Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1518/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı qardaşıdır. İddiaçı Cavabdeh3 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və qayınatası X3 və ərinin yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə gəlin köçmüşdür. İddiaçının bu nikahdan iki azyaşlı övladı vardır. Həmin həyət evinin yerləşdiyi boş torpaq sahəsini iddiaçının həyat yoldaşı olan Cavabdeh3 əmisi X6 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin Cavabdeh3 adına olmasına dair vergi ödəyicisi kimi Hökməli Bələdiyyəsinə ödənişlər edilmişdir. Bu torpaq sahəsində Cavabdeh3 öz vəsaiti hesabına fərdi ev tikərək orada iddiaçı mərhum qayınatası ilə birgə yaşamışdırlar. Bu illər ərzində Cavabdeh3 sahibliyində və istifadəsində olan fərdi evdə iddiaçının uşaqları ilə birgə yaşamalarını təsdiq edən şahidlər vardır. Mübahisəli evin tikilməsində iddiaçının qayınatası X3 usta kimi çalışmış, evin tikilməsində kömək etmişdir və X3 öldükdən sonra iddiaçının qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə iddiaçının yaşadığı evə gələrək mərhum qayınatasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışdırlar. Bir müddət keçdikdən sonra Cavabdeh1 və onun arvadı, digər cavabdeh Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı evi tərk etmək istəməmiş, həmin evdə atasının yaşamasını bəhanə edərək bu evin onlara vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişdirlər. Bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehlər iddiaçını və həyat yoldaşını evdən qovmağa çalışmışlar. Həmin fərdi evin bütün qaz və işıq sərfıyyatı iddiaçının həyat yoldaşının adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021 -ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh3 həmin evdə atası ilə uzun müddət yaşaması, digər cavabdehlərin isə oraya gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış və atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf etmişlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 cavabdehlərə qarşı Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsi tələbinə dair iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Cavabdehlərin iddiaçıya və onun həyat yoldaşı Cavabdeh3 qarşı mübahisəli evə köçüb orada yaşamalarına yaratdıqları süni maneələr nəticəsində iddiaçı ailəsi ilə birgə kirayədə qalmaq məcburiyyətindədir. Bu evdən başqa iddiaçının yaşamağa yeri yoxdur və cavabdehlərin iddiaçıya qarşı etdikləri qeyri-qanuni hərəkətlərlə iddiaçının uşaqlarının mənzil hüququnu aşkar şəkildə pozurlar. Başqa yolla mənzil hüququnu bərpa etmək mümkün olmadığına görə İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, sözügedən torpaq sahəsi etibarnamə ilə Cavabdeh3 məxsusdur, lakin Cavabdeh3 torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən evə köçürülməsi qət edilsə də cavabdeh hazırda həmin evdə yaşamır. Hazırda bacısı, yəni İddiaçı ilə Cavabdeh3 bir otaqlı mənzildə yaşayır. Onun fikrincə ər və arvadın bir yerdə qalması daha münasibdir. İndi qaldıqların ev özlərinin deyil, Cavabdeh3 bibisinə məxsusdur. Cavabdeh3 evə tək köçürülməsini istəmir. İddiaçının köçmək istədiyi ev 4 otaqlı fərdi yaşayış evidir. İddiaçı ilə Cavabdeh3 2020-ci ildən, yəni dayısı X3 vəfat etdiyi gündən orada yaşamırlar. Həmin ev onun və iddiaçının atası, dayısı, həmçinin Cavabdeh3 sifarişi ilə tikilib. Təxminən 2008-2009-cu illərdə ev tam hazır vəziyyətdə idi. Dayısı həmin vaxtdan orada yaşayırdı və dayısının həyat yoldaşı dayısından əvvəl vəfat etmişdir. Əvvəllər dayımgil Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamış, sonradan dayısı sözügedən evə köçmüşdür. Mübahisəli evə dayısı köçdükdən sonra dayısının həyat yoldaşı vəfat etmişdir. Hesab edir ki, Cavabdeh3 kimi İddiaçı da həmin evə köçürülməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, həmin evə 2009-cu ildə mərhum atası və iki qardaşı ilə birlikdə köçmüşdür. Sözügedən evi atası X3 2008-2009-cu illərdə tikdirmiş və tam hazır vəziyyətə gətirmişdir. Həmin vaxta qədər onlar Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşamışdırlar. Onun böyük qardaşı 2013-cü ildə, o isə 2010-cu ildə ailə həyatı qurmuş, böyük qardaşı 2014-cü ildə yaşadıqları evdən çıxmışdır. Cavabdeh3 evləndikdən sonra atası X3 2015-ci ildə cavabdehi evdən çıxarmışdır və cavabdeh o vaxtdan bir də həmin evə qayıtmamışdır. Cavabdeh3 və İddiaçı 2013-cü ildə ailə qurmuşdur. O, 2011-ci ilin fevral ayından evdən çıxmışdır. Onun atası X1 evdə tək yaşayırdı. Atası çağırdığı üçün o, həmin evə 2020-ci ilin may ayında qayıtmışdır. Qeyd edir ki, Cavabdeh3 torpaq sahəsini əmisindən almamışdır. Həmçinin o, bildirdi ki, Cavabdeh3 həyat yoldaşı İddiaçı həmin evə köçürülməsini istəmir, belə ki, iddiaçının yaşamağa başqa yeri vardır. O, Cavabdeh3 tərəfindən hücumlara məruz qalmışdır, onun övladlarına hücum etmişdirlər. Sözügedən ev 4 otaqlı evdir, evin yerləşdiyi torpaq sahəsi 2 sot yarımdır, hazırda o, həyat yoldaşı və 2 uşağı həmin evdə yaşayırlar. Onun qayınatası tərəfindən bir sot yarımlıq torpaq sahəsində tikilmiş ev vardır ki, həmin evi mübahisəli evin əvəzində iddiaçıya təklif edə bilər. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, onun fikrincə onunla birlikdə həyat yoldaşı olan İddiaçı da Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməlidir. Belə ki, atası vəfat etdiyi günə qədər o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. Qeyd edir ki, onun yaşamağa başqa yeri yoxdur. Əvvəllər o, təkər alveri ilə məşğul olmuş, onlar 2009-cu ilə kimi Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamışdırlar. Vaxtilə o, sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsini etibarnamə əsasında əmisindən almış, evi təxminən 2008-2009-cu illərdə 20000 manata qədər xərc çəkərək tikdirmişdir və buna onun əmisi, bibisi və qardaşı şahiddirlər. Daha sonra o, 2009-cu ildə həmin evə köçmüşdür. Onun mübahisəli evə köçürülməsi barədə Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir, lakin ailə üzvlərinin həmin evə köçürülməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh1 ona mübahisəli ev əvəzinə təklif etdiyi ev onun böyük qardaşına məxsusdur, əgər Cavabdeh1 tərəfindən təklif olunan fərdi yaşayış evində yaşayış üçün əlverişli şərait yaradılsa, o, həmin evə köçməyə razıdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil etirazında və izahatında bildirdi ki, onlar iddianı qəbul etmirlər. Belə ki, İddiaçı bu iş üzrə formal olaraq cavabdeh kimi qeyd edilmiş Cavabdeh3 həyat yoldaşı və nümayəndəsi olduğu Cavabdeh1 bibisi qızıdır. Həmin ev iddiaçının ərizəsində qeyd etdiyi kimi onun həyat yoldaşı, yəni digər Cavabdeh3 pul vəsaiti hesabına deyil, iddiaçının mərhum qayınX14in öz şəxsi vəsaiti hesabına inşa edilmiş, cavabdehlər ailə olaraq köçüb burada yaşamışdırlar və bu fakt qətnamədə də öz əksini tapmışdır. Bildirir ki, iddiaçı hazırda köçürülmək istədiyi evə 2013-cü il tarixdə gəlin gəlmiş və 2015-ci il tarixdə həmin mənzili tərk edərək hazıradək yaşadıqları, ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasına köçmüşdürlər. İddia ərizəsinə yazdıqları yalan məlumatlardan ibarət olan söz birləşmələrindən başqa onların burada yaşadıqlarını təsdiq edən heç bir sənəd və sübut əlavə edilməmişdir. İddia ərizəsində iddiaçı kommunal xidmətlərin onun həyat yoldaşının adına olmasını və ödənişlərin onlar tərəfindən həyata keçirildiyi qeyd etsə də ödənişin onlar tərəfindən həyata keçirildiyini sübut edən qəbzlər iş materiallarına əlavə edilməmişdir, çünki onlar bu ünvanda 2015-ci il tarixdən yaşamamışdırlar. Onların burada yaşamadığı şahidlər vasitəsi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ərizəsində kirayə evdə qaldığını bildirir, lakin iddiaçı kirayədə qalmasını təsdiq edəcək hər hansısa bir sənəd ərizəyə əlavə edə bilmir. Bununla bağlı bildirir ki, iddiaçının bu mövqeyi də yalandan ibarətdir və məhkəməni aldatmağa hesablanmışdır. Belə ki, iddiaçı və ailə üzvləri ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasında yaşayırlar və məcburi köçkün ailəsi olaraq orada yaşadıqları üçün adambaşına 33 manat vahid aylıq müavinət alırlar. Kirayə evdə yaşasaydılar, onlara 33 manat deyil, 60 manat vahid aylıq müavinət düşməli idi ki, bu hal da iddiaçının yalan məlumat verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Bundan əlavə iddia ərizəsində iddiaçı xx.xx.2021ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarında istinad etmişdir ki, bununla da bağlı bildirir ki, elə həmin qərarda iddiaçının həyat yoldaşı digər Cavabdeh3 özü də bilmədən onların ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasında yaşadıqlarını etiraf etmiş və bu hal həmin qərarda qeyd edilməklə öz təsdiqini tapmışdır. Qeyd edir ki, bu evdə iddiaçı və ailə üzvlərinin yaşamadığını təsdiq edən səs yazıları da mövcuddur. Bu səs yazılarından da açıq aydın müəyyən etmək olur ki, iddiaçının həyat yoldaşı, formal olaraq digər Cavabdeh3 özü həmin evdə heç bir haqqlarının olmadığını etiraf edir. Tərəflərindən müxtəlif dövlət orqanlarına göndərilmiş sorğularla təsdiq edilir ki, iddiaçı və ailəsi ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayırlar. Bu səbəbdən hesab edirlər ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı həyat yoldaşı olan Cavabdeh3 məhkəmə qətnaməsi əsasında həmin evə köçürülsə də iddiaçının o evə köçürülməsini istəmirlər. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, o, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 böyük qardaşıdır. Onun əmisi 2008-ci ildə qardaşı Cavabdeh3 öz torpağından bir sotunu vermiş, iki sot torpaq sahəsi üçün əlavə pulu isə Cavabdeh3 özü ödəmişdir. Sözügedən ev 2008-2009-cu illərdə Cavabdeh3 tərəfindən tikilmişdir. Cavabdeh3 2020-ci ilə kimi, yəni X14in vəfat etdiyi vaxta qədər həmin evdə yaşamışdır. O, sözügedən evi 2016-cı ildə tərk etmiş, qardaşı Cavabdeh3 isə həmin evdə qalmışdır. X14 2011-ci ildə Cavabdeh1 evdən qovmuşdur, bundan sonra qardaşı Cavabdeh1 və həyat yoldaşı qayınatasının evində yaşamağa başlamış, 2020-ci ildə atası vəfat etdikdən sonra Cavabdeh1 ailəsi ilə birlikdə həmin evə qayıtmışdır. Cavabdeh3 həmin evdə yaşaması ilə bağlı sübut qalmasın deyə Cavabdeh1 evdəki bütün əşyaları çıxarıb atmışdır. Qeyd edir ki, mübahisəli ev ilə bağlı onun haqqı yoxdur, Cavabdeh1 tərəfindən təklif olunan evi o, tikdirmişdir və həmin evin yerləşdiyi torpaq sahəsi də ona məxsusdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, o, şəhid ailəsinin üzvüdür. Onun qardaşı Sabir Əliyevin vəfat etdikdən sonra onun kiçik övladı Cavabdeh1 mübahisəli evdə yaşamamışdır. Mübahisəli evi 2008-ci ildə Cavabdeh3 X14 ilə birlikdə tikmişdir. Həmin torpaq sahəsi qardaşından əvvəl ona məxsus olmuşdur, həmin torpaq sahəsi vaxtilə boş ərazi olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlara baxan olmadığına görə Sumqayıtda yaşayan baldızıgilə getmiş, həmin vaxt Cavabdeh3 ondan torpaq sahəsi istəmiş, o da həmin torpaq sahəsini Cavabdeh3 vermişdir. Onun torpaq sahəsini alan vaxta qədər Cavabdeh3 Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşayırdı, Cavabdeh1 isə orada yaşamamışdır. Qız qaçırdığı üçün qardaşı X5 Yaşar Sabir oğlu qəbul etmədi. Bir müddət sonra Cavabdeh1 və həyat yoldaşı atası ilə barışmışdırlar. Onun qardaşı Sabir Əliyev 2020-ci ildə vəfat etmiş, həmin vaxta qədər Cavabdeh1 orada yaşamamışdır. Lakin Cavabdeh3 atası ilə yaşayırdı. Sabir Əliyev hepatit xəstəliyindən əziyyət çəkdiyindən Cavabdeh3 həyat yoldaşını həmin evdən başqa yerə aparmışdır, lakin Cavabdeh3 atasının yaşadığı evdən çıxmamışdır. Daha sonra Cavabdeh1 gəlib Sabir Əliyevin evini zəbt etmiş, elə o vaxtdan həmin evdən çıxmamışdır. Cavabdeh1 böyük qardaşı sığınacaq vermiş, lakin buna baxmayaraq Cavabdeh1 mübahisəli evdən çıxmamışdır. Cavabdeh1 həyat yoldaşı ilə yaşamaq üçün öz adına sənədsiz evi var idi. Qardaşı vəfat edən günə kimi o, Xırdalan şəhəri tərəfdə yaşayırdı. Hazırda Cavabdeh3 yataqxanada yaşayır. Hesab edir ki, tərəflər arasında barışıq olsa, hər iki ailə birlikdə yaşaya bilərlər. Əgər onlar bir evdə yaşaya bilməsələr bu halda həmin evi qiymətləndirməlidirlər. Bir daha qeyd edir ki, qardaşı o evdə Cavabdeh3 ilə yaşamışdır. Qardaşının vəfat etməsi xəbərini telefon vasitəsilə almış, amma pandemiya dövrü olduğundan yas mərasiminə gəlib çata bilməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, O, Cavabdeh3 və Cavabdeh1 bibisi oğludur və vaxtilə bu mübahisəli evin tikintisinə şahid olmuşdur. Sabir Əliyev onun dayısıdır, həmin evə mütəmadi olaraq gedib-gəlmişdir. Sözügedən evi Cavabdeh3, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 X14 və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 böyük qardaşı Eldar 2008-ci ildə tikdirmiş, cavabdehlərin böyük qardaşı Eldar 2009-cu ildə həmin evə köçmüşdür. Cavabdeh3 2013-cü ildə İddiaçı ilə evlənmiş, iddiaçı həmin evə gəlin köçmüşdür. Qeyd edir ki, Cavabdeh3 X14 vəfat edənə kimi orada yaşamışdır. Eldar təxminən 2016-2017-ci illərdə həmin evi tərk etmiş, vaqonda yaşamağa getmiş, Cavabdeh1 isə qayınatasının evinin zirzəmisində yaşamışdır. Cavabdeh1 mübahisəli evdə yaşamırdı və ailəsində tez-tez mübahisələr baş verirdi. Bir gün Cavabdeh3 zəng gəlmiş, Cavabdeh1 həyat yoldaşının özünə nəsə etdiyi barədə ona xəbər vermişdirlər. Bu xəbərdən sonra Cavabdeh3 qardaşının yanına getmişdir. Həmin vaxt dayısı Sabir Əliyev sağ idi. Eldar X14in yaşadığı evin yanında 2020-ci ildə ev tikdirmiş, elə həmin il Sabir Əliyev vəfat etmişdir. Bundan sonra yas mərasimi üçün Cavabdeh1 həmin evə gəlmiş, Cavabdeh3 isə evdən çıxmışdır. Bir daha qeyd edir ki, dayısı Sabir Əliyev vəfat edənə kimi Cavabdeh3 orada yaşamışdır. O, 2015-ci ildə ailə həyatı qurmuş, Cavabdeh3 müvəqqəti yaşamaq üçün münaqişə bitənə kimi onun yanında qalmağa gəlmişdir və hazırda da Cavabdeh3 onun yanında qalır. Onun Cavabdeh1 ilə münasibəti yaxşı olmuş, aralarında mübahisə olmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh3 Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, İddiaçı Cavabdeh3 ilə 07 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, elə həmin vaxtdan Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə gəlin köçərək yaşamağa başlamış və onların birgə nikahdan iki övladları vardır. İddiaçını qaynatası X3 öldükdən sonra iddiaçının qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə mübahisə predmeti olan fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamış, bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehin hərəkətləri nəticəsində həyat yoldaşı Cavabdeh3 ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evini tərk etmək məcburiyyətində qalmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı həyat yoldaşı Cavabdeh3 qardaşı Cavabdeh1 və qardaşəı arvadıCavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmə barədə Abşeron rayon məhkəməsində iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış, həmin qətnamədə işin faktiki hallarına qiymət verilmiş və qanunvericiliyin tələbinə görə müəyyən edilmiş həmin faktiki halların mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü madəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə,məhkəmə hesab edir ki,iddiaçının həyat yoldaşı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürüldüyü halda,iddiaçı ilə onun ailə münasibətləri qanuna uyğun şəkildə davam etdiyi təqdirdə,yəni ailə üzvü olduğu halda,həmçinin iddiaçının hazırki vəziyyətdə mübahisəli evə münasibətdə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ilə eyni hüququ statusa malik olduğu halda,sonuncuların fərdi yaşayış evindən faydalandığı halda, iddiaçının bu hüquqdan məhrum olması İddiaçı digər faydalanan şəxslərlə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsi və evdən cavabdeh və onun ailə üzvləri,həmçinin iddiaçının həyat yoldaşı istifadə edərək yararlanmaq hüququna malikdirlər, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından məhkəmə iddianın tam təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1518/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1518/2024
11.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver