Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1530/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin real bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı evin real bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,12 hektar torpaq sahəsində yerləşən, sahəsi 128,8 kv.m olan yaşayış evinin Cavabdeh ilə onun arasında real bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində 0,12 hektar torpaq sahəsində yerləşən, sahəsi 128,8 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(105)- 1602/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa etdiyi 128,8 kv.m-dən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının hüquqi varisi Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Lakin bu günə kimi evin İddiaçı ona aid olan hissəsindən istifadə edə bilmir. Evin ½ hissəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh iddiaçının orada yaşamağına maneə törədir. Odur ki, İddiaçı məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan evin ona aid olan hissəsinin real ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu səbəbdən də iddiaçı məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021-ci il tarixli 10/1983 saylı rəyi ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində 0,12 hektar torpaq sahəsində yerləşən, sahəsi 128,8 kv.m olan fərdi yaşayış evi iddiaçı atası İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(105)-1602/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa etdiyi 128,8 kv.m-dən ibarət fərdi yaşayış evinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021-ci il tarixli 10/1983 saylı rəyi ilə o, razı deyil. Belə ki, ekspert tədqiqat obyektinə baxış keçirmədən rəyi vermişdir. Halbuki, onun atası ilə əmlak barəsində mübahisəsi yoxdur. Belə ki, atası 1 saylı Psixiatriya xəstəxanasında müalicələr alır. Bütün bu mübahisələr də məhz onun psixi vəziyyətinə görə yaranır. Atasının bu vəziyyətindən istifadə edərək onun mülkiyyətində olan evi ələ keçirmək istəyən şəxslər var və bu mübahisələrin yaranmasına da məhz həmin şəxslər təkan verir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 ha yaşayış sahəsi İddiaçı adına 26.09.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********76-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 36 saylı vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21.09.2017-ci il tarixli **********76-10301 saylı texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 ha yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 09.04.2019-cu il tarixli 2(105)-1602/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 05 aprel 2018-ci il tarixli 2(012)-1930/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdeh İddiaçı qarşı əmlak bölgüsü tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edildiyi 128.8 kvadrat metrdən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının hüquqi varisi Əliyev X6 mülkiyyət hüququnun tanınması qət edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1940-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Kürdəxanı qəsəbəsi M.Adil küçəsi döngə 2, 11 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021-ci il tarixli 10/1983 saylı rəyindən görünür ki, tərəflərin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən, sahəsi 128.8 kv.m olan yaşayış evinin tərəflər arasında təcrid şəkildə iki hissəyə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin iki hissəyə ayrılması sxemi rəyə əlavə edilmişdir. Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evi üzrə aparılır. Tədqiqatın aparılması üçün mülki iş materiallarının məlumatlarından istifadə edilmişdir. Tədqiq olunan yaşayış evi fərdi tipli olub, həyətyanı torpaq sahəsindən və həmin sahədə inşa edilmiş “A", “B”, “C” tikililərindən ibarətdir. Həyətyanı torpaq sahəsi üç tərəfdən məhəllədaxili yollarla, bir tərəfdən isə qonşu fərdi yaşayış evi ilə əhatə olunmuşdur. Texniki pasport üzrə göstərilən “A” tikilisi faktiki olaraq yaşayış evi, “B” tikilisi qaraj, “C” tikilisi isə sanitar qovşağı kimi istifadə olunur. Həyətyanı sahəyə giriş küçə tərəfdən, yaşayış evinə və həyətyanı yardımçı tikililərə giriş isə həyətyanı torpaq sahəsindəndir. “A” saylı yaşayış evi faktiki olaraq birmərtəbəli olub, üç yaşayış otağından ibarətdir. Tədqiq olunan yaşayış evinin və həyətyanı tikililərin ümumi sahəsi və eləcə də tikililərin ayrı-ayrılıqda ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir. Tikililərin hündürlüyü 3 metr təşkil edir. Qeyd olunur ki, yaşayış evlərinin, mənzillərin tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Mülki iş materialına əlavə edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin iki hissəyə ayrılması üçün, texniki pasportda göstərilmiş 3 və 4 saylı otaqları ayıran arakəsmə divardan, 1 saylı dəhliz və 7 saylı açıq eyvanın daxilindən keçməklə düz xətt boyunca divar hörmək lazımdır. Belə olan halda hörüləcək həmin divarın həm sağ tərəfindən, həm də sol tərəfindən tərəflər üçün ayrıayrılıqda giriş-çıxış qapısının olması müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən: 213.1. maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09.04.2019-cu il tarixli 2(105)-1602/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edildiyi 128.8 kvadrat metrdən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının hüquqi varisi Əliyev X6 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışla Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 ha yaşayış sahəsi İddiaçı adına 26.09.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********76-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 173 saylı reyestr kitabının 36 saylı vərəqində qeydiyyata alınmışdır. Hazırda, paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu həyata keçirməsində çətinliklər yarandığından iddiaçı daşınmaz əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021-ci il tarixli 10/1983 saylı rəyinə əsasən, tərəflərin ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən, sahəsi 128.8 kv.m olan yaşayış evinin tərəflər arasında təcrid şəkildə iki hissəyə bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini Mülki prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 kv.m olan fərdi yaşayış evinin naturada bölgüsü aparılmalıdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat bərabər hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 kv.m olan yaşayış evinin naturada bölgüsü aparılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov