Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1480/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev ona məxsusdur. 2017-ci ildə o həmin evi satmaq istədiyinə görə əvvəllər tanımadığı Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olan X4 müraciət etmişdir. Fərhad Əliyev bir neçə dələ evə müştəri gətirmiş, lakin onlar razılaşmamışlar. xx.xx.2017-ci ildə Fərhad Cavabdeh ona məxsus evə baxmağa gətirmişdir. Həmin vaxt Vəfa evi bəyənmiş və onlar evin içərisində olan əşyaları ilə birlikdə 70000 manat məbləğində pul vəsaitinə satılması barədə razılaşmışlar. Həmin vaxt Vəfa və Fərhad evi kreditlə satmağı, yəni əvvəlcə 10000 manat ödəyəcəyini, qalan 60000 manat məbləğində pulu isə 12 il müddətində başqa yerdən alacağı evin aylıq kreditini ödəyəcəyini bildirmişlər. O da Vəfaya inanmış və razılaşmışdır. xx.xx.2017-ci ildə Fərhad Əliyev tərəfindən beh müqaviləsi tərtib edilmişdir. Həmin müqavilədən göründüyü kimi satılan evin ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, evi satan İddiaçı, evin satış qiyməti 70000 manat, evi alan Cavabdeh, evə verilən beh 10000 manat, beh verən Cavabdeh, beh alan o, vasitəçi X8, şahidlər X5, X10, evin boşaldılma tarixi xx.xx.2017-ci il, evin alqı-satqısı tarixi xx.xx.2017-ci il olmuş, müqavilə evi satan, alan və vasitəçi tərəfindən imzalanmışdır. Bundan sonra Vəfa və Fərhad ona bildirmişlər ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili alaraq ona təhvil verirlər. Ona ödənilməli olan pulu isə hər ay həmin mənzilin kreditinə ödəyəcəklər. Buna görə də o, razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən ”Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh X8 ilə ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək üçün qabaqcadan əlbir olmuşlar və onu aldadaraq evini ələ keçirmişlər. Belə ki, Vəfa Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili öz adına sənədləşdirmiş, qabaqcadan razılaşdırdıqları kimi ödəməli olduğu həmin mənzilin pulunu ödəməmişdir. Buna görə də hazırda "Kristal Abşeron” MTK tərəfindən onun həmin mənzildən çıxmağı tələb edilir, evin kommunal xidmətləri dayandırılmışdır. Vəfa onu inandırmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə dair müqavilə bağlamışdır. Lakin Vəfa mənzilin ödənişini etməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin Vəfanın adına sənədləşdirilməsi, Vəfanın Fərhadla əlbir olaraq onu aldatmalarını təsdiq edir. Hazırda onun yaşamaq üçün evi yoxdur. Buna görə də hesab edir ki, o, özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməlidir. Hazırda o nə edəcəyini və harada yaşayacağını bilmir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən ox yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeli ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasım aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə elmək hüququ Bu məcəlləni- qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2ci mərtəbədə yerləşən 8 saylı mənzil Cavabdeh adına olmuşdur. Lakin Cavabdeh tərəfindən həmin mənzilə görə ödənişlər edilməmişdir. Bu məsələ ilə əlaqədar olaraq hətta onlar məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-3759/2021 saylı qətnaməsi ilə Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, o, 1998-ci ildən bəri Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yaşayır və iddiaçı onunla qonşu olmuşdur. O, iddiaçını 2000-ci ildən tanıyır. İddiaçının evinin sənədi olub-olmadığını bilmir. Lakin iddiaçı evi 2017-ci ildən tərk etmişdir, elə həmin vaxtdan bəri evdə Vəfa adlı şəxs yaşayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində bildirdi ki, o, Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yaşayır və iddiaçını 2006-cı ildən qonşusu kimi tanıyır. İddiaçı ondan əvvəl həmin ünvanda yaşamışdır. Lakin iddiaçı artıq 3 ildən çoxdur ki, həmin ünvanda yaşamır və hazırd həmin ünvanda Vəfa adlı şəxs yaşayır. Bildiyi qədəri ilə Vəfa evdə yaşasa da, mənzilə görə iddiaçıya pul ödəməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, o, iddiaçını 2003-cü ildən tanıyır. İddiaçı ondan əvvəl də Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində yaşamışdır. İddiaçı evi 2017-ci ildə tərk etmiş və "xxxx" ünvanına köçmüşdür. Hazırda iddiaçının evində Vəfa adlı şəxs yaşayır. Məhkəməyə şahid qismində cəlb edilmiş Şahid ifadəsində bildirdi ki, İddiaçı 20 ilə yaxındır ki, tanıyır. O, Masazır kəndi, Sarı Aşıq küçəsində yaşayır. O, iddiaçı ilə təxminən 2000-2015-ci il tarixinədək ünvan 4 ünvanda yaşamışdır. Həmin ərazidə əksər evlərin sənədi yoxdur. Məhkəmə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci,228.3-cü və 228.5-ci maddələrinə istinad edərək iddianın təmin olunmasını xahiş etmiş,lakin məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilir ki, qeyd olunan maddi hüquq normaları iddianın təmin olunmasına əsas vermir.Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından müəyyən edilir ki,mübahisə predmeti olan fərdi yaşayış evinə dair hər hansı bir rəsmi sənəd mövcud deyildir, özbaşına tikilidir və tərəflər arasında xx.xx.2017-ci il tarixdə mübahisəli evlə bağlı qeyri rəsmi müqavilə bağlandıqdan sonra iddiaçı bütün əmlaklarını götürərək mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evini tərk etmiş və həmin vaxtdan da mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evi Cavabdeh faktiki istifadəsindədit, tərəflərin sözügedən evdə faktiki cəhətdən birgə yaşaması mümkün deyildir,belə ki,bununla bağlı məhkəmədə hər hansı bir hal və həmin halı təstiq edən hər hansı bir sübut da müəyyən edilməmişdir. Bundan başqa həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki,iddiaçı ilə cavabdeh arasında hər hansı bir ailə münasibətləri mövcud deyildir, bu hal da analoji münasibətləri tənzimləyən maddi hüquq normasının tətbiqini inkar edir və iddianın təmin olunmasına əsas verən hər hansı bir maddi hüquq norması da yoxdur. Bundan başqa işin faktiki hallarından görünür ki,tərəflər arasında qeyri-rəsmi öhdəlik münasibətləri yaranmış və iddiaçı həmin münasibətlərdən irəli gələn hüququnun pozulmasını iddia edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan normalara və işin yuxarıda qeyd olunan faktiki hallarından irəli gələnlərə əsaslanaraq hesab edir ki, İddiaçı vurulmuş ziyanla bağlı cavabdehə qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiası rədd edilsin. İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evlə bağlı vurulmuş zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1480/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1480/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver