Məhkəmə qərarları › İş №2(012)-1520/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1520/2025

14.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1520/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qarşı «əmrin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci il tarixdən Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi haqqında Cavabdeh təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin etibarsız hesab edilməsi və mediasiya təşkilatına müraciəti ilə bağlı ödədiyi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli, 04 saylı əmr ilə cavabdeh hüquqi şəxs Cavabdehndə sex rəisi vəzifəsinə təyin edilmişdir və həmin gün onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmri Cavabdeh MMC-nin direktoru X11 imzalamışdır. Onunla bağlanmış müddətsiz əmək müqaviləsinə dair məlumatlar işəgötürənin səlahiyyətlərini yerinə yetirən Cavabdeh MMC-nin direktoru X11 tərəfindən imzalanmış xx.xx.2020ci il tarixli, xxxxxxx000500 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə də əksini tapmışdır. Qüvvədə olan nizamnaməsinə görə Cavabdeh MMC-nin iki təsisçisi vardır: nizamnamə kapitalında 30% payı olan fiziki şəxs X10 və nizamnamə kapitalında 70% payı olan hüquqi şəxs "xxxx" MMC. Təsisçi hüquqi şəxs "xxxx" MMC-ni onun direktoru N.Q.Cəlilov təmsil etmişdir. Həmçinin bildirir ki, nizamnaməsinin 5.1-ci bəndinə görə Cavabdeh MMC-nin fəaliyyətinə cari rəhbərlik onun təkbaşına icra orqanı olan direktoru tərəfindən həyata keçirilir. Nizamnaməsinin 4.3-cü bəndinə əsasən isə Cavabdeh MMC-nin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən, icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın səlahiyyətlərinə aid edilmişdir. Yenə nizamnaməsinin 4.4-cü bəndinə görə Cavabdeh MMC-nin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə və onu qüvvədə saxlayan yuxarı məhkəmələrin qərarlarında onun xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd qismində Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrə istinad edilmişdir. Ona görə də bu əmrin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına, onun imzalanmasının səbəb və əsasların tam və hərtərəfli araşdırılmasına zərurət yaranmışdır. Belə ki, Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixdə sex rəisi vəzifəsinə təyin ediləndən sonra o, başqa işə keçirilməsi, konkret olaraq, orada direktor vəzifəsinə dəyişdirilməsi barədə müraciət etməmiş və ərizə yazmamışdır. Bir daha qeyd edir ki, o, Cavabdeh MMC-də sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsi barədə ərizə yazmamış və buna razılığı olmamışdır. Onunla Cavabdeh MMC-nin direktoru qismində əmək müqaviləsi bağlanmamışdır. Lakin Cavabdeh MMC-nin təsisçisi hüquqi şəxs "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrdə göstərilir ki, o, xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə isə İddiaçı ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Qeyd edir ki, Cavabdeh MMCnin direktoru vəzifəsinə təyin edilməsindən məlumatsız olması həm də onunla təsdiq edilir ki, o, əmrlə tanış edilməmiş, direktor təyin olunması ilə bağlı kollektivə təqdim olunmamış, Cavabdeh MMC-nin əmlakını idarəetməyə qəbul etməmiş, bu barədə hər hansı təhvil-təslim aktı imzalamamış və onunla direktor qismində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ona görə də adıçəkilən əmrin, onun verilməsinə əsas olmuş ərizənin və əmək müqaviləsinin təsdiq edilmiş surətlərinin ona rəsmi qaydada təqdim edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Yazılı müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubundan aydın olmuşdur ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin verilməsinə əsas olmuş ərizəsi və əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin qeyd edir ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi - "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən təkbaşına imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə təyin edilmişdir. Əlbəttə direktor vəzifəsinə təyin edilməsinə dair əmr nizamnamə kapitalında payı 70% olan bir təsisçi tərəfindən imzalandığına görə qanuni sayıla və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Çünki o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun nizamnamə kapitalındakı payların 75 %-ə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncağın qərarı ilə təyin edilsə idi, nizamnamənin 4.4-cü bəndinə əsasən bu, qanuni sayılardı. Bunlardan əlavə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə onunla xx.xx.2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmadığı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3768/2024 nömrəli sorğusuna ƏƏSMN yanında X4 Hüquq idarəsinin xx.xx.2024-cü il tarixli cavabında da təsdiqini tapmışdır. xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrlə onun Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə elektron informasiya sistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Bu faktla təsdiq edilir ki, barəsində qeyd edilən əmr veriləndə xx.xx.2020-ci il tarixdə cavabdeh “Cast-Metə MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair onunla yazılı əmək müqaviləsi bağlanmamış və EİS-də əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Belə vəziyyətdə isə onunla Cavabdeh MMC-nin direktoru qismində əmək münasibətləri yaranmış hesab edilə bilməz, onun əmək funksiyası və öhdəlikləri müəyyən edilə bilməz. Ən nəhayət, məlum olmuşdur ki, o, Cavabdeh MMC-nin direktoru vəzifəsinə özünün ərizəsi olmadan təyin edilmiş və əmrin surəti ona təqdim edilməmişdir. Göründüyü kimi, onunla Cavabdeh MMC arasından xx.xx.2020-ci il tarixdə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə dəyişikliklər edilməmişdir, başqa sözlə ifadə edildikdə, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, sadalanan faktlara əsasən belə nəticəyə gəlmək olur ki, təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr başqa işə keçirilməsinə razılığı və bu barədə ərizəsi olmadığına, onunla əmək müqaviləsi bağlanmadığına, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmadığına, ən nəhayət isə əmr nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi tərəfindən imzalandığına görə qanuni və etibarlı sayıla bilməz. Eyni zamanda bildirir ki, Cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilməsinə və onunla xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanmasına dair Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin qanuniliyi üçün hüquqi əsas sayıla bilməz. Belə ki, xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildiyi xx.xx.2020-ci il tarixdə bu vəzifədə təsisçilərdən biri X10 olmuşdur. Təsisçilərdən biri olan X5 özü Cavabdeh MMC-nin direktoru olduğu halda, boş olmayan bu vəzifəyə onun təyin edilməsi hüquqi baxımdan qətiyyən mümkün deyildir. Çünki nizamnaməsinə əsasən Cavabdeh MMC-də bir direktor vəzifəsi nəzərdə tutulmuşdur, həmin vəzifəni tutan X10 isə bu vəzifədən azad edilməmişdir və bu barədə heç bir rəsmi sənəd mövcud deyildir. Bundan əlavə xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə Cavabdeh MMC-nin direktorunun təsisçilərdən biri X5 olduğu təsdiq edildiyi halda həmin vəzifəyə onu təyin etməsi X1 həddində deyildir və həmin şəxs tərəfindən imzalanan bu sənəd onun üçün heç bir hüquqi nəticə yarada bilməz. Bundan başqa əgər o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilərdisə, onda onunla əmək müqaviləsi bundan dörd ay əvvəlki xx.xx.2020-ci il tarixə deyil, elə həmin gün bağlanmalı idi. Lakin onunla xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı müstəqil əmək müqaviləsi bağlanmamışdır. Daha sonra xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə qurtardığı bildirilir. Ən nəhayət, xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə göstərilənlərdən fərqli olaraq, onun xx.xx.2020-ci tarixdən Cavabdeh MMC-nin direktor vəzifəsinə təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr mövcuddur. Bu əmri isə Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov imzalamışdır. Orada yazılanlara görə əmrin verilməsinə guya onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Lakin bunların heç biri həqiqətə uyğun deyildir və bununla bağlı dəlillərini yuxarıda göstərmişdir. Beləliklə, sadaladığı hallarla təsdiq edilir ki, Cavabdeh MMC-nin direktoru təsisçilərdən biri olan X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” də qanunsuz olduğuna görə onun üçün cavabdeh "xxxx" MMC-nin direktoru qismində əmək münasibətləri, əmək funksiyası və öhdəlikləri yarada bilməz. Həm də ona görə ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə bir təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrə əsasən təyin edildiyi bildirilsə də özünün xx.xx.2020-ci il tarixdə Cavabdeh MMCnin direktoru olduğu digər təsisçi X10 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən də boş olmayan həmin vəzifəyə onun təyin edildiyinin bildirilməsi qanuna və məntiqə uyğun deyildir. Bildirir ki, X11 ona cavabdeh təşkilatda direktor vəzifəsini təklif etmiş, o, direktor vəzifəsini icra etsə də onun yerinə başqa bir şəxs direktor olaraq təyin edilmişdir. Müəssisədə qaz sızması nəticəsində partlayış baş vermiş, bədbəxt hadisə zamanı 1 nəfər yanaraq ölmüşdür. Qeyd edilən məsələ ilə bağlı qaz xətti üzrə 2 dəfə ekspertiza keçirilmiş, partlayışa səbəb kimi qaz xəttinin düzgün yerdə çəkilməməsi müəyyən edilmişdir. O, partlayışın baş verməsində təqsirli bilindiyindən onun barəsində məhkəmə tərəfindən cəza təyin edilmişdir. Partlayış nəticəsində Cavabdeh MMC-yə dəymiş zərər ilə bağlı "xxxx" ASC tərəfindən sığorta ödənişi edilmiş, daha sonra "xxxx" ASC həmin ödənişi ondan tələb etmiş, həmin mülki işə 2024-cü ilin mart ayında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində, daha sonra 2024-cü ilin sentyabr ayında Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Bakı Apellyasiya Məhkəməsi sözügedən mülki iş ilə bağlı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində qəbul edilmiş qətnaməni ləğv edərək, yeni qətnamə qəbul etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini qüvvədə saxlamışdır. O, sözügedən əmr və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi üçün Cavabdeh MMC-nin direktoru Emin Nəzərliyə müraciət etmiş, ona həmin əmr təqdim edilsə də tələb etdiyi digər sənədlər təqdim olunmamışdır. Bildirir ki, Emin Nəzərli 2023-cü ildən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyir, onun əmək müqaviləsinə isə artıq xitam verilmişdir. Emin Nəzərli Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin olunanadək o, rəsmi sənədlərdə direktor kimi qeyd edilmişdir. Halbuki müəssisənin direktoru Nuşirəvan adlı şəxs olmuşdur. O, 2021-2023-cü illər ərzində işdən çıxa bilməmiş və Cavabdeh MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. O, 2023-cü ildə işdən çıxarılması barədə Cavabdeh MMC-yə müraciət etsə də 2023-cü ildə direktor vəzifəsinə təyin olunmuşdur. Bir daha qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində onun direktor olması barədə əmrin saxta olduğu müəyyən olunmuşdur və əmrin saxta olmasının sübut etsə Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü də ləğv ediləcəkdir. Eyni zamanda qeyd edir ki, Cavabdeh MMC ilə aralarında yaranmış mübahisənin məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həll etməyə çalışsa da cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Mediasiyasının tətbiqi ilə bağlı iddiaçı olaraq, tərəfindən mediasiya təşkilatına 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil İddiaçı izahatına uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, Orxan Mamedov adlı şəxs iddiaçı Heydər Abbasovu sex rəisi qismində işə qəbul etmiş, 3 ay sonra, yəni 17 avqust 2020-ci il tarixdə isə Anar Məmmədov adlı şəxs direktor kimi Heydər Abbasovu direktor vəzifəsinə təyin etmişdir. Lakin bu hal Cavabdeh nizamnaməsinə ziddir və Nuşirəvan Cəlilovun əmrinin qanunsuz olduğunu bildirir. Bu əməl tez bir zamanda məsuliyyəti digər şəxslərin üzərinə atmaq üçün edilmişdir. Onlar əvvəlcə əmrdən məlumatlı olmamış, ancaq Bakı Apellyasiya Məhkəməsində iddiaçı ilə bağlı işə baxılarkən, yəni 2024-cü ilin sentyabr ayında xəbərdar olmuşdurlar. Belə ki, partlayışdan sonra "xxxx" ASC tərəfindən cavabdeh təşkilata ödənilmiş sığorta ödənişi iddiaçıdan tələb edilmiş, həmin işə Bakı Apellyasiya Məhkəməsində də baxılmışdır. Bildirir ki, 35 nömrəli əmrin təqdim olunması ilə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən sorğu verilmiş, lakin sorğuya cavab verilməmişdir. İddiaçı Heydər Abbasov rəsmi sənədlərdə 2021-ci ilə kimi direktor olaraq qeyd olunmuş, lakin sözügedən əmr kollektivə təqdim olunmamışdır. Qeyd edir ki, iddiaçı Heydər Abbasov həm direktor, həm də sex rəisi kimi fəaliyyət göstərmişdir. Qeyd edir ki, iddiaçı Heydər Abbasov direktor kimi müəssisədəki partlayış üzrə başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunmuşdur. Hazırda onlar tərəfindən hazırki iddia tələbi ilə Heydər Abbasovun direktor vəzifəsində olmaması mübahisələndirilir. Odur ki, qeyd edilənlər əsasında o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz ərizəsində və izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı direktor vəzifəsinə təyin olunması barədə verilmiş 35 nömrəli əmrin mövcudluğu iddiaçı tərəfə mülki iş Bakı Apellyasiya Məhkəməsinə daxil olmazdan əvvəl birinci instansiya məhkəməsində bəlli olmalı idi. Belə ki, iddiaçı Heydər Abbasov barəsində çıxarılmış hökmdə artıq iddiaçı müəssisəsinin direktoru olaraq qəbul edilmiş və hökm qanuni qüvvəyə minmişdir. Şirkət tərəfindən qəbul edilmiş sənədlər 5 il ərzində müəssisədə saxlanılır. Onun fikrincə iddiaçı tərəf qəsdən əmrin məhv olunmasını gözləmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırki tələbə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən əmək hüququnun pozulması ilə bağlı 3 ay müddətində məhkəməyə müraciət edilməsi nəzərdə tutulsa da iddia müddəti 5 il ötürülmüşdür. Göstərilənlərə əsasən o, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Cavabdeh MMC-yə direktor vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı 17 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən Cavabdeh MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və Cavabdeh MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan havaqaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X7 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X7 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən 1-11 dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən Cavabdeh MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da İddiaçı üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, İddiaçı təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması və İddiaçı üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması hökm edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(008)-932/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi və cavabdeh İddiaçı 107500 manat məbləğində sığorta ödənişi əvəzi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 manat olmaqla cəmi 108096,9 manat alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3368/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3368/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbinin əsası kimi xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr ilə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin olunmasından məlumatsız olduğuna, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı onunla müqavilə bağlanmadığına, xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmr ilə onun Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyata alınmamasına istinad edərək, onun Cavabdeh MMC-nin direktoru qismində əmək münasibətləri yaranmadığından, həmçinin direktor kimi onun Cavabdeh MMC ilə əmək funksiyası və öhdəlikləri əmələ gəlmədiyindən xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin etibarsız sayılmasını xahiş etmiş və iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci, 42-ci, 46-cı, 54-cü və 59-cu maddələrinə istinad etmişdir. Lakin iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunaraq barəsində ittiham hökmü çıxarılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3368/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ödənilmiş sığorta haqqının subroqasiya qaydasında Cavabdeh MMC-nin direktoru kimi İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hökm ilə və qətnamə ilə İddiaçı Cavabdeh MMC-nin direktoru olması faktı təsdiq olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin fakt yenidən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 82.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş hökm mülki iş üzrə mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi hesab edilir. Bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etiraz ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın iddia müddətinin tətbiqi barədə ərizəsinin hüquqi əsası müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. Bu xüsusat da cavabdehin ərizəsi əsasında məhkəməyə iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək, həm iddianın təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, həm də iddia müddəti keçdiyindən iddianın rədd edilməsi nəticəsinə gəlir. Bundan başqa iddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı onun xx.xx.2020-ci il tarixdən Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi haqqında Cavabdeh təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 35 nömrəli əmrin etibarsız hesab edilməsi və mediasiya təşkilatına müraciəti ilə bağlı ödədiyi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar