Məhkəmə qərarları › İş №2(012)-1524/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1524/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1524/2024 21.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evindən istifadəyə törədilən manenin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə özlərinə məxsus əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi adlanan) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.m-lik, köməkçi sahələri 30,5 kv.m-lik olan, 5 yaşayış otağından ibarət 67 nömrəli fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) 30808 reyestr ilə qeydə alınmış və mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər ona münasibətdə onun oğlu və gəlinidir. Cavabdeh1 digər Cavabdeh2 ilə nikaha girmiş, Cavabdeh2 13 dekabr 2017-ci il tarixdən hazırki mülkiyyətində olan evdə yaşamağa başlamışdır. Oğlu ailə qurduğu gündən hal-hazıradək ailənin yeganə ümid yeri olan yaşayış evini satmağa məcbur edilsə də o, razı olmadığından aralarında mübahisələr yaranmışdır. Yaşayış sahəsindən istifadəyə maneçiliklər törədildiyindən məcbur olub kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş, icraya yönəldilsə də Cavabdeh1 təklif olunan kompensasiya məbləğini qəbul etməmiş, əksinə digər cavabdeh ilə birləşərək özlərini daha da aqressiv apararaq yaşadığı mənzildən çıxmamış, onunla onkoloji xəstə olan həyat yoldaşının mənzilə girib sərbəst yaşamasına, mənzildən istədikləri kimi istifadə etməyə maneçilik törədirlər. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin hazırda yaşadıqları mənzil sahəsinə dair kirayə haqqı bir ay üçün 220 manat təşkil edir. Cavabdehlər məhkəmə qətnaməsinin qüvvəyə mindiyi gündən halhazıradək, yəni ki, 5 ay müddətində (1100 manat məbləğində) mənzili digər şəxsə kirayə verməyə mane olmaqla, mülkiyyətçi hüquqlarını məhdudlaşdırmaqla onu kirayə haqqından da məhrum etmişdirlər. Bütün bunlara baxmayaraq cavabdehlər öz hərəkətlərini davam etdirməkdədirlər, onun isə mülkiyyətçi olaraq yaşayış sahəsindən istifadə etmək hüququ məhdudlaşdırılır. Bu baxımdan hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququ olmadığından, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları X2 və X3 ilə birlikdə, özlərinə məxsus bütün əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmalı, evin yaşadıqları hissəsini tam şəkildə təhvil verməli, həmçinin cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılmasına dair mübahisəyə məhkəmə qaydasında qiymət verilməlidir. Bundan əlavə o, bildirir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə Cavabdeh1 ödənilməsi nəzərdə tutulmuş 12000 manat məbləğində kompensasiya cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verərək İddiaçı tərəfindən Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsi ilə nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənildiyindən, digər Cavabdeh2 isə ümumiyyətlə, mənzilə istifadə hüququ olmadığından cavabdehlərin yetkinlik yaşına çatmayan övladları X2 və X3 ilə birlikdə mənzildən çıxarılmasını tələb etdiklərini, həmçinin Cavabdeh2 sözügedən mənzilin yerləşdiyi ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının mövcud olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, Cavabdeh2 onun həyat yoldaşıdır. Belə ki, həyat yoldaşı ilə anası arasında münasibətlər pisləşmiş, bu səbəbdən ailə daxili mübahisələr yaranmışdır. İddiaçı ona və ailə üzvlərinə sözügedən evdə yaşamağa qoymur, belə ki, iddiaçı bir dəfə əlinə balta götürərək içkili vəziyyətdə onların yaşadıqları evə gəlmiş və evdəkiləri döymüşdür. Bundan əlavə o, bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş 12000 manat kompensasiya məbləğini qəbul etməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında tərəflərin yola getmədiklərini, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsindən narazı olduğunu və həmin evdən istifadə hüququ ilə bağlı məhkəməyə müraciət edəcəyini, həmçinin sözügedən qətnamə ilə müəyyən edilmiş kompensasiya məbləğinin az olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 30808 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 30,5 kv.metr olan, 5 otaqdan ibarət 67 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 12000 manat kompensasiya ödənilməsi müqabilində onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2305/2024 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi adlanan) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.m-lik, köməkçi sahələri 30,5 kv.m-lik olan, 5 yaşayış otağından ibarət 67 nömrəli fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) 30808 reyestr ilə İddiaçı adına qeydə alınmışdır və sözügedən daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər ona münasibətdə onun oğlu və gəlinidir. Cavabdeh1 digər Cavabdeh2 ilə nikaha girmiş, Cavabdeh2 13 dekabr 2017-ci il tarixdən hazırki mülkiyyətində olan evdə yaşamağa başlamışdır. İddiaçını oğlu ailə münasibətləri korlandığından aralarında mübahisələr yaranmış və bu səbəbdən iddiaçı cavabdehlərə kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilmiş, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış, lakin cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kompensasiya məbləğini heç bir əsas olmadan qəbul etməyərək mübahisə predmeti olan fərdi yaşayış evini ailəsi ilə birlikdə tərk etməli olduğu halda, qanunzuz olaraq tərk etməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsi ilə digər Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2305/2024 saylı qərarı ilə Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd olunan faktiki hallara əsasən hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evini könüllü olaraq tərk etməmələri, yəni cavbdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ və mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnn pozulması ilə nəticələnir.Belə ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan suiistifadə deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən,həmçinin azyaşlı uşaqların yayayış yeri, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə görə valideylərinin yaşayış yeri sayıldığından məhkəmə hesab edir ki,cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X2 və X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan əlavə iddia tələbinin cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə mücərrəd olduğundan və hazırki halda iddianın qiymətləndirilməsi mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X2 və X3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar