Məhkəmə qərarları › İş №2(012)-1562/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1562/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1562/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və azyaşlı övladları - 26.11.2011-ci il təvəllüdlü X6 qızı, 01.05.2014-cü il təvəllüdlü X4 qızı və 03.07.2016-cı il təvəllüdlü Rüstəm-X8 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzil çıxarışla onun adınadır. Həmin mənzili o, 2020-ci ilin sentyabr ayında alğı-satqı yolu ilə əldə etmişdir. Onun mənziində qeydiyyatda olan 9 nəfərdən 5-i qeydiyytdan çıxmış, 4 nəfər isə qalmışdır. Artıq mənzil ona məxsus olduğu üçün cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, o, oğlu və oğlunun ailəsiylə birlikdə qaynı Rüstəmov Yusifə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzildə yaşayırdılar. Lakin qaynı həmin evi iddiaçıya satmışdır. Onlar mənzilin satılmasına razılıq vermişlər və mənzildən çıxacaqlar. Onlar bu evdə 10 ildir ki, qeydiyyatdadırlar. Qeydiyyata düşməyə başqa yerləri olmadığına görə çıxa bilməmişlər. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, onlar əmisinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzildə 2010-cu ildən qeydiyyatdadırlar. O, Polis İdarəsində qeydiyyata düşmək istəyəndə ona bunun üçün məhkəmə qətnaməsinin lazım olduğunu bildirmişlər. Hazırda kirayədə qalırlar. Cavabdeh2 məhkəmədə digər cavabdehlərin izahatına uyğun izahat verdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən, ümumi sahəsi 91.20 kvadratmetr olan 21 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 05.10.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 14.01.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı ilə birgə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X6 qızı, X4 qızı və X9 oğlu da qeydiyyatdadırlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzili İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 14.01.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X6 qızı, X4 qızı və X9 oğlu da qeydiyyatdadırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X6 qızı, X4 qızı və Rüstəm-X8 mənzil üzrə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və azyaşlı övladları - 26.11.2011-ci il təvəllüdlü X6 qızı, 01.05.2014-cü il təvəllüdlü X4 qızı və 03.07.2016-cı il təvəllüdlü Rüstəm-X8 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 17 B-də yerləşən 21 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar