Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1558/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan 2 otaqlı nömrəsiz mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzili 07 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında "xxxx" MMC-dən mənzilin dəyəri olan 50.500 manat pulu tam ödəməklə almışdır. Bir müddət sonra həmin ilin mənzili satmaq qərarına gəlmiş, bundan sonra ev satışı ilə məşğul olan vasitəçilərə müraciət etmiş, vasitəçi onu mənzili almaq istəyən X3 ilə tanış etmişdir. X3 ilə sözügedən mənzili 85.000 manata alq-satqısına razılığa gəlmişdir. Hacı razılaşdıqları məbləği 10-15 günə tam şəkildə ödəyəcəyinə söz vermişdir. Hacı vəd verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq onunla əlaqə saxlamamış və mənzillə bağlı ona heç bir ödəniş etməmişdir. Bundan təxminən 3 ay sonra tanışlarından biri ona zəng edərək, mənzildə təmir işlərinin aparıldığını bildirilmiş, o, mənzilə gedərək orada işləyən ustaların işi dayandırmasını tələb etmiş, ustalar isə bu mənzilin Qiyaməddin adlı şəxsə məxsus olmasını demişlər. Mənzildə təmir işləri aparan Qiyaməddinlə əlaqə saxladıqda o, bu mənzili Hacı adlı şəxsdən aldığını ona bildirmişdir. Bu barədə daha ətraflı araşdırma apardıqda ona məlum olmuşdur ki, Hacı saxta sənədlər əsasında ona məxsus mənzili halhazırkı iş üzrə cavabdeh olan Cavabdeh satmış, mənzilin açarını isə təmir işləri aparmaq üçün Qiyaməddinə həmin binada komendant vəzifəsində çalışan Hacının yaxın qohumu olan Nəsir adlı şəxs vermişdir. O, dəfələrlə cavabdehən mənzildə təmir işlərinin dayandırılmasını və mənzili boşaltmasını tələb etsə də, o, buna məhəl qoymamış, təmir işlərini tamamlayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini qəbul etmədilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, "xxxx" MMC və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzili 50.500 manat məbləğində pulu tam ödəməklə İddiaçı tərəfindən alınmışdır. Mülki işdə olan kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzilin dəyəri olan 50.500 manat məbləğində pul tam ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 07 avqust 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzili "xxxx" MMC-dan almış, müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir. Bununla da mübahisəli əmlak iddiaçıya məxsus olduğu üçün onun bu əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus mənzilə qanunsuz olaraq sahiblik etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh dair hissədə əsaslı olmaqla təmin edilməli və o, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzildən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbi cavabdehin ailə üzvləri hissəsində dəqiq deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Məmmədov X1 Pərviz Elçin oğluna məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1558/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1558/2025
29.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver