Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1406/2024 02.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, preyudisiya) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evindən istifadəyə törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 30808 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.metr, köməkçi sahəsi 30,5 kv.metr olan, 5 otaqdan ibarət 67 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamına əsasən İddiaçı adına qeydə alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 12000 manat kompensasiya ödənilməsi müqabilində onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2305/2024 saylı qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
4. Apellyasiya icraatı zamanı təqdim edilmiş ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı 12000 manat pul məbləği hesaba (depozitə) köçürülmüşdür.
5. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən 12000 manat məbləğində kompensasiya Cavabdeh1 ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə özlərinə məxsus əşyaları götürməklə xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid, 67 nömrəli (hazırda H.Z.Tağıyev küçəsi) fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslanıb ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi adlanan) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.m-lik, köməkçi sahələri 30,5 kv.m-lik olan, 5 yaşayış otağından ibarət 67 nömrəli fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) 30808 reyestr ilə qeydə alınmış və mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər oğlu və gəlinidir. Cavabdeh1 digər Cavabdeh2 ilə nikaha girmiş, Cavabdeh2 13 dekabr 2017-ci il tarixdən hazırki mülkiyyətində olan evdə yaşamağa başlamışdır. Oğlu ailə qurduğu gündən hal-hazıradək ailənin yeganə ümid yeri olan yaşayış evini satmağa məcbur edilsə də o, razı olmadığından aralarında mübahisələr yaranmışdır. Yaşayış sahəsindən istifadəyə maneçiliklər törədildiyindən məcbur olub kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2050/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş, icraya yönəldilsə də Cavabdeh1 təklif olunan kompensasiya məbləğini qəbul etməmiş, əksinə digər cavabdeh ilə birləşərək özlərini daha da aqressiv apararaq yaşadığı mənzildən çıxmamış, onunla onkoloji xəstə olan həyat yoldaşının mənzilə girib sərbəst yaşamasına, mənzildən istədikləri kimi istifadə etməyə maneçilik törədirlər. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin hazırda yaşadıqları mənzil sahəsinə dair kirayə haqqı bir ay üçün 220 manat təşkil edir. Cavabdehlər məhkəmə qətnaməsinin qüvvəyə mindiyi gündən halhazıradək, yəni ki, 5 ay müddətində (1100 manat məbləğində) mənzili digər şəxsə kirayə verməyə mane olmaqla, mülkiyyətçi hüquqlarını məhdudlaşdırmaqla onu kirayə haqqından da məhrum etmişdirlər. Bütün bunlara baxmayaraq cavabdehlər öz hərəkətlərini davam etdirməkdədirlər, onun isə mülkiyyətçi olaraq yaşayış sahəsindən istifadə etmək hüququ məhdudlaşdırılır. Bu baxımdan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsi ilə ( hakim E.Məmmədov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X3 və X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisə predmeti olan fərdi yaşayış evini könüllü olaraq tərk etməmələri, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ və mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnn pozulması ilə nəticələnir. Belə ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir Qeyd olunanlara əsasən, həmçinin azyaşlı uşaqların yayayış yeri, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə görə valideylərinin yaşayış yeri sayıldığından məhkəmə hesab edib ki,cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları X3 və X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi) ünvanında yerləşən 67 saylı fərdi yaşayış evindən çıxarılmalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbinə baxarkən cavabdehin və himayəsində olan azyaşlı övladlarının sözügedən mənzildən istifadə hüquqlarının olub-olmamasına əhəmiyyət verməmiş, həmçinin Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almamış xx.xx.2024-cü il tarixli, 2-1(118)- 2305/2024 saylı qərarına istinad etmişdir. Həmin qərarla cavabdehin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır ki, sözügedən inzibati icraat qaydasında baxılan işdən məlumatsız olduğundan, həmin qərar ona rəsmi qaydada təqdim edilmədiyindən apellyasiya şikayəti vermək hüququnu reallaşdıra bilməmişdir. Cavabdeh1 və iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli ünvanda uzun müddətdir ki, yaşayırlar və həmin mənzil yeganə yaşayış yeridir. Bu mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında onlara təklif olunan məbləğ ailə kimi övladları ilə layiqli həyat səviyyəsində yaşamaq üçün mənzillə təmin etmək imkanı yaratmır. Mübahisənin müsbət həllini iddiaçı qərəzli şəkildə təmin etmir. Əksinə özünün mənzilə dair guya mülkiyyət hüququnu təsdiq edən saxta sənədləri ilə məhkəmənin diqqətini yayaındırmışdır. İşə baxan məhkəmə isə iş materiallarına əlavə edilmiş saxta sübutlara istinad etməklə kifayətlənmiş, həmin sənədlərin mötəbərliyini araşdırmamışdır. Həmçinin cavabdehin və himayəsində olan azyaşlı övladlarının sözügedən fərdi yaşayış sahəsindən istifadə hüququ əldə etmələrinə dair iddia tələbinə dair məhkəmə aktından apellyasiya şikayəti verilməsinə baxmayaraq, məhkəmə iddiaçının təqdim etdiyi məhkəmə aktına preyudisial əhəmiyyət vermişdir. Göründüyü kimi məhkəmə işə səthi yanaşmış, lazımi qədər araşdırma aparmamış nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onların mübahisəli evdən başqa yaşayış yerləri yoxdur. Məhkəmə qətnaməsi ilə istifadə hüququna xitam verilməsi müqabilində kompensasiya məbləği qənaətbəxş deyildir. Həmin məbləğlə başqa yerdə yaşayış sahəsi əldə etmək imkanı yoxdur. İddiaçı ondan öncəki gəlini ilə də analoji qaydada mübahisə yaşamışdır. Hazırdada onların mübahisəli evdən çıxarmaq istəyir. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək bildirdi ki, onların mübahisəli evdən başqa yaşayış yerləri yoxdur. İddiaçı onun atasıdır. İddiaçı onun bundan öncəki ailəsi ilə də oxşa mübahisə yaşadığından o ailəsindən ayrıldı. İndi də iddiaçı onu və ailəsini mübahisəli evdən çıxartmaq istəyir. Evdən çıxmaq qarşılığında təklif edilən kompensasiya məbləği isə başqa ev əldə etmək üçün yetərli deyil. Halbuki iddiaçının kifayət qədər maddi imkanı vardır. Bir neçə evi vardır. O evlərindən birini cavabdehə versə aralarında mübahisə qalmaz. Lakin iddiaçı bu təkliflərdən heç birini qəbul etmir. Göstərilərə əsasən Cavabdeh1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin qeyd etdikləri həqiqətdən uzaqdır. Cavabdeh1 ona və ailə üzvlərinə mütəmadi olaraq narahatçılıq yaradır. Onun təhqir və xoşagəlməz davranışları artıq onların bir yerdə yaşamaqlarını mümkünsüz edib. Cavabdeh öz qardaşına xəsarət yetirib, hazırda həmin cinayət işi icraatdadır. Cavabdehin davranışları dözülməz həddə çatıb. Bundan başqa onun bir neçə evi olması barədə cavabdehin bildirdikləri əsassızdır. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə yazılı etirazın dəlillərini müdafiə edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamədə nəzərdə tutulan kompensasiya məbləği icra qurumunun depozit hesabına köçürülmüşdür. Lakin cavabdeh qətnamənin icrasını qərəzli şəkildə yubadır. Ailənin bir yerdə yaşama imkanı isə mümkün deyildir. İşə baxan məhkəmə qeyd olunan halları düzgün araşdırmış və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədədir.
26. Birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşır.
27. İşin mübahisə olunmayan hallarından görünür ki, mübahisəsi gedən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci keçid (H.Z.Tağıyev küçəsi adlanan) ünvanında yerləşən yaşayış sahəsi 64,4 kv.m-lik, köməkçi sahələri 30,5 kv.m-lik olan, 5 yaşayış otağından ibarət 67 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
28. Cavabdehlər müvafiq olaraq iddiaçının oğlu və gəlinidir. Cavabdehlər ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Cavabdeh2 13 dekabr 2017-ci il tarixdən mübahisəli evdə yaşamağa başlamışdır.
29. İşin mübahisə olunmayan digər halından görünür ki, tərəflərin etimadlı ailə üzvü kimi münasibətləri pozulduğundan iddiaçı cavabdehlərə kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna 12000 manat kompensasiya ödənilməklə xitam verilmiş, digər Cavabdeh2 isə yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 2050/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəlmiş, lakin cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş kompensasiya məbləğini heç bir əsas olmadan qəbul etməyərək mübahisə predmeti olan fərdi yaşayış evini tərk etməmişdir.
30. Bundan sonra yuxarıda qeyd olunduğu kimi iddiaçının müvafiq iddia tələbi əsasında Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2305/2024 saylı qərarı ilə Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
31. Araşdırılan işdən həmçinin müəyyən olunur ki, iddiaçı digər Cavabdeh1 münasibətdə məhkəmə qətnaməsi ilə kompensasiya olaraq ona ödənilməli olan 12000 manatı aidiyyəti üzrə icra orqanının hesabına (depozitinə) köçürmüşdür. Müvafiq qəbz işə əlavə olunmuşdur.
32. İşdən görünür ki, Cavabdeh2 iddiaya etiraz edir və onun iddiaya etirazı, həmçinin apellyasiya şikayətinin əsas dəlili dolayısıyla mübahisəli mənzilin tərk edilməsi qarşılığında verilən kompensasiya məbləğinin azlığından ibarətdir ki, kollegiya bu hissədə bildirir ki, həmin məsələ daha öncə müvafiq məhkəmə mübahisəsinin prdmeti olmuş və buna dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur
33. Göründüyü kimi, iddiaçının hazırda qeyd etdiyi fakt və hallar bundan öncə məhkəmə mübahisə zamanı araşdırılmış və iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı artıq mövcud olmaqla icra mərhələsindədir. Həmin qətnamə üzrə borclu statusunda olan cavabdehlər qətnamənin icra mərhələsi zamanı maneələr yaradaraq, daha əvvəlki qətnamənin icrasını çətinləşdirir.
34. Demək ki, apellyatorun mübahisələndirdiyi dəlillər (faktlar) üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, həmin hallara yenidən məhkəmə müstəvisində qiymət verilə bilməz.
35. Belə olan halda kollegiyanın qənaətinə görə, cavabdehin (apellyatorun) hazırkı dəlillərinə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və həmin dəlillərə yenidən hüquqi qiymət verilməsinə və sübut olunmasına Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən yol verilmir.
36. Kollegiya nəzərə çatdırmağı vacib hesab edərək bildirir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
38. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehlər yuxarıda qeyd olunan və qanuni qüvvədə olan məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq mübahisəli fərdi yaşayış evində yaşamaqda davam edir ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Kollegiyanın qənaətinə görə cavabdehlərin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
40. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
41. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(012)-1524/2024 nömrəli qətnaməsi mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.