cavabdeh ona həmin evi digər şəxslər zəbt etdiyi üçün 2 aya təhvil verəcəyi barədə öhdəlik götürsə də bu vaxta kimi öhdəliyini yerinə yetirməmişdir. Hətta cavabdehdən birinci evi alanda həmin evə mətbəx mebeli, yataq-qonaq mebelləri, televizor, soyuducu, paltaryuyan maşın da aparmış, bütün bu əşyaları da təzə alıb qoymuşdur. Həmçinin sözügedən ərizədə cavabdeh həmin əşyaları da verəcəyi barədə öhdəlik götürmüş, lakin heç bir öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ona evi satmasından artıq 5 ay keçməsinə baxmayaraq öhdəliyini icra etməmişdir. O, sözügedən evin vicdanlı alıcısıdır və həmin evə rəsmi olaraq köçüb yaşamaq istəsə də evə getməyə imkan vermirlər. Ona görə də cavabdeh tərəfindən ona satılan ünvan 1 ünvanında yerləşən, sahəsi 58 kv.m olan 2 otaqlı tam təmirli 3-cü fərdi yaşayış evinə köçürülməsini istəyir. Lakin həmin evə köçürülməsinə cavabdeh və onun ailə üzvləri tərəfindən maneə törədilmişdir. Torpaq sahəsi çıxarış əsasında Cavabdeh adına olsa da həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin çıxarışı yoxdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və iddiaçının izahatına uyğun izahat vermiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh hazırda cəzaçəkmə məntəqəsində cəza çəkdiyi üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyindən işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və dövlətin mülkiyyətində olan 0,0120 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 99,80 m2 olan fərdi yaşayış evi xx.xx.2023-cü ildə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən göründüyü kimi İddiaçı köçmək istədiyi ünvan 2 ünvanında yerləşən və dövlətin mülkiyyətində olan 0,0120 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 99,80 m2 olan fərdi yaşayış evi Cavabdeh dövlət tərəfindən qorunmasına təminat verilən xüsusi mülkiyyətindədir və iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallar müəyyən edilmir. Beləliklə, iddiaçı tərəf məhkəmədə mübahisəli fərdi yaşayış evi barədə cavabdeh ilə aralarında alqı-satqı müqaviləsi bağladıqlarını, bu səbəbdən sözügedən fərdi yaşayış evinin ona məxsus olduğunu iddia etmiş, lakin iddia tələbinin hüquqi əsasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş və məhkəmədə sübutların tədqiqatı zamanı həmin torpaq sahəsində cavabdehin köçməsinə əsas verən digər fərdi yaşayış evi müəyəyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Bundan başqa iddia tələbi rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanında yerləşən, sahəsi 58 kv.m olan 2 otaqlı, tam təmirli 3-cü fərdi yaşayış evinə köçürülməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1477/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1477/2025
20.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver