Məhkəmə qərarları › İş №2(012)-1577/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1577/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1577/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ona Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı tərəfindən 32086 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsi verilmişdir. Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evində qeydiyyatda olan cavabdeh onun nəvəsidir, cavabdeh hazırda evlidir və onun evində qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evində yaşamadığı halda qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun əmlakı üzərində sərəncam verməsinə və kommunal xərcləri ödəməsinə maneə törədir. Cavabdehin faktiki olaraq hazırda harada yaşaması barədə dəqiq məlumatı yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən 22.12.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evində qeydiyyatdadır. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 19.01.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evində qeydiyyatdadır. -Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi İddiaçı Əsədulla qızının adına mülkiyyət hüququ əsasında 16.01.2006-cı il tarixdə 4Ə-1-31 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. -X5, X6 və X2 tərəfindən tərtib olunmuş 12.03.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh həqiqətən də iki ildir ki Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçsi 17 saylı evdə yaşamır və köçüb getmişdir. Aktın doğruluğunu izmazaları ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına, təqdim olunmuş sübutlara əsasən qeydiyyatda olduğu Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, lakin xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifdə etməməsinə baxmayaraq daimi qeydiyyata qalmış və cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı məxsus mənzildən istifadə etməməsinə baxmayaraq formal olaraq evə qeydiyyatda alınmış, bu isə mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırır. Ona görə də iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus evə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. İstifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar