Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-151/2024 16.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsi PHŞ-nin şəxsin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsi PHŞ ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə soyadı Məmmədova, adı Məleykə, ata adı Faiq, doğum tarixi xx.xx.1990, doğulduğu yer Bakı, ata qrafasında atasının X11, ana qrafasında anasının X8, valideynlərinin milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsində tam dövlət təminatında olan vətəndaş xx.xx.1990-cı il təvəllüdlü Məmmədova Məleykə 1994-cü ildə “X12” tərəfindən müəssisəyə təhvil-təslim aktı əsasında imtina olunmuş uşaq kimi qəbul olunmuşdur. Müəssisədə baş verən yanğın hadisəsi nəticəsində ona aid olan sənədlər yanmışdır. Buna görə də onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyətini təsdiq edən sənəd, valideynləri haqqında heç bir məlumat yoxdur. Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xx.xx.1990-cı il təvəllüdlü Məmmədova Məleykənin doğum haqqında şəhadətnaməsinin alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Lakin Maraqlı şəxsndə onun doğum haqqında akt qeydləri “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tam dövlət təminatında olan Məmmədova Məleykənin doğum haqqında şəhadətnaməsinin olmaması bir gənc olaraq Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsini almasına maneçilik törədir və ehtiyac yarandıqda şəxslə bağlı digər dövlət orqanlarına müraciət imkanını məhdudlaşdırır. Buna görə də doğum haqqında şəhadətnamədə, şərti olaraq adlandırılan soyadı- Məmmədova, adı - Məleykə, ata adı - Faiq, doğum tarixi xx.xx.1990, doğulduğu yer - Bakı, ata qrafasında atasının X11, ana qrafasında anasının X9, valideynlərinin milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsində işləyir. Məleykə Məmmədova əvvəllər psixonevroloji qurumda olsa da, əlil olduğu üçün sonradan onların müəssisəsinə verilmişdir. Onun təqribən 34 yaşı olar. Ata və anasını tanımır. Onların müəssisəsinə gətiriləndə sənədləri artıq yanmışdı. Onun müəssisəyə verilməsi barədə təhvil-təslim aktı mövcuddur. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsində mentor vəzifəsində işləyir. Məleykə Məmmədovanın yaşı 30-dan yuxarıdır, təqribən 34 olar. Onun əqli problemləri var. Öz ata və anası yadına gəlmir və onları tanımır. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 2 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi X21 Məmmədova Məleykənin doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İş materiallarında olan “X7” PHŞ tərəfindən verilmiş sənədlərdən görünür ki, X6 adlı uşaq xx.xx.1990-cı ildə anadan olmuşdur və Mərkəzə xx.xx.1990-cı ildə daxil olunmuşdur. xx.xx.1994-cü ildə uşaq 2 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsi X17 yerləşdirilmişdir (əvvəlki adı Saray qəsəbəsində yerləşən 7 saylı ağıldankəm uşaqlar üçün internat evi). İşdə olan xx.xx.2006-cı il tarixli aktın surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə Saray qəsəbəsində yerləşən 7 saylı ağıldankəm uşaqlar üçün internat evinin inzibati binasında yanğın baş vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Məmmədova Məleykə xx.xx.1994-ci il tarixdən hal-hazıra kimi 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində “F71.orta dərəcəli əqli gerilik. Uşaq serebral iflici. Aşağı ətrafların paraparezi” diaqnozu ilə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X10" X18 xx.xx.2023-cü il tarixli, 5555 saylı rəyindən görünür ki, Məmmədova Məleykənin məhkəmə-tibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: Məmmədova Məleykənin müəyyən edilmiş yaşı 25-30 ilə uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şərti olaraq 1990-cı il təvəllüdlü Məleykə Məmmədova adlı qız uşaq “X7” PHŞ-dən xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə (2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsi PHŞ) daxil olmuş və hal-hazıradək Məleykəyə doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Mülki işin məhkəmə gedişatında təxmini xx.xx.1990-cı il təvəllüdlü kimi məhkəməyə təqdim olunan Məleykə Məmmədovanın yaşının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Naziriyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X22 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 5555 saylı rəydən görünür ki, Məleykə Məmmədovanın müəyyən edilmiş yaşı 25-30 ilə uyğun gəlir. Məhkəmə işin xüsusi faktiki hallarını və ərizədə xahiş olunanların məhkəmədən kənar müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, 1990-cı il təvəllüdlü Məleykə Məmmədovanın doğum faktı müəyyən edilməli, Məleykə Məmmədovaya doğum haqqında şəhadətnamənin verilməsinin mümkünlüyü üçün şərti olaraq doğulduğu yerin - Bakı, ata qrafasında - atasının X11, ana qrafasında - anasının X8 yazılması göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsinin rekzivitlərində “milliyət” qrafası olmadığından, məhkəmə hesab edir ki, ərizə şəhadətnamədə Məleykə Məmmədovanın valideynlərinin milliyətinin azərbaycanlı kimi qeyd edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. 1990-cı il təvəllüdlü Məleykənin doğum faktı müəyyən edilsin, doğum haqqında şəhadətnamədə soyadı Məmmədova, adı Məleykə, ata adı Faiq, doğum tarixi 1990-cı il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında atasının adı X11, ana qrafasında anasının adı X3 qeyd edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-151/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-151/2024
16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver