Məhkəmə qərarları › İş №2(012)-1616/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1616/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1616/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili-nümayəndəsi X6 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili- nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 110.000 manatın, borcun yubadılmasına görə vurulan maddi ziyan üçün 60.000 manatın, vurulan mənəvi zərərin əvəzi olaraq 20.000 manatın, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 05.08.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının ona verdiyi 110.000 manatı 05.08.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçı tərəfindən ona borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunsa da, cavabdeh borcunu qaytarmamışdır. Belə olan halda, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlkin İddiaçı “iddia ərizəsinə əlavə” ilə təqdim edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh borclu olduğu 110.000 manatın, borcun yubadılmasına görə vurulan maddi ziyan üçün 60.000 manatın, vurulan mənəvi zərərin əvəzi olaraq 20.000 manatın, habelə ödənilmiş dövlət rüsumu üçün 30 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə aralarındakı münasibətin faktiki halları fərqlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2015-ci ildən iddiaçının ünvan 1 ünvanında yerləşən evində yaşayır. İddiaçınin həmin mənzili cavabdehə satması barədə tərəflər razılığa gəlmişdir və aralarında formal borc müqaviləsi imzalanmışdır. Artıq 6 ildir cavabdeh iddiaçının evində yaşayır, lakin nə kirayə xərcini ,nə də evin alqı-satqısı üçün 110.000 manatı ödəməyib. Qarşılıqlı iddiaya əsasən 05.08.2017-ci il tarixli kredit müqaviləsi formal xarakter daşıyır və heç bir reallığı əks etdirmir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2015-ci ilin may ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən və cavabdehə məxsus həyət evini almaq qərarına gəlib və onunla həmin evi 110.000 manata əşyaları ilə birlikdə almağı cavabdehlə razılaşdırıb. Evin sənədləri ona göstərilib və hərşeyin qaydasında olduğu deyilib. O, cavabdehə 12.000 manat beh vərərək Türkiyəyə qayıdıb. Həmin ilin oktyabrında Türkiyədən qayıdanda evin əşyalarının aparıldığını görüb. Cavabdeh əşyaları yoldaşının aldığını və qaytaracağını bildirib. İddiaçı 1 ay ərzində cavabdehə behlə birlikdə 80.000 manat pulu hissə-hissə verib. Cavabdeh 1 həftə ərzində evi onun adına rəsmiləşdirəcəyini və 30.000 manat pulu da ondan alacağını bildirib. Lakin bir müddət sonra cavabdeh evin bankda girovda olduğunu, 30.000 manat pulun ödənildikdən sonra evin çıxarışını bankdan alıb onun adına rəsmiləşdirəcəyini bildirib. O, bankda cavabdehin adına 30.000 manat pulu ödəyib. Cavabdeh evi onun adına keçirəcəyi vədini versə də, onu icra etməkdən yayınmışdır. Bir müddət sonra isə cavabdeh çıxarışın surətini ona göndərərək evin onun adına rəsmiləşdirilməsi üçün əlavə 10.000 manat pul da istəyib. Hesab edir ki, onun iddiası əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi X6 da ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkil-nümayəndəsi X7 ilkin iddianı qəbul etmədiyini bildirib izahat verdi ki, aralarında pul vermək məsələsi olmayıb. Borc müqaviləsi formal olaraq bağlanıb və heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Mülki işin materiallarında olan 05.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 110.000 manat məbləğində borc verir, sonuncu isə pul məbləğini 05.08.2018-ci il müddətinə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilən **********65-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən evin hüquq subyekti Cavabdehdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İH başçısının Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan müəyyən edilir ki, həqiqətən də, İddiaçı Mehdiadad qəsəbəsi, N.Orduxanov küçəsindəki ev 30 ünvanında X2 və X4 ilə birgə yaşayır. Mülki işin materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən məktubdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ev “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və tutmaya yönəldilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 2015-ci ilin may ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən və cavabdehə məxsus həyət evini almaq qərarına gəlib və həmin evi 110.000 manata əşyaları ilə birlikdə almağı cavabdehlə razılaşdırıb, həmin məbləğ hissə-hissə cavabdehə ödənilib, iddiaçı isə elə həmin vaxtdan hal-hazıradək cavabdehin mülkiyyətində olan qeyd edilən evdə yaşayır. Ötən müddət ərzində evin iddiaçının adına rəsmiləşdirilməməsi bir tərəfdən evin ipotekada olması, digər tərəfdən isə cavabdehin iddiaçıdan əlavə olaraq 10000 manat pul tələb etməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanan 05.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 110.000 manat məbləğində borc verməsi, sonuncunun isə pul məbləğini 05.08.2018-ci il müddətinə qaytarmağı öhdəsinə götürməsi iş materialları ilə tam təsdiq edilir.Həmçinin, bunu hal hazıradək iddiaçının cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Orduxanov küçəsində yerləşən evdə 2015-ci ildən hal-hazıradək yaşaması təsdiq edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi 110 000 manat pul tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin 60 000 manat maddi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus 110 000manat məbləğində pulu cavabdeh 05.08.2018-ci il tarixədək iddiaçıya qaytarmalı olsa da, qaytarmamış, nə də mülkiyyətində olan qeyd edilən evin alqı-satrqısını onunla rəsmiləşdirməmişdir. Bununla da iddiaçıya məxsus pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd edilənlərdən göründüyü kimi cavabdeh iddiaçıya məxsus 110 000 manat pulu 05.08.2018-ci il tarixədək özündə saxladığından həmin vaxtdan iddia ərizəsinin məhkəməyə verildiyi 28.01.2021-ci il tarixədək cəmi 29 ay üçün 110 000manatın illik 5%-lə məbləği 13291manat təşkil edir ki, məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli 13291 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, işin yuxarıda müəyyən edilən hallarına hüquqi qiymət verərkən baş verənlərə əsasən, nə qeyd edilən 110 000manat məbləğində pulu cavabdeh iddiaçıya qaytarmamaqla, nə də evin alqı-satqısını iddiaçının adına rəsmiləşdirməməklə cavabdehin iddiaçıya mənəvi zərər vurması qaçılmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. X5 10-cu bəndinə əsasən mənəvi zərərin miqları işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntılrının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə, işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək mənəvi zərərin ağlabatan məbləğinin 5000manat müəyyən edilməsini ədalətli hesab edir .Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi 05.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 110.000 manat məbləğində borc verir, sonuncu isə pul məbləğini 05.08.2018-ci il müddətinə qaytarmağı öhdəsinə götürsə də, borcalan olaraq cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. MM-nin 421.3 maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilən faktiki hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddia tələbi 05.08.2017-ci il tarixli kredit müqaviləsinin ləğvi hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, mülki işin materiallarında olan 05.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 110.000 manat məbləğində borc verir, sonuncu isə pul məbləğini 05.08.2018-ci il müddətinə qaytarmağı öhdəsinə götürür.Müqavilə tərəflərin razılığı ilə könüllü bağlanmışdır.Əqd bağlanarkən qanun pozuntusuna yol verilməmişdir.Həmçinin, əqdin etibarsızlığına səbəb olan hər hansı hal məhkəmədə müəyyən edilməmiş, qarşılıqlı iddianın dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdiriiənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edirki ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilməli,Cavabdeh əsas borc olaraq 110.000 manat, maddi ziyan üçün 13 291 manat, mənəvi zərər üçün 5000 manat, rüsumun əvəzi olaraq 20 manat olmaqla, cəmi 128.311 manat məbləğində pul tutulmalı, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc olaraq 110.000 manat, maddi ziyan üçün 13 291 manat, mənəvi zərər üçün 5000 manat, rüsumun əvəzi olaraq 20 manat olmaqla, cəmi 128.311 manat məbləğində pul tutulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar