Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1489/2022 29.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 m daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin tikinti-təmir işlərinin yekunlaşdırılıb cavabdeh tərəfindən ona təhvil verilməsi, həmin fərdi yaşayış evi təhvil verilənədək xx.xx.2021-ci il tarixdən başlayaraq, kirayə haqqı olaraq aylıq 300 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, fərdi yaşayış evinin təmir-tikinti işlərinin icra edilmə müddətinin 3 (üç) ay müddətində yekunlaşdırılmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 metr daxili hündürlüyü, daxili qapılar taxta qapı, giriş qapı dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, iddiaçı isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 34000 manat təşkil etmişdir. Sifarişçi həmin məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 24000 manat pulu isə xx.xx.2026cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdeh sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci il tarixdə yaşayış üçün hazır edərək təhvil verməyi, iddiaçı isə həmin fərdi yaşayış evini təhvil almağı öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilədə göstərilən müddətdə fərdi yaşayış evini tikib təhvil verməmişdir. Cavabdehlə əlaqə saxladığı zaman o, həmin fərdi yaşayış evinin tikintisini davam etdirəcəyini, tikinti nə vaxt başa çatsa, həmin vaxt evi təhvil verəcəyini bildirmişdir. İddiaçı isə ona etiraz edərək bu hərəkətlərin müqavilə üzrə razılaşdıqları şərtləri pozduğunu bildirmişdir. İddiaçı hər danışıqda müqaviləyə əsasən evin təhvil verilməsini istədiyini bildirmişdir. Belə ki, iddiaçı neçə vaxtdır ki, evin hazır olub təhvil verilməsini gözləmiş, evin tikintisi başa çatmış və cüzi təmir işləri qalmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər hələ də icra olunmamışdır. Yəni, müqavilədə göstərilən mənzil müqavilə şərtlərinə uyğun olaraq təhvil verilməmişdir. Halbuki, müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən bütün şərtləri icra edib, evi xx.xx.2021-ci il tarixdə təhvil verməli idi. Bununla bağlı olaraq iddiaçı cavabdehə dəfələrlə müraciətlər etmiş, lakin buna baxmayaraq mənzil təhvil verilməmiş və bunun səbəbləri ilə bağlı hər hansı rəsmi bir məlumat verilməmişdir. Göründüyü kimi, müqavilənin şərtlərinə əsasən həmin fərdi yaşayış evi avqust ayından etibarən iddiaçının istifadəsinə və sahibliyinə verilməli idi. Lakin cavabdeh qanunsuz olaraq hazırda həmin mənzili verməkdən imtina edir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri, yəni pulun qalanını müqavilənin şərtlərinə uyğun olaraq günü bu gün də icra etməyə hazır olduğunu cavabdehə bildirmişdir. Habelə, cavabdeh iddiaçıdan əlavə, daha 63 nəfərə qarşı da bu cür hərəkətlər etmişdir. Cavabdeh barəsində şikayətlər olunmuşdur. Daha sonra şikayətlər geri çəkilmişdir. Belə ki, cavabdeh bütün mənzilləri təmir edib tamamlayacağını bildirmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi, bu günə kimi həmin evlərin tikintisini tamamlayıb sahiblərinə təhvil verməmişdir. Cavabdehin bu qanunsuz, özbaşına hərəkətləri nəticəsində iddiaçı əsəb və həyəcan keçirmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi səbəbindən iddiaçı öz əmlakına sahiblik və istifadə hüququndan məhrum olmuş və bunun nəticəsində, iddiaçı yaşamaq üçün kirayə mənzil tutmaq məcburiyyətində qalmışdır. Buna görə də hesab edir ki, xx.xx.2021-ci il tarixdən başlayaraq mənzil təhvil verilənədək kirayə haqqı olaraq aylıq 300 manat pul vəsaiti də cavabdeh tərəfindən kompensasiya olunmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı cavabdeh ilə bağladığı podrat müqaviləsinə əsasən, cavabdeh 3 ay müddətinə ünvan 1 ünvanında cavabdehin istifadəsində olan 150 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 34000 manat pul vəsaitinin 10000 manat hissəsi müqavilə bağlanan gün ödənilmiş, qalan məbləğ isə ev tikilib tam təmirli şəkildə verildikdən sonra hər ay 500 manat ödənilmək şərtilə razılaşdırılmışdır. Bu müddət ərzində öhdəliyini cavabdeh yerinə yetirməmiş, dəfələrlə iddiaçı müraciət etsə də, cavabdeh öhdəliyinin icrasından yayınmışdır. Qeyd olunan müddətdə iddiaçı hər ay 300 manat ödənilmək şərtilə kirayədə qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil izahatı ilə eyni məzmunlu izahat verərək iddia ərizəsini müdafiə etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş materiallarına əlavə olunmuş, mübahisəli torpaq sahəsi və üzərində tikilinin tikilməsinə icazə verilməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin X2 ayrılması barədə sərəncam verilmişdir. Atası sağlamlığı ilə əlaqədar olaraq ürəyindən əməliyyat olunmuş, bu səbəbdən də hazırki işlərlə bağlı atasının əvəzinə o, addımlar atır. Özü isə hazırda, Bakı şəhəri Bayıl qəsəbəsində kirayə, atası isə 20-ci Sahə ünvanında şəxsi evində qalır. Lakin həmin evdə iki ailənin yaşaması mümkün deyildir. Həmin torpaq sahəsi çoxdan alınsa da, maddi imkansızlıq səbəbindən tikilinin inşa edilməsi əvvəllər mümkün olmamışdır. Fotoşəkildən də görünür ki, evin çox hissəsi tikilmiş olsa da, müəyyən hissəsi yarımçıq qalmışdır. Aya 300 manat olmaqla kirayə qalsa da, müqavilə bağlanmadığından onu sübut edəcək hər hansı bir sənədi yoxdur. Tikilinin materialları cavabdehin özünə məxsus olmaqla, o, yalnızca torpaq sahəsini cavabdehə təhvil vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 805 saylı sərəncamından görünür ki, Abşeron rayonu X6 Fondunda saxlanılmış torpaqlardan Masazır kəndi ərazisində fərdi yaşayış evinin tikinti məqsədilə 0,02 hektar 99 il müddətinə icarə qaydasında X2 torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 7814 saylı sərəncamından görünür ki, vətəndaş X1 istifadəsində olan Masazır kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayışın tikintisinə icazə verilmişdir. -1 saylı Bakı Asan Xidmət mərkəzi Notariat Ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli AR-İİ 629985 saylı etibarnamənin surətindən görünür ki, X3 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı xx.xx.2042-ci il tarixədək etibar etmişdir. -Birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 m daxili hündürlüyü, daxili və xarici divarlar, mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla, 34000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəmiş, qalan 24000 manat pulu isə xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, icraçı fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı podrat müqaviləsi üzrə 10000 manat pul vəsaiti köçürmüşdür. -Mülki iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən verilmiş 1 (bir) ədəd fotoşəkildən görünür ki, bir mərtəbəli fərdi yaşayış evi inşa edilmiş olsa da, tikintisi başa çatdırılmamışdır. -Asan1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi 38 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bərdə rayonu Alpoud kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, icraçı öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş 34000 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, sifarişçi həmin məbləğin 10000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəmiş, qalan 24000 manat pulu xx.xx.2026-cı il tarixədək ödəməyi, icraçı isə xx.xx.2021-ci il tarixdə yaşayış üçün hazır edərək fərdi yaşayış evini sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müəyyən edilmiş ödənişi ödəməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik icra edilməyərək fərdi yaşayış evinin müəyyən edilmiş müddətdə təhvil verilməsi təmin edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2021-ci il tarixli podrat müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan sifarişçi İddiaçı və icraçı Cavabdeh tərəfindən şəxsən imzalanmış, müqavilə Bakı şəhəri 43 saylı Notariat Kontorunda xx.xx.2021-ci il tarixdə reyestrdə 3M-818 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmişdir. Mülki Məcəllənin: 752.1. maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1. maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən, cavabdeh xx.xx.2021-ci il tarixədək fərdi yaşayış evini inşa edərək təhvil verməyi, iddiaçı isə müqavilə ilə müəyyən edilmiş 34000 manat pul vəsaitini cavabdehə ödəməli idi. Beləliklə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməyərək müqavilədə nəzərdə tutulmuş müddətdə fərdi yaşayış evi təhvil verilməmişdir ki, bu da, mülki iş materiallarına əlavə olunmuş fotoşəkildən də öz təsdiqini tapmışdır. Belə ki, həmin fotoşəkildən tikilinin inşasının tam şəkildə başa çatmadığı açıqaydın görünür. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə icraçı tərəfindən müqavilə üzrə öhdəliyin tam şəkildə icra edilməməsi sifarişçinin müqavilənin vaxtından əvvəl ləğvini tələb etmək hüququnu istisna etməsə də, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliyini icra edərək fərdi yaşayış evinin tam şəkildə inşa edilib təmir edilmiş formada təhvil verilməsini tələb etmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini icra etməyərək xx.xx.2021-ci il tarixədək fərdi yaşayış evini yaşayış üçün hazır vəziyyətdə iddiaçıya təhvil verməməsi, bununla da, müqavilə şərtlərini pozması öz təsdiqini tapdığından, iddia ərizəsi ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 m daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin tikinti-təmir işlərinin 3 (üç) ay müddətində yekunlaşdırılıb cavabdeh tərəfindən ona təhvil verilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinin fərdi yaşayış evi təhvil verilənədək xx.xx.2021-ci il tarixdən başlayaraq, kirayə haqqı olaraq aylıq 300 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həqiqətən də həmin tarixdən etibarən aylıq 300 manat olmaqla kirayə haqqı ödəməklə kirayədə yaşamasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia tələbləri bu hissədə də əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 m daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin təmir-tikinti işləri 3 (üç) ay müddətində yekunlaşdırılıb cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə ünvan 1 ünvanında cavabdehin istifadəsində 150 kv.m torpaq sahəsində inşa edilən 3.10 m daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, daxili qapılar taxta qapı, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel, metlax, yaşayış sahəsi 85 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, kürsülü, 1 mətbəxli, dəhlizli fərdi yaşayış evinin təmir-tikinti işləri 3 (üç) ay müddətində yekunlaşdırılıb cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov