Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1531/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22də yerləşən 1 saylı mənzilə dair istifadə qaydalarının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında olan rəsmi nikah Abşeron Rayon Məhkəməsinin 2(012)- 534/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Ona Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 228 nömrəli nikahın pozulması haqqında şəhadətnamə də verilmişdir. Belə ki, o, cavabdehlə birlikdə nikah dövründə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzili əldə etmişdir. Lakin həmin mənzilin heç bir sənədi yoxdur. Onu da qeyd edir ki, mənzilə dair bütün kommunal müqavilələr onun adınadır. O, cavabdehlə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzildə yaşayır. Onların aralarında olan rəsmi nikah pozulsa da, başqa yaşayış yeri olmadığı üçün həmin evdə yaşamağa məcburdur. Ev sənədsiz olduğu üçün o, əmlak bölgüsünə dair məhkəməyə müraciət edə bilmir. Cavabdehlə də aralarında olduqca kinli və qərəzli münasibət olduğu üçün anlaşa bilmirlər və evi öz istəkləri ilə satıb aralarında bölə bilmirlər. Onlar bir evin içində iki yad şəxslər kimi yaşayırlar. Münasibətləri gərgin fazadadır və onun evi tərk edib getməyi üçün cavabdeh əlindən gələni edir. Evdə hər gün söz-söhbətdir və münasibətləri dözülməzdir. O həmin mübahisəli evdə yaşasa da, evin sanitar qovşağından, mətbəxindən və digər otaqlardan istifadə edə bilmir. Mübahisəli ev onun zəhməti və əziyyəti ilə alınmışdır, lakin ev sənədsiz olduğu üçün öz haqqını tələb edə bilmir. Cavabdeh tərəfindən normal yaşayışına maneələr yaradılır. Onu da əlavə edir ki, bu ciddi məsələ ilə bağlı ilk əvvəl Bakı 13 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ona arayış və ödədiyi pulun qəbzi təqdim edilmiş və bundan sonra məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, cavabdeh evin qapısının hər dəfə bağlı olduğunu bildirmiş və buna görə də evə 2-ci giriş qapısı qoyulmasını istəmişdir. Qeyd edir ki, o, hər gün işə getdiyi üçün qapını bağlayıb gedir. Bundan əlavə qeyd edir ki, su, işıq və qaz sərfiyyatına görə olan məbləğlərin hamısını o ödəyir. Həmçinin bildirir ki, sözügedən evin sənədi yoxdur və o, 1988-ci ildə bu evdə yaşayır. Onların birgə nikahlarından 3 övladları anadan olmuş və sonradan dünyalarını dəyişmişlər. Cavabdehin əsas məqsədi onu bu evdən çıxartmaqdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-534/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1989-cu il tarixli 08 saylı Binəqədi Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi qət edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 5 Saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1875 saylı arayışdan müəyyən edilir ki, İsayev X2 rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzildə yaşayır. Beləliklə məhkəmə araşdırması zamanı və iddia ərizəsindən müəyyən edilmişdir ki, tərəflər 1989-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzildə yaşamışlar. Lakin evin hüquq müəyyənedici sənədi mövcud deyildir. Sonradan isə tərəflər arasındakı münasibətlər pisləşmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-534/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Nikah pozulsa da, tərəflər hazırda eyni mənzildə yaşayırlar və bu onlar arasında evdən istifadə ilə bağlı ciddi problemlər yaranmasına gətirib çıxarır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzilə dair istifadə qaydalarının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə iclasında tərəflərin izahatlarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, ev 22-də yerləşən 1 saylı mənzilin hüquqmüəyyənedici sənədi yoxdur və özbaşına tikilidir. Beləliklə, sözügedən mənzilin hüquqmüəyyənedici sənədi olmadığından, özbaşına tikili olduğundan iddiaçının evdən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Belə ki, mənzilə o halda istifadə qaydaları müəyyən edilə bilinər ki, həmin mənzil qanunla nəzərdə tutulmuş qaydada tikilməklə həmin tikili hüquqmüəyyənedici sənədlə tanınmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1531/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1531/2025
03.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver