Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1514/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı (İddiaçı Yaqub oğlu), Cavabdeh2 Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2, X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən, halhazırda, "xxxx" MTK-ya məxsus olan çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.5 kv.m olan, 2 otaqlı mənzilin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan Cavabdeh1 MMCnin sədri X3 ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlamış, müqavilənin predmeti olaraq Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının İ blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 75.5 kv.m olan, 2 otaqlı mənzili ümumi dəyəri 49075 manat pul ödəməklə almış və pulun ödənilməsinə dair iddiaçıya maliyyə arayışı təqdim olunmuşdur. Mənzil tikilib qurtardıqdan sonra təhvil verilməli idi. Belə ki, Türkiyəyə döndükdən sonra karantin olduğu üçün iddiaçı Azərbaycana uzun müddət gələ bilməmiş və gəldikdə evinə baxmağa getmiş, Cavabdeh1 MMC-nin binanı Cavabdeh2 MTK-ya satdığının şahidi olmuş, evini tələb etdikdə MTK mənzili verməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh binanın Cavabdeh2 MTK-ya satılmasını bildirməklə yaşayış evini verməkdən imtina etmişdir. Mənzilin yeni MTK fəaliyyətə başladığı müddətdən əvvəl verilməsini əsas tutaraq işin icrasından imtina etmiş və hətta müxtəlif bəhanələr gətirsə də bəlli bir məsələdir ki, MTK-nın adının dəyişdirilməsi və ya binanın başqa MTK-ya satılması, yenidən tədris olunması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilməz. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK-nın əlavə cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə Cavabdeh2 MTK-nı cavabdeh qismində mülki işə cəlb etmişdir. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin "xxxx" MMC kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı ərizə ilə təkrarən məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin "xxxx" MMC kimi oxunmasına dair təqdim etdiyi ərizənin nəzərə alınmadan geri götürülməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1514/2023 saylı qiyabi qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 75.5 kv.m olan iki otaqdan ibarət mənzilin həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı (İddiaçı Yaqub oğlu) təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya həvalə edilməsi qət edilmişdir. Cavabeh Cavabdeh2 MTK xx.xx.2023-cü il tarixdə şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1514/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1514/2023 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1514/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə "xxxx" MMC-ni cavabdeh qismində mülki işə cəlb etmişdir. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-ni cavabdeh qismində mülki işə cəlb edilməsi barədə ərizəsinin nəzərə alınmamasını məhkəmədən xahiş etmiş, məhkəmə iddiaçının ərizəsini təmin edərək "xxxx" MMC-ni cavabdehlikdən çıxartmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Cavabdeh1 MMC ilə 2019-cu ildə müqavilə bağlayaraq mənzili satın almışdır. Həmin mənzilə görə ödənilməli olan məbləği tam şəkildə ödəmişdir. 2020-ci ildə “Covid-19” pandemiyası ilə əlaqədar olaraq o, uzun müddət Azərbaycana gələ bilməmiş, sonra Azərbaycana gəldiyində binanın Cavabdeh2 MTK-ya satılması ona bildirilmişdir. Hesab edir ki, hazırki iş üzrə cavabdehlər bir-biriləri ilə əlaqəlidir. Məhkəmə iclasında Cavabdeh2 MTK-nın nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən Cavabdeh2 MTK ilə bağlı hər hansı bir əsaslı bir sübut təqdim edilməmişdir. Cavabdeh1 MMC faktiki olaraq mövcuddur və fəaliyyət göstərir. Hesab edir ki, Cavabdeh2 MTK hazırkı iddia tələbi üzrə cavabdehlik daşımır. Cavabdehlər Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayış binasından ümumi sahəsi 75.5 kv.m olan iki otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, alıcı üç bloklu yaşayış binasının 1-ci blok, 13cü mərtəbə, ümumi sahəsi 75.5 kv.m-dən ibarət, 2 otaqlı mənzili hər kv.m-i 650 manat olmaqla, 49075 manat pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, ödəniş haqqında maliyyə arayışı müqaviləyə əlavə olunduqdan sonra müqavilə qüvvəyə minir. Müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayıb alıcıya təhvil verməlidir. -Cavabdeh1 MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən də, Cavabdeh1 MMC-nin ünvan 1 ünvanında inşa edilən üç bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 75.5 kv.m olan, iki otaqlı mənzilinin ümumi dəyərini 49075 manat olmaqla tam ödəmişdir. -İddiaçı Cavabdeh2 MTK-ya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh1 MMC ilə bağladığı müqaviləyə əsasən aldığı ümumi sahəsi 75.5 kv.m olan iki otaqlı mənzilin təhvil verilməsini, mənzil başqa şəxsə satıldığı təqdirdə bu barədə maliyyə arayışı və müqavilənin surətinin təqdim edilməsini xahiş etmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Cavabdeh2 MTK-nın xx.xx.2023-cü il tarixli, 46 saylı məktubundan görünür ki, Cavabdeh1 MMC tərəfindən inşa edilmiş və ediləcək hər hansı yaşayış binasının tikintisi rəhbərlik etdiyi Cavabdeh2 MTK-ya həvalə edilməmiş, nə də Cavabdeh1 MMC-nin hər hansı tikintisini təhvil almamışdır, cəmiyyətin öhdəlikləri üçün də kooperativ cavabdeh deyil. Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanında Cavabdeh1 MMC tərəfindən yaşayış binasının inşa edilməsi aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********342800 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən, Cavabdeh1 MMC-nin (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda, fəaliyyəti aktiv vəziyyətdədir. Cavabdeh1 MMC-nin hüquqi varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-1291/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-ya yaşayış binasının tikintisinə icazə verilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş, iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının tikintisi Cavabdeh2 MTK tərəfindən davam etdirilir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ak.Ə.Yaqubov küçəsi, 2 saylı evin, 47 saylı mənzilində müvəqqəti yaşayır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********152100 saylı məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) və xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin (VÖEN: **********) ləğv olunması və ya hüquqi varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-2610/2023 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi bina 1, 13-cü mərtəbəsində yerləşən, 2 otaqlı, 75.5 kv.m olan (1-ci blok) mənzillərə dair sənədlərin verildiyi dövrə aid müvafiq sənədlər Rayon Dövlət Arxivinə təhvil veriliyindən aidiyyəri üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 75.5 kv.m olan iki otaqdan ibarət mənzil qiyməti 49075 manat olmaqla iddiaçıya satılmış, iddiaçı müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmiş və bu barədə MMC tərəfindən alıcıya borcun tam şəkildə ödənilməsinə və borcun olmamasına dair arayış təqdim edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq satıcı tərəfindən mənzilin təhvil verilməsi üzrə öhdəlik icra edilməmişdir. Hazırda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, icraçı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilədir. Göründüyü kimi, müqavilə tərəfləri müqavilənin bütün mühüm şərtləri barədə razılığa gəlməklə müqavilə bağlanmış hesab olunmuşdur. Lakin bununla belə, müqavilə üzrə öhdəliklər cavabdeh qurum tərəfindən icra edilməmişdir. Bununla da, müqavilə üzrə alıcı mənzillə təmin olunmaq hüququndan məhrum edildiyindən onun məhkəmə qaydasında hüquqlarının müdafiəsi üsulu yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı mənzilə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzilin dəyərinin ödənilməsi müqabilində Cavabdeh1 MMC-nin öhdəliyinə əməl etməməsi, mənzili iddiaçıya təhvil verməməsi müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə, iddiaçının mübahisəli mənzilin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri 39 ünvanında inşa edilən yaşayış binasının inşası tamamlanmamaqla hazırda, tikintisinin digər Cavabdeh2 MTK tərəfindən davam etdirilməsi ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edir ki, iddiaçı mənzilin tikintisinin Cavabdeh2 MTK tərəfindən davam etdirilməsi onun tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında təsdiq olunmasını bildirmiş olsa da, mənzilin tikintisinin Cavabdeh2 MTK tərəfindən davam etdirilməsinə dair əsaslı sübutlar əlavə edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktublarından da görünür ki, Cavabdeh1 MMC (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, onun ləğv olunması və ya hüquqi varisliyi barədə hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC hazırda öz fəaliyyətini davam etdirdiyindən, həmçinin Cavabdeh2 MTK Cavabdeh1 MMCnin hüquqi varisi olmadığından, eyni zamanda iddiaçı ilə Cavabdeh2 MTK arasında mənzillə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədlərin olması aşkar olunmadığından və Cavabdeh2 MTK iddiaçının tələbi qarşısında cavabdehlik daşımadığından, iddia tələbi Cavabdeh2 MTK-ya münasibətdə təmin edilməməlidir. Ona görə də məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 75.5 kv.m olan iki otaqdan ibarət mənzilin həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının İ blok, 13-cü mərtəbə, ümumi sahəsi 75.5 kv.m olan iki otaqdan ibarət mənzilin həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı (İddiaçı Yaqub oğlu) təhvil verilməsi vəzifəsi Cavabdeh1 MMC-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1514/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1514/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver