Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1566/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «işə bərpa və buraxılmış məcburi müddətlə üçün əmək haqlarının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 21.09.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilmməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla cavabdeh "xxxx" MMC arasında 01.10.2011-ci il tarixində əmək müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən o, 23.07.2013-cü il tarixindən “Ehtiyat hissələri üzrə mütəxəssis” vəzifəsini icra etmişdir. Cavabdeh təşkilat onun işə gəlməməsini səbəb göstərərək 21.09.2021-ci il tarixində onun barəsində AR ƏMnin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq “Əmək müqaviləsinə xitam verilməsi” nə dair qanunsuz əmr imzalamışdır. Belə ki, onun səhhətində problem yaranması səbəbi ilə işə gəlməməsi "xxxx" MMC-nin səlahiyyətlisi tərəfindən bildirilmişdir. Bununla bağlı onunla "xxxx" MMC arasında qeyd edilənləri sübuta yetirən “whatsapp” yazışmaları mövcuddur. Göründüyü kimi, onun səhhətində problem olması səbəbi ilə işə gəlməməsi cavabdeh tərəfindən bildirildiyi halda onun barəsində qanunsuz əmr verilmiş, əvvəllər onun barəsində (əmrə qədər) hər hansı bir xəbərdarlıq, töhmət, şiddətli töhmət tətbiq edilməməsi nəzərə alınmamışdır. "xxxx" MMC-nin onun barədə verdiyi əmr AR ƏM-nin tələblərini kobud şəkildə pozmuş və qanuna zidd şəkildə müəyyən edilmişdir. O, “Mediasiya haqqında Qanun” tələbinə uyğun olaraq mediatora müraciət etmişdir. Lakin hər hansı bir barışıq əldə edilə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşma çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Pelnumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə məhkəmə qətnaməsi aşağıdakı tələblərə uyğun olmalıdır: 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 6.2-6.3. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. 6.5 Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas gördüyü maddi hüquq normaları, istinad etdiyi qanun və ya digər normativ aktlar adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə sübutların qiymətləndirilməsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Bütün bunlar bir daha onun işdən azad olunmağının qeyri-qanuni olmasını deməyə əsas verir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qeyd olunanlar həqiqəti əks etdirməyən faktlara istinad edildiyi üçün əmək hüquqlarımın kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə etirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhz, bu halın özü əmrdə əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşdən azad olunmamışdan əvvəl şöbənin rəhbərliyi tərəfindən hüquqları pozulmaqla qanunsuz olaraq ona qarşı təzyiq edilmiş və bütün bunlar onun DƏMX orqanlarına müraciətində öz əksini tapmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin “6-cı maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək fəaliyyəti zamanı yol verdiyim kobud səhvlər və hüquq pozuntuları haqqında əmrdə heç bir əsaslandırma təsbit edilməmişdir. Onun fəaliyyəti nəticəsində müəssisənin və va mülkiyyətçinin qanuni mənafeyinə, yəni onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfusuna heç bir ziyan dəyməmişdir. Əmrdə onun tərəfindən kobud səhvin və va hüquq nozuntusunun nədən ibarət olması, habelə əmək funksiyama daxil olan hansı işi xidməti) yerinə yetirmədiyim göstərilməli olduğu halda göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda hansı məlumatların göstərilməsi təsbit olunmuşdur. Lakin əmrdə işəgötürənin konkret hüquqi ünvanı göstərilməmiş və əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Məcəllənin 70-ci maddəsinin ç) bəndi göstərilsədə 72-ci maddədə göstərilən halların hec birinə istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr, sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsində qeyd edilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Konvensiyanın 14-cü maddəsinə görə ayrı-seçkliyin qadağan olunması bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli ızlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, "xxxx" MMC texnika və servis ilə məşğuldur. İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. İddiaçı işə ilk çıxdığı COVİD-19 ifeksiyasına yoluxduğuna dair şübhələri olduğu üçün gəlmədiyini bildirmişdir. Belə ki, iddiaçı bununla bağlı nə PCR testi nə dəki, həkim yoxlanışında olması ilə bağlı sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı izahatında departament müdirindən icazə aldığını bildirsə də, departament müdiri belə bir icazə verdiyini təkzib etmişdir. Belə bir icazə olsa belə, departament müdirinin işdən qalmaq üçün icazə vermə səlahiyyəti yoxdur və bu səlahiyyət yalnızsa şirkətin qanuni təmsilçisinə məxsusdur. Əlavə olaraq qeyd edir ki, şirkətdə ixtisaslaşmış kadrlar şöbəsi vardır, icazə lazım olduğu halda işçi kadrlar şöbəsinə yaxınlaşmalı və kadr şöbəsi isə şirkətin qanuni təmsilçisinin icazəsi ilə işdən qalmaq üçün işçiyə icazə verə bilər. Odur ki, "xxxx" MMC tərəfindən tərtib edilən əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunidir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi cəlb edilmiş X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, "xxxx" MMC-də 03 iyul 2020-ci ildən işləyir. O, işə başlayanda İQ məsələlər üzrə baş direktorun müşaviri, bir müddət sonra isə X3 Departamentinin rəisi təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru olmuşdur. İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə şirkətin rəhbərliyinə təqdimat yazmışdır. İddiaçı bununla bağlı “COVİD-19 PCR” testi verməli idi. İddiaçı isə nə test vermiş, nə də həkimə getmiş, üzrsüz səbəbdən 2 gün işdən qalmışdır. İddiaçı onunla yalnız telefon vasitəsilə əlaqə saxlayaraq özünü yaxşı hiss etmədiyini bildirmişdir. İddiaçı həkimə getdyini bildirsə də, rəhbərliyə rəsmi arayış təqdim etməmişdir. İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, 19.08.2021-ci ildə işə qayıtmış, 31.08.2021-ci ildə o, təqdimat vermiş və 21.09.2021-ci ildə işdən azad olunma barədə əmr verilmişdir. Bununla bağlı Təhlükəsizlik Departamentinin rəisi araşdırma aparmışdır. Şirkətdən azad olunma birbaşa şirkət rəhbərliyinin səlahiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, 1/306 №-li əmrdən görünür ki, "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru İddiaçı əmək müqaviləsinə 21.09.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi – özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, 1/306 №-li əmrdən görünür ki, "xxxx" MMC-nin X3 Departamentinin ehtiyat hissələri üzrə satış koordinatoru İddiaçı əmək müqaviləsinə 21.09.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “a” bəndi – özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsasən xitam verilmiş, iddiaçı həmin əmrin qanunsuz verilməsini iddia etsədə,lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bi mötəbər sübut təqdim edə bilməmişdir.Məhkəmə iclasında sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, İddiaçı 16 avqust 2021-ci il və 17 avqust 2021-ci il tarixlərdə heç bir üzürlü səbəb olmadan işə çıxmadığından "xxxx" MMC-nin direktoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə haqlı olaraq istinad etməklə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı onun barəsində "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş 21.09.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və buraxılmış məcburi müddətlər üçün əmək haqqlarının "xxxx" MMC-dən tutularaq ona tam şəkildə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1566/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1566/2022
28.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver